Karantin gündəliyi - Birinci yazı

Karantin gündəliyi - Birinci yazı

Nazlı Ağayeva

...Və o yerə gəlib çatdıq ki, insanlar bir-birindən ən az iki metr aralı dayanmalıdırlar. Kənd-kənd, şəhər-şəhər, ölkə-ölkə ayrı düşməklər var hələ. Həm də bu ayrılıqlar başqa bir ayrılıqlardı. Cibində pulun, başında ağlın ola-ola çatıb qovuşa bilmədiyin əzizlərindi.
Düzənimizi dəyişib, azadlığımızı əlimizdən alan dünyəvi təhlükənin bir addımlığında filosofluq etmək gülünc olardı. Sadəcə hamımız "elnən gələn bəla toy-bayramdı” təsəllisinə köklənib vəziyyətə uyğunlaşmağa çalışırıq. 

Mümkünsüz dərəcədə çətindir. Tövsiyyə edilən qaydaları nümunəvi şagird kimi ciddi-cəhdlə yerinə yetiririk. Təmkinli görünmək cəhdi, baməzəlik çabası içimizdəki təlaşı, təşvişi gizlətməyə yetmir. Yenə tərəddüdlər, şübhələr var. Bəlkə virusdan qorunmaq üçün daha çox səy göstərmək lazımdı? Hər şey qaydasındadırmı görəsən? Və sairə suallar olan-qalan immunitetimizin anasını ağladır.

Hələ dəyərlərin, münasibətlərin qəfil dəyişməsi bir ayrı dərddir ki, bu daha evə-zada sığan şey deyil. Mən məsələn, "evdə qal” çağırışına əməl etmək üçün doğulduğum kənddəki altmış il əvvəlki evimizə getdim. Hərçənd qalmaq üçün artıq ora da uyğun deyildi, amma o evdən pöhrələnib çıxan dağ kimi qardaşlarım, onların törəmələri vardı. Evində qalmaq üçün ən zəif bəndi seçdim. Ehtiyac olsa, ətrafda güclülər vardı. 

O güclülərdən ən böyüyünə zəng vurub getmişdim kəndə. Ondan kiçiyi paytaxtda xəstə nəvəsi ilə uğraşır aylarla. Uşaq aylardır kəskin leykoz diaqnozu ilə xəstəxanadadır və bunun nə demək olduğunu Azərbaycan vətəndaşına izah etmək artıq şeydi. Azərbaycan vətəndaşı demişkən...
Hər dəfə Bakıdan qayıdanda qonşu xalturşikin cibini də "silib-süpürüb” Şamaxinkadakı kafeyə qoyurdum. Nisyə səfərlərin pulunu sonra düzüb-qoşurdum. Bir dəfə borcumu da kafeyə qoyulası pulun üstündə verdim qonşu Səbuhiyə. Çatanda zəng vurdu ki, uşağın əmanətinin üstündən götürə bilmərəm. Əskik demə məbləği, götürüləndə çaşqınlıq olmasın. Bizlər üçün xeyli sayılan o pulun üstündən onca manat götürməyə əli gəlməmişdi. "Xalturşik milləti” deyə ötüb keçməyək... Nə qədər təkid etdimsə, növbəti dəfə o yol pulunu ona verə bilmədim. O vaxta qədər eşitmədiyim qüssəli  səslə dedi ki, "Onsuz da bir şey deyil, Nazlı xala, üzümə vurma”. Olmayan o bir şeydən ötrü yayın cırhacırında, qışın şaxtasında saatlarla ayaqüstə dayanıb əli zənbilli hər kəsin dalınca qaçan o gənc də belə "ahıllanıbmış”...      

Böyük qardaşıma zəngdə qalmışdım deyəsən. Çox müsbət qarşıladı. Yüngülləşdim. Və hətta buna görə özümü qınadım da. Ən kiçik bacısını ağır günlərdə himayəsinə almayacaqdımı? Üstəlik bizimki bacı-qardaşlıqdan ötən bir şeydi. Canım qardaşım mənim... 
Bir çətin iş demişdi uzun illər əvvəl. Özümü "həlak edib” hər şeyi bir həftəyə düzəltdim. Zəhmindən atama oxşayan yaraşıqlı kişinin sonbeşik bacısı olaraq məni buyurmağından nə qədər sevinmişdim... 

Kənddə olduğum müddətdə hər an gözüm qapıda qaldı. Nigaran qalıb özüm zəng vuranda bir az nasaz idim, dedi. Şükür, daha səsi gümrahdı. Evində qaldığım "uşaq” da əlimdə böyümüşdü. Mələk kimi bir gəlin iki şirin qızcığazın gözünə qatıb bitməz işin-gücün qabağında hər an mənim də qulluğumdaydı. Təzəbinə ailənin onsuz da çətin düzənini pozmaq əzab verirdi. İnternet yox, ünsiyyət yox, əlim-qolum bağlı. Kəndimiz divarlara şeir yazan balaca qızı unutmuşdu deyəsən. Elə qardaşım da. Mən maymaq isə otuz illik ayrı düşməyin riskini hesablamaq qədər böyüməmişəmmiş...   
 
*
Dəfələrlə nəfəs-nəfəsə gəldiyim ölümdən üşənmədiyimi deyə bilmərəm. Amma bəzi sıxıntılar adamı diri-diri öldürür. Və bütün təhlükələri də. Kəndimə qayıtmaq "kəndimlə” bərabər içimdəki xofu da öldürdü. Düşünürəm, isbatlı bir məmur olsaydım, ab-hava başqa olacaqdımı? Amma on üç əvvəl düşdüyüm qəza zamanı həmin qardaşım özünü xəstəxana divarlarına çırpırdı axı. Onda bundan daha çılpaq müxalifət idim. Deməli, səbəb başqadır.
Dəhşətli qəzaları, qanlı müharibələri adiləşdirən o səbəb qanımızı dondurub beynimizi qarışdıran koronavirus adlı təlaşdır. Ki, üstəlik risk qrafasında olmaq bu təlaşı yenilməz edir. Əlbəttə, istisnalar hər zaman vardır, hələlik sadəcə istisnalar... 

"Qoca və dəniz”dən sonra "Mən və karantin” deməyə utanır adam... 

Artıq son zamanlar tez-tez mövzuya gətirib şikayətləndiyim ünvandayam. Bütün çətinliklərə rəğmən doğma, məhrəm yuvada... Bu evdə illərlə yaşadığım gözəl xatirələrin sehrli şəraiti dəyişib, həyatı asanlaşdırıb sanki. Otuz illik rəfiqəmin dünyaya gətirdiyi və bir övladın anası üçün edə biləcəklərinin hamısını mənə də doya-doya yaşadan İlham Dostuxanın yanında ruhum sakit, canım ağrısızdı. O qədər ki, hətta evdə qalmaqla qalmayıb, xörək-şirniyyat məsələlərinə girişmişəm.   

Qonşu ekizlər, şəhərimizin təmizlik simvolları Sevda-Sevinc bacılarının şəfqət, sayğı dolu əhatəsində olmaq da bir ayrı rahatlıqdır. İşləri dondurulmuş sadə, mehriban qızların təbii varlıqları bizim qədim evə işıq və isti gətirir. Günəş kimi...
Bu karantin mənə qeydsiz-şərtsiz güvənməyi öyrətdi. Sevdiyiniz adamlar güvənə biləcəyiniz adamlar olmaya bilərlər. Güvəndiyiniz adamların testə ehtiyacı yoxdur... 

Bu arada kəndimizdən və qardaşımdan küsüb qayıtmadım. Evimizdən ötrü darıxmışdım. İlham da olandan sonra ev deyil, lülə ədəbi mühitdi. Sadəcə yazmaq qalır...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR