XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Koneks Construction"un tenderdən-tenderə dəyişən üzü: Tikinti, geyim, təsərrüfat malları
Ekonomiks14:43 27.08.2026

"Koneks Construction"un tenderdən-tenderə dəyişən üzü: Tikinti, geyim, təsərrüfat malları

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi müxtəlif növ malların satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC seçilib. Qurum şirkətlə 235 049,04 manat məbləğində satınalma müqaviləsi bağlayacaq.

“Koneks Construction” son illərdə dövlət satınalmalarında kifayət qədər aktiv görünən şirkətlərdəndir. Şirkətin satınalma tarixçəsində diqqət çəkən əsas məqam isə fəaliyyət istiqamətlərinin genişliyidir. Belə ki, “Koneks Construction” bir tərəfdən təmir-tikinti işlərinin görülməsi üzrə iri məbləğli tenderlər qazanır, digər tərəfdən isə geyim, inventar və müxtəlif təsərrüfat mallarının satışını həyata keçirən təchizatçı kimi çıxış edir.

Şirkətin adında isə onun geyim, təsərrüfat malları və ya digər məhsulların satışı ilə məşğul olduğunu göstərən hər hansı ifadəyə rast gəlinmir. “Construction” sözü isə ingilis dilindən tərcümədə “tikinti” mənasını verir. Buna baxmayaraq, şirkət müxtəlif satınalmalarda tikinti və təmir işləri ilə yanaşı, tamamilə fərqli kateqoriyalara aid malların tədarükçüsü kimi də çıxış edir.

Bu məqam şirkətin fəaliyyət profili ilə bağlı müəyyən suallar yaradır. Eyni şirkətin həm iri həcmli tikinti-təmir işlərini həyata keçirməsi, həm geyim satması, həm inventar və təsərrüfat malları təchiz etməsi diqqət çəkən haldır. Xüsusilə də şirkətin adında bu fəaliyyət istiqamətlərindən heç birinin açıq şəkildə əks olunmaması maraq doğurur.

Məsələn, Bakı Dövlət Universiteti 2024-cü ildə “Koneks Construction” MMC ilə 952 092,43 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilə kabinet dəstləri, dolab, kreslo, stul və digər inventarların alınması ilə bağlı olub. Yəni şirkət bu dəfə tikinti podratçısı kimi deyil, inventar təchizatçısı kimi çıxış edib.

Şirkətin satınalma tarixçəsində geyimlə bağlı sifarişlər də var. Bu isə “Koneks Construction”un təkcə tikinti və təmir sahəsində deyil, geyim və digər malların satışında da iştirak etdiyini göstərir.

Digər tərəfdən, şirkət son illərdə milyonlarla manatlıq təmir-tikinti tenderlərinin də qalibi olub. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinin əsaslı təmir işləri üzrə 9,7 milyon manatdan çox dəyəri olan satınalmasında qalib seçilib. Bakı Dövlət Universitetinin 1 nömrəli tədris binasının əsaslı təmiri üzrə isə şirkətlə 23,49 milyon manatlıq müqavilə bağlanması nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından məlum olur ki, “Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-dir. Qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Şirkəti bundan əvvəl Osmanlı Vahid Cuma oğlu, daha əvvəl isə Xurşudov Samir Azad oğlu təmsil edib.

Açıq mənbələrdə həm şirkətin, həm də onun rəhbərliyində olmuş şəxslərin fəaliyyəti barədə geniş məlumatlara rast gəlinmir.

Bütün bunlarla yanaşı, şirkətin dövlət satınalmalarında iştirakı kifayət qədər genişdir. “Koneks Construction” müxtəlif qurumların keçirdiyi tenderlərdə bəzən tikinti-təmir işlərinin, bəzən inventarın, bəzən geyimin, indi isə müxtəlif növ təsərrüfat mallarının təchizatçısı kimi qarşıya çıxır. Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 235 049,04 manatlıq son tenderi də şirkətin bu geniş satınalma siyahısına əlavə olunub.

Şirkətin bu qədər fərqli sahələr üzrə dövlət sifarişləri əldə etməsi isə təbii olaraq sual yaradır: tikinti şirkəti kimi fəaliyyət göstərən “Koneks Construction”un eyni zamanda geyimdən tutmuş inventar və təsərrüfat mallarınadək bu qədər fərqli məhsulların təchizatını hansı maddi-texniki imkanlarla həyata keçirdiyi açıq mənbələrdə görünmür.

Seyid