İdman 13:14 18.01.2022

"Konyaspor" qəzada ölən futbolçusunun maaşı ilə bağlı qərar verdi

"İttifak Holdinq Konyaspor” qəza nəticəsində dünyasını dəyişən Ahmet Çalıkın əməkhaqqısı ilə bağlı qərar çıxarıb.

Qaynarinfo xəbər verir ki, klub onun müqavilə ilə razılaşdırılmış maaşını mövsümün sonuna qədər ailəsinə ödəyəcək.

Ankarada doğulan və "Gənclərbirliği"nin infrastrukturunda böyüyən Ahmet Çalık indiyədək "Gənclərbirliği" və "Qalatasaray"da çıxış edib. O, 2020-ci ildə "Konyaspor"a transfer olunub. 2021-ci ildə isə klubla müqavilə müddətini daha 3 illik uzadıb.

Bir neçə gün öncə Ankara-Niğde magistral yolu ilə hərəkətdə olan futboçunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Qəzadan sonra 27 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Klub Ahmet Çalıkın adını stadionun bir hissəsinə verməklə onu yaşatmağı planlaşdırır. Digər tərəfdən gənc futbolçunun geyindiyi 6 nömrəli formanın əbədiləşdirilərək klub muzeyinə qoyulması nəzərdə tutulub.

Səbuhi Həsənov