Komandan təlimlərin məqsədini açıqladı: 1000 nəfər şəxsi heyət, 43 gəmi...

Komandan təlimlərin məqsədini açıqladı: 1000 nəfər şəxsi heyət, 43 gəmi...

"Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycanın ərazi sularında ölkənin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturlarının müdafiəsi, mühafizəsi, bununla yanaşı sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən bu gündən etibarən təlimlərə başlanılıb".

Qaynarinfo xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov açıqlamasında deyib.

O bildirib ki, təlimlərdə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstələri, döyüş təminatı gəmiləri, təminedici gəmilər dəstəsi iştirak edir: "Təlimin əsas məqsədi gəmi taktiki qruplarının müxtəlif şəraitlərdə döyüş hazırlığı fəaliyyətlərinin təşkil olunması, birgə əməliyyat planlarının işlənilməsi, şəxsi heyətin dəniz vərdişlərinin təkmilləşdirilməsi, gəmi taktiki qruplarının və gəmilərin tək-tək döyüş hazırlığının və onların qarşılıqlı fəaliyyətinin yoxlanılması və bir neçə tədbirlərin həyata keçirilməsidir".

"Bu gündən başlanılan Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə taktiki təlimlərində 1 000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və katel, 2 helikopter iştirak edəcək" deyə Sübhan Bəkirov bildirib.

Onun sözlərinə görə, təlimlər üç mərhələdən ibarət olacaq: "Əsas birinci mərhələdə komanda məntəqənin gəmidə yaradılması, gəmilərin əsas baza məntəqsindən çıxışı, patrullama əməliyyatları həyata keçirmə, ikinci mərhələdə əsas döyüş tapşırıqlarının yerinə yetirilməsi, suüstü hədəflərin, minaların vurulması və digər tapşırıqlar həyata keçiriləcək. Üçüncü mərhələdə isə əsas qəzaya uğramış gəminin xilas edilməsi, terrorçular tərəfindən zəbt edilmiş gəminin xilas edilməsi və s. tapşırıqlar olacaq".

Qeyd edək ki, təlimlər 22-23 iyun tarixlərini əhatə edəcək.
X
XƏBƏRLƏR
BLOGLAR