Siyasət 17:15 10.10.2013

Konqresmenlərdən təbrik gəldi

ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır

ABŞ konqresmenləri İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik ediblər 

ABŞ Konqresinin ABŞ-Azərbaycan dostluq qrupunun həmsədrləri Bill Şuster və Stiven Kohen Azərbaycan prezidenti İlham Əliyevə yenidən prezident seçilməsi münasibətilə təbrik məktubu göndəriblər.

APA-nın xəbərinə görə, məktubda İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ kimi qiymətləndirilir.

Konqresmenlər ABŞ və Azərbaycanın ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malik olduqlarını bildiriblər: “Bizim ölkələr ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Biz Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm dəstəyini yüksək qiymətləndiririk. Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) “Cənub” qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır. ABŞ və Azərbaycanı müxtəliflilik, tolerantlıq, azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik. Cənab prezident, Azərbaycanın dostları olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq”.