Tələbələrə universitet illərində könüllülük fəaliyyətlərinə qoşulmaq tez-tez tövsiyə olunur. İş və ya təcrübə proqramına müraciət zamanı namizədin hansı könüllülük fəaliyyətlərində iştirak etməsi də nəzərə alınan meyarlardan biri ola bilər. Bu isə könüllülüyün tələbə həyatında yalnız ictimai fəaliyyət kimi deyil, gələcək karyera baxımından da əhəmiyyət daşıdığını göstərir.
Bəs tələbələrin könüllülük fəaliyyətlərinə qoşulması nə dərəcədə vacibdir? Könüllülük onlara hansı üstünlükləri qazandırır?
Təhsil eksperti Əmrah Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, universitet illərində könüllülük fəaliyyətinə qoşulmaq sadəcə vaxt keçirmək və ya diplomun üzərinə əlavə sertifikat toplamaq deyil, gələcək karyeranın ilk real bünövrəsini formalaşdırmaqdır:
“Bu gün əmək bazarının tələbləri artıq dəyişib. İşəgötürənlər yalnız namizədin akademik göstəricilərinə deyil, onun real iş mühitində özünü necə aparmasına, komandada işləmək və problemləri həll etmək bacarığına da diqqət yetirirlər”.

Ekspert vurğulayıb ki, tələbə auditoriyada nə qədər yüksək nəzəri biliyə sahib olsa da, real iş mühitinin stresini, məsuliyyətini və ünsiyyət dinamikasını yalnız praktiki fəaliyyət zamanı öyrənə bilər:
“Könüllülük də məhz bu keçidi təmin edən ən təhlükəsiz və effektiv vasitələrdən biridir. Könüllülük tələbəyə, ilk növbədə, geniş əlaqələr şəbəkəsi qazandırır. O, müxtəlif layihələrdə öz sahəsinin peşəkarları ilə tanış olur, özünü göstərmək və bacarıqlarını nümayiş etdirmək imkanı qazanır. Bu isə tələbəlik illərində belə gələcək işəgötürənlərin diqqətini cəlb etməyə şərait yarada bilər”.
Əmrah Həsənli hesab edir ki, digər mühüm üstünlük zamanın idarə edilməsi, böhran vəziyyətlərində çevik qərarvermə, liderlik və təqdimat bacarıqları kimi yumşaq bacarıqların formalaşmasıdır.
Ekspertin sözlərinə görə, könüllülük fəaliyyəti tələbələrin məzun olduqdan sonra əmək bazarına daha asan uyğunlaşmasına da kömək edir:
“Şəxsi müşahidələrim göstərir ki, tələbəlik illərində aktiv könüllü fəaliyyət göstərən gənclər məzun olduqdan sonra iş mühitinə daha tez adaptasiya olunurlar. CV-də konkret fəaliyyət və nəticələrlə göstərilən könüllülük təcrübəsi də namizədin təşəbbüskar, məsuliyyətli və öz üzərində işləməyə açıq olduğunu nümayiş etdirən mühüm göstəricilərdən biridir”.
Şəbnəm İbrahimxəlilova
Şərhlər