Xəbər lenti

Sonuncu insan: Göz yaşları, yoxsa qəhqəhələrlə?..
Hüseynbala Səlimov
Ölkə 11:52 22.04.2026

Sonuncu insan: Göz yaşları, yoxsa qəhqəhələrlə?..

İki taledən iki-üç ştrix lap əvvəlcə. Birisi şair-mərsiyəxan Racidən, digərisə xanəndə Seyid Mirbabayevdəndir.

Raci deyilənlərə görə, çox güclü şair və mərsiyəxan olub, hətta 19-cu əsrin ən böyük şairi sayanlar da var onu. 

Adam əlyazmalarını toplayıb dənizyoluyla Osmanlıya yollanılır ki, orada kitabını buraxsın, gəl, dənizdə fırtına qopur və şair özü də batır, əlyazmaları da! Lap çoxdan oxuduğumdur, mümkündür nəyisə qarışıdırıram, bəlkə də ən son araşdırmalara görə hər şey başqa cür olub, amma bir vaxt belə yazırdılar...

Xanəndə Seyid Mirbabayev: səsi onu milyonçu edir, adicə toy-düyün müğənnisindən çevirib neft sənayeçisi edir, həm də "qudurdur” – var-dövlət, böyük pullar, xarici ölkələr, böyük kef məclisləri, gözəl xanımlar! Adamın başı xoşbəxtlikdən fırlanır, o qədər bəxtəvər olur ki, bircə dərdi, hətta utanc yeri yalnız keçmişi, xanəndəliyi və xanəndəlik etdiyi vaxtlar olur!.. 

Hər şeyi pul həll etmirimi? Bəli, Seyid başlayır bir-bir öz keçmiş plastinkalarını alıb məhv etməyə, amma hər hay-küyün, dambadurumun sonu olur, kefcil Seyid tamam müflisləşir və az qala, dilənçiyə çevrilir və bir gün məlum olur ki, adamın bircə sərvəti qalıbdır, o, da xanəndə keçmişidir və təəssüf, o, da artıq xatırədən başqa bir şey deyil, nə əvvəlki səs qalıb, nə də şöhrət! 

Seyid Mirbabayev təsadüfən keçmişindən qalan yeganə xatirəni tapır - özünün keçmiş plastinkasını. Amma onu da qocalıqdan və zəifləməkdən titrəyən əllərində dinləməyə apararkən salıb sındırır...

Niyə bu iki detalı yada saldım? İndi də, bizimçün də bir gün hər şey yoxluğa qərq ola bilər, sanki heç olmayıbmış kimi...

Dəhşət ondadır ki, çoxumuz belə yoxluqla-varlığın sərhədindəyik, özü də çoxdan. Bunun yarısı elektron-virtual dünyanın nəticəsidir, biz daha biri-birimizlə əl-tutub görüşmürük, üzbəüz oturmuruq, hər şey bir dəmir lövhənin içindədir, həm ayırır, həm də guya ki, birləşdirir, amma məncə, daha çox ayırır, nəinki birləşdirir...

Belə reallıq yaradan bir səbəb də bizim qəliz dünyamız, qəliz ölkələrimiz və qəliz insanlarımızdır. Heç nə qalmayıb çox ölkələrdə! Bir "sınanlar”, bir "əməkdaşlıq edənlər” və bir də "əməkdaşlıq etməyə daim hazır olanlar” qalıblar! 

Odur ki, gözünüzü qəti telefona dikib durmayın, hansısa bir gözəl yazınıza görə heç kim sizə zəng edib təşəkkür etməyəcək, hətta tənqid edib söyməyəcəklər də! Yox, bu ölkədə daha heç kim heç kimin yazısını oxumur, daha "irəli getmiş” məmur-paqonlu yazarlar özləri istəmir ki, kimsə onların "yazı”sını oxusun, yox, bütün bu "yazılar” hesabat, harasa təqdim etmək, ad, medal, orden almaq üçündür – hətta bu mükafatları verənlərin özləri belə bu "yazıların” – "kitab”ların bircə cümləsini belə oxmayıblar! Mən "nəhəng şair” görmüşəm ki, "kitabları” nəşriyyatın bir küncündə qalanıb qalıb, heç özü də onların dalınca gəlmir, çünki ehtiyac yox, adam çoxdan "xalqın sevimli şairi-yazıçısı” təyin olunub...

Ona görə də gözünüzü telefondan çəkin, heç kim zəng etməyəcək, həm də ona görə ki, ölkədə daha belələri qalmayıb...

Ən dəhşətlisisə bəlkə də hələ qabaqdadır–sonuncu plastinkanı da salıb sındırmaqdır, öz əlyazmalarınla dəryaya qərq olmaqdı; bədbəxtlikdən də Dərya da çox uzaqda deyil, qulağmızın lap dibindədir...

O.Henri öz məşhur novellasını "Sonuncu yarpaq” adlandırmışdı. Deyirəm nə əcəb "Sonuncu insan” novellasını yazan yoxdur? Axı bu da çox yaxındır! Hər şey tezliklə SÜNİLİYƏ qərq olacaq və SONUNCU İNSAN da bitəcək! 

Bir vaxt sovet təbliğatı cəhənnəm, Cek London, hətta Drayzer insanın DARVİNİN BELƏ AĞLINA GƏLMƏYƏN evolyusiyasından yazırdı: ən azı "Dəmir daban”dan yayadınızda olar yəqin...

Bəli, SONUNCU İNSANLAR da artıq yola salınır; Dünyada, ya bu ölkədə? Həm burada, həm də orada! Göz yaşlarıyla, yoxa qəhqəhələrlə? Fərq etməz! Həm də baxır kiminçün! Biri üçün göz yaşları, digərisi üçün qəhqəhələrlə...

Hüseynbala Səlimov
--> -->