Sağlamlıq 16:14 10.03.2020

Koronavirus: Qəsdən yaradılan xof dalğası...

Bu gün bütün dünya Çində ortaya çıxan yeni növ koronavirusla mübarizə üçün səfərbər olub. Bir tərəfdən epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülərkən, digər tərəfdən iqtisadiyyat böyük təsirə məruz qalır. Dünyanı ağuşuna alan panika, xof dalğasının qlobal təsirləri virusun özündən qat-qat artıqdır. Koronavirus səbəbindən hazırda dünyanın bir çox ölkələrində aviaşirkətlər, turizm böhran vəziyyəti yaşayır. 

Belə məqamlarda daha təhlükəlisi isə bu haqda yanlış informasiyaların, panikaya səbəb olan məlumatların emal edilməsidir. Vaxtaşırı dünyada bu tip hadisələr olub. Onlardan bəzilərini təqdim edirik.

2012-ci il, noyabrın ortaları...



Bu il bir çoxlarının yadındadı. Dünyada, eləcə də Azərbaycan paytaxtında böyükdən kiçiyə hər kəsdə bir xof, bir qorxu var idi. Hamı 21 dekabra hazırlaşırdı. Mayya təqvimləri, Nastrodamusun öncəgörmələri, Vanqanın fərziyyələri, Tibetin yüksəkliklərində yaşayan bir kahinin yuxusu... Dünya mediası 1 ay boyunca vaxtaşırı bu tip informasiyaları istehsal edirdi. Dünyanın sonu gəlir, planetimiz qaranlığa qərq olacaq, ərzaq tapılmayacaq və s.

Bəziləri hətta son günlərini yaşayırlarmış kimi banklardan böyük məbləğlərdə kreditlər götürür, ciddi-cəhdlə 21 dekabr üçün tədbirlər görürdü

Bir millətin ən böyük bədbəxtliyi bəlkə də cəhalətdədi. Bütün dövrlərdə olduğu kimi həmin günlərdə də ard-arda şayiələr yayılır, məsləhət verən əmilər, dayılar, xalalar ortaya çıxırdı...

Şam alın, su toplayın, ərzaq ehtiyatı görün, nə bilim kəndlərə gedin və s. kimi fikirlər var idi.

Sanki dünyanın sonu gələndə işıqlı dünyaya çıxışımız üçün son çarə şam olacaqdı. Mağazalar boşalır, süni qiymətlər yaranır, şam qara bazara düşürdü. Boş qalmış soyuducular, ərzaq otaqları ağzına qədər dolur, mağazalar boşalırdı.

Nəticə? - heç nə. Dünya qaranlığa qərq olmadı, planetimiz də dağılmadı. Amma həmin vaxt alınan şamlar hələ də bəzi evlərdə qalmaqdadır.

Quş və donuz qripi...



Xəstəlik və viruslar bir az fərqli olsa da, ondakı panika və süni xof da elə 21 dekabr hadisələrində olduğu kimidir. Heç kəs quş qripini, donuz qripini danmır. Vaxtaşırı bu xəstəliklər dünyada yayılır, buna yoluxanlar, həyatını itirənlər də olur. Amma çarə quş ətindən tamamilə imtina etmək, səhər-axşam spirtlənmək, növbənöv maska almaq, yaxud da həyətdəki toyuqları kütləvi şəkildə öldürməkdirmi? Təbii ki, yox. Heç mütəxəssislər də bunları demir. 
Bütün bunlar "Ögey ana" filmində Nəsibə Zeynalovanın "Sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırrıp kəsilsin..." məsləhətlərinə bənzəmirmi? Bəlkə də onun nəyəsə xeyri var, xalq təbabətini tamamilə danmaq da olmaz. Amma quş qripinə, donuz qripinə, yaxud da elə koronavirusa nəsə bir təsiri olacağını zənn etmirəm.

Toyuqların öldürülməsini nahaq yerə qabartmadıq. Panika o qədər geniş idi ki, quş qripinin yayıldığı ilk vaxtlarda bəzi yerlərdə mövsümi toyuq xəstləliklərini də quş qripi ilə əlaqələndirib, ev quşlarını kütləvi surətdə qırırdılar. Maskaların qiyməti bahalaşır, işbazların bazarı böyüyürdü. 

Bu ajiotaj yalnız əczaçılıq firmalarının deyil, "donuz qripi"nə qarşı sınaqdan çıxarılmamış zərdabların istehsalı ilə məşğul olan ölkələrin də varlanması məqsədini daşıyırdı. 

Baş verənlərin fonunda belə bir sual yaranır: ümumiyyətlə, yayılan virusdur, yoxsa ajiotaj? Sonuncu daha ağlabatan görünür.

Çünki Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, adi mövsümi qrip hər il dünya üzrə iki yüz əlli mindən beş yüz minə qədər insanın ölümünə səbəb olur, ona yoluxanların sayı isə üç milyondan beş milyona qədər dəyişir. Və çoxları artıq yavaş-yavaş başa düşməyə başlayırlar ki, "donuz qripi", "quş qripi", koronavirus sadəcə, immuniteti zəif olanların ölümünə səbəb ola bilər...
 
Çingiz Səfərli