XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Komitə üzvlərindən De Byaziyə reaksiya: "Komandanı məğlub hesab edirsənsə..."
İdman14:00 31.08.2021

Komitə üzvlərindən De Byaziyə reaksiya: "Komandanı məğlub hesab edirsənsə..."

"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Belə qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".
Bu sözləri millimizin baş məşqçisi Canni De Byazi bir neçə gün öncə "Biancocelesti" telekanalına açıqlamasında yığmamızın DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən söyləmişdi. Yığmanın durumu il bağlı bədbin etiraflarla gündəmə gələn italyan mütəxəssisin fikirləri Azərbaycanda birmənalı qarşılanmadı. Düzdür De Byazi müəyyən mənada reallığı söyləyib. Ancaq onun açıqlamalarının yığmaya mənfi təsir edə biləcəyini, ümumiyyətlə, məşqçinin belə sözlər söyləməsinin doğru olmadığını düşünənlərin sayı az deyil. 
Bu məsələ ilə bağlı AFFA-nın Məşqçilər Komitəsinin üzvləri də fikirlərini bildirib. Mütəxəssislər Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
Şahin Diniyev: 
- De Byazini tanıdığım və bir neçə dəfə ünsiyyətdə olduğum üçün xarakterinə, danışığına bələdəm. O, maksimalist, iddialı və hər şeyin çoxunu istəyən bir insandır. Yəni, qrupdan çıxmaq kimi iddiaları var. Xatırlayırsınızsa, açıqlama vermişdi ki, "Albaniya qrupdan çıxıbsa, niyə Azərbaycan da bunu etməsin?" Ona görə də inanmıram ki, tanıdığım bu adam belə bir şey desin. Jurnalistlərin də tərcümə zamanı təhrifi ola bilər. Bu illər ərzində ondan heç vaxt milli ilə bağlı bədbin proqnoz eşitməmişəm. Hər komandadan və futbolçudan maksimum danışmalısan. Moldova ilə oyundan sonra onun nə vəziyyətdə olduğunu gördüm. Özünəqapanma vardı, məğlubiyyəti yaşayırdı. Onun dediklərini mən də oxudum, belə insanların pessimist danışması həqiqətən inanılmazdır. Şəxsən onun dediklərinə inanmıram. Düzdür, reallıqdan qaçmaq olmaz. Mən hazırda yığmada işləmirəm, ona görə də deyə bilərəm ki, bəli, həqiqətən Lüksemburq, Portuqaliya, Serbiya, İrlandiya bizdən güclüdür. Bu, qaçılmaz faktdır. Ancaq bir şey var ki, heç nədən asılı olmayaraq, oyun 0:0-dan başlayır. 90 dəqiqə mübarizə aparmaq gücündəsən. Təkcə De Byazini nəzərdə tutmuram, istənilən məşqçinin belə açıqlama verməsi futbolçuların psixologiyasına təsir edə bilər. Uğura inanmırsan, komandanı məğlub hesab edirsənsə, artıq futbolçuların meydana çıxmasında problem yaranır. Gəminin kapitanı okeana çıxırsa, təlatümlər, böyük dalğalar, qasırğalar görəcək. Nə qədər problemlər görsə də, kapitan gəmini batmağa qoymamalıdır. Yəni bunu futbolda olan təzyiqlərə bənzədirəm. Azərbaycan mübarizə aparmalıdır. Əvvəlcədən məğlubiyyəti qəbul edirsənsə, meydana çıxmağın nə mənası var?
Bir nüans deyim. Bu gün Azərbaycan yığmasına ən ideal heyət yığılıb. 3 futbolçumuzun legioner həyatı yaşaması, üstəlik komandalarında "İlk skripka"lardan biri olmalarını nəzərə alsaq, bu gün millimiz pessimistlik yaratmır. Heç vaxt bu qədər legioner futbolçumuz olmayıb. Bəli, başqa ölkələrdən İsrafilov kimi futbolçuları gətirirdik. Mahir Emreli, Namik Ələskərov, Vüsal İskəndərov, Anatoli Nuriyev öz klublarında yüksək səviyyəli futbol göstərirlər. Digər tərəfdən "Qarabağ"ın yerli futbolçularla "Aberdin"i məğlub edib qrup mərhələsinə yüksəlməsi optimistlik yaradır. Ən yaxşı millilərdən birinə malikik və uğur qazanmaq olar. Reallığa baxanda, bəli, razıyam, Portuqaliyanı indiki heyətlə məğlub etmək mümkün deyil. Onların heyətindən 3-5 nəfər çıxsa belə, əvəzinə daha güclüləri gələcək. İnanmıram ki, o əlində olan "material"la pessimistliyə qapılsın. Bu bəlkə rəqibi yumşaltmaq, arxayın etmək üçün bir gedişdir. Ola bilər komanda daxilində tam başqa motivasiya var.
Ağasəlim Mircavadov: 
- Hər məşqçinin öz fikri var. De Byazinin açıq danışması yaxşı cəhətdir. Amma hazırda o, 5 deyil, 3-4-cü yerlər uğrunda mübarizə aparmağı düşünməlidir. Gərək sözlərinə bunu əlavə edərdi. Düzdür, reallıq da var. Biz hələ Lüksemburqla oynamamışıq. Onlara hər iki oyunda uduzsaq, başqa məsələ. Hazırda yığmamıza dəvət alan uşaqların üçü xaricdə oynayır. Namiq, Mahir və Antonu nəzərdə tuturam. Məndə olan informasiyaya görə, onlar komandalarında çox yaxşı oyun göstərirlər. Mahir qollar vurur, Namik əsas heyətdə çıxış edir. Anton müdafiəçi ola-ola fərqlənə bilir. Bu, yığmaya güc və həvəs gətirə bilər. Hər məşqçi futbolçuları ruhlandırmaq üçün onların arxasında dayanmalıdır. Yığma bir ailədir. O ailənin də başçıları, məşqçi ilə prezidentdir. Baş məşqçi futbolçulara istiqamətlə yanaşı ürək-dirək də verməlidir. Hər kəsin məqsədi olmalıdır. Məqsəd sonuncu yeri tutmaqdırsa, olmaz belə şey. İndi heyətə dəvət alan oyunçular, deyərdim ki, püxtələşiblər. Cavan uşaqların sayı artıb. O cümlədən yaşlı futbolçuların bəziləri hələ də yığmada oynamağa layiqdirlər. Məsələn, "Qarabağ"ın futbolçuları mərhələni çox gözəl şəkildə keçdilər. "Neftçi"nin yığmadakı üzvlərindən Emin Mahmudov bütün oyunlaı yüksək səviyyədə keçirdi. Real götürsək, zəifik. Amma bunu orta səviyyəyə yüksəltmək üçün məşqçilər korpusu addım atmalıdır. Federasiya hər cür şərait yaradıb. Qalır məşqçinin işi. "Qarabağ"da olan gənclər, deyərdim ki, yığmaya layiq futbolçulardır. Yetişiblər, daha da inkişaf edə bilərlər. İnanmıram ki, De Byazi bədbinliyə qapılsın. Çünki peşəkar məşqçidir. Belə məşqçilər hər zaman reallığı deyirlər. Amma futbolçulara da təsir etmək lazımdır. İnanın mənə, hazırda xaricdə oynayan futbolçularımız belə davam edərsə, qışa qədər daha bir neçə nəfər də gedə bilər. Çünki Azərbaycanın potensialına inanırlar. Yığma da onlar üçün fürsətdir. Çünki bütün Avropa görür. Biz bədbin olmamalıyıq. Həmişə yığmanın arxasında dayanmalıyıq. Məşqçilər Komitəsi olaraq daim yığmalarımızın yanındayıq. Bir qədər soyuqqanlı olmalıyıq. İnanın, yığmanın uğursuzluğu ən birinci mənə təsir edir, daxilimdə hirslənirəm. Aşağıda olmamaq üçün bu işləri görməliyik".
Yaşar Vahabzadə: 
- Açığı, onun dediklərini oxumamışam. Hər halda ümid etməliyik, futbolçularımıza inanmalıyıq. Qarşıda çətin üç oyun onları gözləyir. İnanaq ki, yaxşı oyun göstərərlər, xalların sayını artırarlar. Lüksemburqla oyunda nəticə qazanmaq olar. Sabahkı matçda meydançada əzmkarlıqlarını göstərməlidirlər. Lüksemburqla əvvəl oynamışıq, bizdən o qədər də yüksək səviyyəli komanda deyil. Onları məğlub etmək mümkündür. Bir qədər zarafat kimi alınır, bəlkə də baş məşqçi o sözləri deməklə rəqibləri "yatızdırmaq" istəyib. Hər halda heç bir məşqçi deməz ki, "mən sonuncu yer tutacağam". O sözləri deyibsə... Nə qədər güclü rəqiblə oynamasına baxmayaraq, futbolçuları ruhlandırmalıdır. Futbolda bəzən gözlənilməyən sürprizlər olur. Portuqaliya ilə oyundan öncə onları uda biləcəyimiz haqda açıqlama vermişdi. Elə oyunda da rəqib baş məşqçinin necə həyəcanlı olduğu görünürdü. Deyə bilmərəm ki, nə üçün baş məşqçi bu sözləri söyləyib. Yığmada hazırda nəsildəyişmə prosesi gedir. Gənclər var, onlara ümid bəsləmək, dəstək olmaq lazımdır. Fikrimcə, özlərini yaxşı tərəfdən göstərəcəklər".
Səbuhi Həsənov