Müştərinin evindən oğurluq edən Ağcabədi şəhərindəki "Kontakt Home" mağazasının əməkdaşına hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, İ.H. Ağcabədi şəhərində yerləşən "Kontakt Home" mağazasından evinə kreditlə kondisioner alıb.
"Kontakt Home"un əməkdaşları sözügedən kondisioneri qurlaşdırmaq üçün İ.H.-nin evinə gediblər. Kondisioneri ustalarından biri - 1999-cu il təvəllüdlü rayon sakini R.T. otaqda tək qalıb, bu zaman otaqdakı masanın üstündə qara rəngli cüzdanın olduğunu görüb. O, pulun olub-olmamasını müəyyən etmək üçün cüzdana baxıb. Pul qabının içərisində bir neçə sənəd və xeyli sayda 100 manatlıq pul əskinaslarının olduğunu görüb və onıarı oğurlamaq qərarına gəlib. Pul qabını gizlincə cibinə qoyub evin həyətində olan tualetə girib. Orada pul qabının içərisində olan pulu çıxarıb saymadan cibinə qoyub. Cüzdanı isə içərisində olan sənədlərlə birlikdə tualetə atıb.
Daha sonra heç nə olmamış kimi müştərinin kondisionerini "Kontakt Home"un digər əməkdaşı ilə qurlaşdırıb, evi tərk edib.
Ümumilikdə "Kontakt Home"un müştərisinə 2300 manat məbləğində maddi ziyan dəyib. Həmçinin ev sahibinin hərbi bileti, məcburi köçkün vəsiqəsi və döş nişanına dair vəsiqəsi ayaq yoluna atılmaqla ziyan dəyib.
Aparılan araşdırmadan sonra R.T. saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxs ona dəyən ziyanın ödənildiyini deyərək, təqsirləndirilən şəxsi bağışladığını bildirib.
Məhkəmənin qərarı ilə R.T. barəsində 1 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron nəzarət qolbağında gəzəcək.
Aydın
Şərhlər