İdman 08:26 21.10.2021

Konfrans Liqası: "Qarabağ" "Kayrat"a qarşı

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaq. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyilə Bakıya gətirilməyib.

Hazırda "Qarabağ" 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

Konfrans Liqası
Qrup mərhələsi
H qrupu, III tur

21 oktyabr
20:45 Qarabağ (Azərbaycan) - Kayrat (Qazaxıstan)
Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xal durumu: "Qarabağ" - 4, "Bazel" - 4, "Kayrat" - 1, "Omoniya" - 1.