Ölkə 16:55 14.11.2017

Kosmos Fatehlərinin Sərkərdəsi - FOTO

Ayın, Günəşin, ulduzların, bütövlükdə Səmanın sirli aləmi ilə tanış olmaq min illərlə insanların arzusu, münəccimlərin hədəfi idi. İnsan müqəddəs Allaha dua edib, nə isə diləyəndə də üzünü göylərə tutub.

Fəzanı tədqiq etmək üçün insanın göylərə ilk səfəri XX əsrin II yarısında baş verib. O dövrdə dünyanın super güc ölkəsi olan SSRİ-də həyata keçirilən bu fövqəladə hadisə bütün bəşəriyyəti heyrətə gətirdi. Sonrakı 10 illiklərdə biri-birinin ardınca Sovetlər İttifaqından kosmik hava gəmilərinin uçuşu necə baş verirdi? Bütün bu uçuşlara kim rəhbərlik edirdi? Dünyanı heyrətə gətirən o şəxs kim idi? Yarım əsrə yaxın adı məxfi saxlanılan şəxsiyyətin kimliyi yalnız Sovet İttifaqının süqutuna yaxın bəlli oldu. Lenin, Stalin və SSRİ dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, pilotlu hava gəmilərinin uçuşlarına nəzarət edən Dövlət Komissiyanın sədri Kərim Kərimovun adı hər bir azərbaycanlıya qürur bəxş etdi. 

General-leytenant Kərim Kərimov əslən İçərişəhərlidir. 14 noyabr 1917-ci ildə Abbasəli kişinin ailəsində doğulub. Abbasəli Kərimov Sankt-Peterburq Texniki Universitetinin mühəndislik fakültəsini bitirib. Anası - Sürəyya xanım Gimnaziya məzunu idi. Ana babası - Əsədulla kişi Hacı Zeynalabdin Tağıyevin yaxın çevrəsinə daxil idi. İndiki Nizami bağından ta Konstitutsiya Məhkəməsinə qədər ərazidə Əsədulla bəyin manufakturaları yerləşirdi. Bundan əlavə, Əsədulla bəyin şirkəti xarici məmləkətlərdə zövq ilə işlənmiş qiymətli ev avadanlıqları və mebelləri Azərbaycana idxal edirdi. Sürəyya xanım cavanikən dünyasını dəyişdi. Babası Əsədulla bəy nəvələrini öz öhdəsinə götürdü. 3 qardaşdan böyüyü Kərim, ortancılı Mustafa, kiçiyi Süleyman idi. Əsədulla bəy nəvələrindən heç nə əsirgəmirdi, onları savadlı, ağıllı görmək istəyirdi. Xüsusi ilə böyük nəvəsi Kərimi ruhani alim yetişdirmək istəyən Əsədulla bəy onu 5-6 yaşlarında Mədrəsəyə oxumağa göndərdi. Kərim bir müddət burada oxudu. Ərəb-fars dillərinə yiyələndi. İslam dininin hikmətləri ilə yaxından tanış oldu. Lakin qəlbindəki radiotexnik olmaq arzusu daim onu narahat edirdi. Müxtəlif cihazlar və texniki vəsait alıb, yeniyetmə vaxtlarında radioqəbuledici hazırlayırdı. Babası ağıllı adam idi, Kərimin arzularına mane olmadı. Kərim onilliyi bitirəndən sonra Gəncə şəhər radio qovşağında çalışmağa başladı. 1936-1939-cu illərdə Armavir Sənaye İnstitutunu, 1942-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1943-cü ildə F.Derjinski adına Artilleriya Akademiyasında təhsilini bitirdi.
 


Kərim Kərimovun ortancıl qardaşı Mustafa Kərimov tanınmış Sovet türkoloqlarından biri idi. Moskva şəhərində yaşayırdı. Türkologiya üzrə bir sıra elmi məqalələrin müəllifi idi. Mustafa Kərimov eyni zamanda zəngin Türk ədəbiyyatını rus dilinə tərcümə edərdi. Yaşar Kamalın "İncə Məmməd” əsərini məhz Mustafa Kərimov tərcümə edib, rus oxucularına təqdim etmişdi. Türkoloqların Vyanadakı Konfransından Moskvaya dönərkən Mustafanın olduğu təyyarə qəzaya uğrayıb. Kərim Kərimovun kiçik qardaşı Süleyman Kərimov hərbi məktəb bitirmişdi. Müharibənin ilk dövründə Ukrayna cəbhəsində Lvov şəhərinin ətrafında qəhrəmancasına həlak olub. 

Generalın həyat yoldaşı Zəhra xanım Hənifə qızı bütün ömrünü ona həsr etmiş, Kərim Kərimovun problemləri ilə yaşamış, uğurlarına sevinmişdir. Bir neçə il bundan əvvəl dünyadan köçən qızı Sürəyya da elm sahəsində böyük uğurlar əldə etmişdi. O, texnika elmləri doktoru idi. 
Müharibə dövründə Kərim Kərimov Moskva Hərbi zavodlarının istehsal etdiyi "Katyuşa” tipli reaktiv minaatan silahlarının qəbul nəzarət komissiyasına rəhbərlik edirdi. O dövrdə ilk dəfə "Qırmızı Ulduz” ordeni ilə təltif olundu. 1946-cı ildə Sovet İttifaqının tapşırığı ilə Kərim Kərimovun rəhbərlik etdiyi heyət Almaniyanın ağır sənaye mərkəzi olan Nordhauzen şəhərinə yola düşdü. Burada hərbi tədqiqatçılar almanların demək olar ki, hazırlayıb bitirdikləri "Fau-2” ballistik raketlərin sənədlərini əldə etdilər. 

Kərim Kərimov 20 ilə yaxın SSRİ Müdafiə Nazirliyinin Aparatında çalışıb. Əvvəllər Kosmik Vəsaitlər Baş İdarəsinin rəisi olub. Onun tabeliyində 130 zavod fəaliyyət göstərib. Bunlardan yarısından çoxu Kərim Kərimovun rəhbərliyi ilə tikilib istifadəyə verilib. 1960-cı ilin sentyabrında Kərim Kərimov Müdafiə Nazirliyinin Raket Silahları Baş İdarəsinin rəisi vəzifəsinə irəli çəkildi. 1964-cü ildə Sovet İttifaqının qərarı ilə SSRİ Kosmik Vəsaitlər Mərkəzi İdarəsi təsis edilib. General Kərimov bu idarəyə rəis təyin olunub. Burada onun rəhbərliyi ilə "Zenit” fotokəşfiyyat uçan aparatının kompleksi hazırlanıb. 1965-ci ildən Kərim Kərimov Baş Kosmik Tədqiqatlar İdarəsinə rəhbərlik etməyə başladı. Bu vəzifənin icrasına davam edərək 1966-cı ildən eyni zamanda bütün kosmik uçuşlara rəhbərlik edən Dövlət Komissiyasının sədri təyin edildi. Bir neçə kəlmə Dövlət Komissiyası barədə. Əvvəla hava gəmilərinin uçuşa hazırlığı dövründə SSRİ-də yüzlərlə qapalı müəssisə və təşkilatlar bu komissiyaya hesabat verirdilər. Kərim Kərimovun sədr olduğu komissiyanın üzvləri; SSRİ Elmlər Akademiyasının prezidenti, SSRİ müdafiə naziri, SSRİ mülki aviasiya naziri, SSRİ müdafiə sənayesi naziri, SSRİ ümumi maşınqayırma naziri və başqa nazirlər, dövlət komitələrinin sədrləri, elm istehsalat birliklərinin rəhbərləri idilər. Kərim Kərimovun SSRİ dövlətinin birinci şəxsi Leonid Berejnevlə birbaşa telefon əlaqəsi var idi. Uzun illər SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun nomenklaturasına daxil olmuş Kərim Kərimov dəfələrlə sovet dövlətinin rəhbərləri ilə görüşmüşdür. Xüsusi ilə mübahisəli məsələlərdə o, Leonid Brejnevin qəbulunda olurdu və dediyinə görə çox çətin dialoqlar olmasına baxmayaraq, sonda Leonid Brejnev Müdafiə səneyesi və ümumi maşınqayırma nazirliklərinin rəhbərlərinin təkliflərindən ötüb, Kərim Kərimovun fikri ilə razılaşardı. 

O dövrdə hava gəmiləri indiki Qazaxıstanın ərazisindən - Baykanurdan fəzaya qalxıb və adətən də orada yerə enərdilər. Gəmi heyəti Baykanurda fəqət dövlət komissiyasına hesabat verirdi. Televiziyalarda işıqlandırılan bu mərasimlərdə gəmi heyətinin üvləri görünürdü. Komissiya sədri isə kamerala çəkilmirdi. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi, habelə qərb ölkələrinin xüsusi xidmət orqanları dövlət komissiyasının sədrinin kimliyini öyrənmək üçün illərlə uğursuz araşdırmalar apardı. 
 


1967-ci idlə "Kosmos-186” və "Kosmos-188” pilotsuz hava gəmilərinin fəzada uğurla birləşməsinə rəhbərlik etdi. 1974-cü ildə isə Kərim Kərimov "Mir” fəza stansiyasının uçuşuna və fəaliyyətinə başçılıq etdi. 

1975-ci ildə Sovet İttifaqı Amerika Birləşmiş Ştatları ilə birgə kosmik gəminin uçuşu ilə bağlı müqavilə imzaladı. Sonralar "Soyuz-Apallon” kosmik gəmisi kimi şöhrət tapan bu proqrama rəhbərlik etmək Kərim Kərimova həvalə olundu.
Böyük bir ölkənin ən qapalı və ən məxfi təşkilatına rəhbərlik etmiş general Kərim Kərimovun adı isə 1988-ci ildən bəlli oldu. O, bütün həyatını Fəza elminin tədqiqinə həsr etdi. Çalışdığı dövrdə televiziyalarda görünmədi, qəzetlərdə haqqında bir cümlə belə yazılmadı. Dövlət tərəfindən ona verilən fəxri adlar, orden və medallar mətbuatda işıqlandırılmadı. Uzun illər yaşadığı Moskva şəhərindən SSRİ-nin başqa məntəqələrinə xüsusi icazə və ayrıca təyyarə ilə səfər edərdi. 

Kərim Kərimov Azərbaycanın müstəqillik illərində ümummilli lider Heydər Əliyevin fərmanı ilə Vətənin "Şöhrət” ordeninə layiq görülüb.

Bu gün istefada olan zabit Oktay Əhmədovu 1980-ci ildən tanıyıram. Kərimov Kərimovun dayısı oğludur. Bibisi oğlu Kərim Kərimov haqqında saatlarla maraqlı söhbətlər edir. Oktayın dediklərindən məlum olur ki, güclü hafizəyə malik olmuş Kərim Kərimov mədrəsədə oxuduğu dövrdə "Qurani-Kərim”dən əxz etdiyi surələri tez-tez təkrar edər, müqəddəs kitabın insan həyatında müqtədir əhəmiyyətindən danışardı. Təbii ki, hər bir azərbaycanlı kimi Kərim Kərimov da poeziyanı çox sevirdi, xüsusi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin vurğunu idi. Ahıl vaxtlarında Pirşağıya, dəniz sahilinə gəlib Xəzərin qoynunda keçirdiyi uşaqlıq illərini yada salardı. "Bu dənizin sahilindəki qum can dərmanıdır deyib” fikrə dalardı. 
 


Bibisi oğlu Oktay deyir ki, Kərim ağa təmtərağı sevməzdi. Sadə yaşayardı, onun gözəlliyi də sadələyində idi. Moskva ətrafında Klyazma çayının sahilində ölkə rəhbərliyi ona bir bağ evi vermişdi. Kərim Kərimov bu bağdan nadir hallarda istifadə edərdi. Sübh tezdən gecə yarıyadək çalışan general dincəlməyi də unutmuşdu. Bir dəfə Kərim ağa ilə bağda gəzişirdik. Çəpərin o üzündən sadə geyimli, ağ saçlı bir kişi bizimlə salamlaşdı. Kərim ağanın əhvalını soruşdu. Mən bu adamı qonşu bağın bağbanı zənn etdim. Bibioğludan soruşanda Kərim ağa dedi ki, bu adamı üzdən tanıyıram, heç adını da bilmirəm. Bildiyim odur ki, bu bağın yiyəsidir və SSRİ Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini olub. Sonra Kərim ağa üzbəüz bağı göstərib dedi ki, bu bağ isə Moskvadakı İran Səfirliyinə məxsusdur. Onu səfirliyə V.İ.Lenin bağışlayıb. 

Kərim Kərimov ümummilli lider Heydər Əliyevlə bir neçə dəfə görüşüb. Sonuncu görüş Bakıda, Prezident Aparatında baş tutdu. Bir saatlıq planlaşdırılsa da, iki generalın səmimi görüşü dörd saat çəkib. 1990-cı ilin sonlarında Bakıya gələn Kərim Kərimova ölkədəki xaos çox pis təsir edib. Bu barədə Oktaya belə deyib: "Heydər Əliyev Naxçıvanda idi, qərara gəldim ki, ora uçum, Kosmik Tədqiqatlar İnstitutunun direktoru akademik Tofiq İsmayılova dedim ki, Naxçıvana getməliyik. Naxçıvanda Heydər Əliyevlə səmimi görüşümüz oldu. Helikopter bizi gözləyirdi. Geri dönməyə hazırlaşırdıq. Heydər Əliyev dedi ki, Kərim ağa, mən bilirəm ki, sən İçəri şəhərlisən, gəlməyini eşidib, tapşırdım düşbərə büküblər. Nahar edək, sonra yola düşərsən. Nahardan sonra Heydər Əliyev mənə dedi ki, bu təhlükəli uçuşdur. Səmanını bir hissəsini təyyarə Ermənistan üzərindən uçur. Əziyyət çəkibsən. Mərhum akademik Tofiq İsmayılov əlavə etdi ki, respublika rəhbərliyi də bu səbəbdən uçuşa icazə vermək istəmirdi. Lakin Kərim ağa sizinlə görüşmək qərarını qəbul etmişdi və onun bu qətiyyəti qarşısında respublika rəhbərliyi aciz idi”.
Oktay deyir ki, bir dəfə Kərim ağadan soruşdum ki, necə olub ki, sənin dövründə bir azərbaycanlı kosmonavt yetişməyib? Kərim ağa dedi: Mütəxəssislər tabeliyimizdə olan hərbi hava qüvvələrinin hissələrindən zabitləri seçib, bizə təqdim edirdilər. Bu zabitlər adətən qırıcı təyyarələrin pilotları, şturmanları idi. Onların içindən isə biz ən yaxşılarını dübarə ayırıb hazırlıq dəstələrinə göndərərdik. Təəssüf ki, bu illər ərzində seçimdə bir azərbaycanlıya rast gəlmədim. Bu arada bir əhvalat yadıma düşdü, - deyə Kərim ağa əlavə edib. 1970-ci illərdə Ermənistanın birinci şəxsi mənimlə görüşmək arzusunda idi. Dəfələrlə müraciət etmişdi. Fəaliyyətimlə əlaqədar mənə mütəffiq respublikaların rəhbərləri ilə görüşmək belə qadağan edilmişdi. Elə bu səbəbdən görüşdən yayındım. Sonralar eşitdim ki, Ermənistan rəhbəri bir erməni pilotun kosmonavt kimi kosmosa uçmasını və tarixə düşməsini arzulayırmış. Təbii ki, onun bu arzusu ürəyində qaldı.

2002-ci ildə Kərim Kərimovun 85 yaşı tamam oldu. Oktay qeyd edir ki, onu təbrik etmək üçün Moskvaya uçmuşdum. Qohumlar təbrikə yığışmışdıq. Sergey Korolyovun qızı Nataşa da gəlmişdi. Gecə saat 11:00-da binanın həyətinə bir neçə avtomobil daxil oldu. Moskvanın mərkəzində, Frunzenskaya Naberejnaya deyilən yerdə böyük bir həyət mühafizəçilərlə dolu idi. Qapı döyüldü. Rusiya prezidenti Vladimir Putin içəri girdi. O, görüşün planlaşdırılmadığını deyib. Sadəcə olaraq işin sonunda qərara gəlib ki, Kərim Kərimovu ad günü münasibəti ilə təbrik etsin. 
Badələr doldu. Rusiya prezidenti Vladimir Putin Kərim ağanın sağlığına badə qaldırdı. Son cümləsi indi də yadımdadır: "Siz Kosmos Fatehlərinin Sərkərdəsisiniz.”

Bu gün Rusiyada Kərim Kərimovun davamçıları olan azərbaycanlılar var. Onlardan biri Rusiya Hərbi Akademiyasının həqiqi üzvü İqor Aşurbəyli Kərim Kərimovu öz müəllimi sayır. İ.Aşurbəyli uzun illər "Almas” Elm İstehsalat Birliyinə rəhbərlik etmişdi. Hazırda isə Kosmik Müdafiə Problemləri ilə məşğul olan şuranın sədridir. Onun bilavasitə rəhbərliyi ilə Yer kürəsində misli olmayan "S-300” raket silahları yaradılıb. Hazırda isə İ.Aşurbəyli "S-300”, "S-400” və "S-500” zenit raketlər silahlarının beşinci mərhələsinin vahid sistemini yaratmaqdadır. 
Kərim Kərimov böyük insan olub. Kosmonavtika elminin inkişafını onsuz təsəvvür etmək olmaz. 

Bu il Kərim Kərimovun anadan olmasından 100 il keçir. Cənab Prezident İlham Əliyev tədbirin yüksək səviyyədə keçirilməsi üçün sərəncam imzalayıb.

Talelər müxtəlifdir, tarixdə tayfasına, qəbiləsinə, xalqına, millətinə xidmət edən məşhurlar az deyil. Birmənalı demək olar ki, Kərim Kərimov bəşəriyyətə xidmət edib. Həddən artıq ciddi bir ömür yaşayan bu şəxsiyyət böyük sərkərdələrin bəşər tarixinə vura bilmədikləri möhürü vurub.

Arif İbrahimov
"Respublika" qəzeti