Siyasət 14:55 05.03.2014

Krım münaqişəsi: iqtisadi fəlakət - ANALİZ

Krım kampaniyasının başlamasının ardından Rusiya və Ukraynanın fond birjalarında baş verən ajiota (qiymətli kağızların məzənnədən düşməsi) nəticəsində hər iki ölkənin iri səhmdarlarına milyardlarla dollar ziyan vurdu. 

Bugünki yazıda Rus rubluna endirilmiş öldürücü zərbənin yaratdığı iqtisadi uçurumun detallarını analiz edəcəyik. Diqqətiniz bizdə olsun.

Maliyyə böhranının yaranması səbəbləri hər kəsə məlumdur. Ukraynada avrointeqrasiya tərəfdarlarının növbəti dəfə inqilab yolu ilə hakimiyyətə gəlməsindən sonra "quyruğu tapdalanmış" Rusiya təhlükə qarşısında qalan maraqlarını bərpa etmək üçün rusdilli əhalinin çoxluq təşkil etdiyi regionlarda vəziyyəti nəzarət altına almaq üçün konkret addımlar atdı. Krım Rusiyanın bu ərazidə yerləşən hərbi bazasındakı qüvvələr tərəfindən nəzarətə götürüldü. Siyasi proseslərin axarı hamıya məlum olduğundan bir qədər münaqişənin iqtisadiyyata təsirindən bəhs edək.

Rublun çöküşü

Moskva fond və valyuta birjalarına bomba düşdü. Sərmayəçilər satışda olan xarici valyutanı silib-süpürdülər və bir-neçə saat ərzində dollar və avro satılan məntəqələrin qarşısında növbələr yarandı. Ölkə iqtisadiyyatı çalxalanmağa başladı. Rublun məzənnəsi düşdükcə, pulunu bu valyuta ilə saxlayan, onunla maaş alıb alış-veriş edən hər kəs ağır böhranı cibində hiss etdi. Rusiya Mərkəz bankı əvvəlcə Ehtiyat fondunu doldurmaq üçün həyata keçirdiyi xarici valyuta alışını dayandırdı. Günün ikinci yarısında Mərkəzi bankın rəhbərliyi bazara 10 milyard dollar pul çıxaracağı haqda məlumat verdi. Sonra rezervlərdən birjaya dollar axmağa başladı, amma bu da ajiotajı sakitləşdirə bilmədi. Rubl qiymətini, iri şirkətlər milyardlarla sərmayəsini itirməkdə, autsayder firmalar isə iflasın astanasına yaxınlaşmaqda idi. Proses bütün birjalara sirayət etməyə başlamışdı. Rus şirkətlərinin dünya birjalarında satışa çıxarılmış səhmlərinin qiyməti kəskin şəkildə aşağı düşürdü. Rus milyarderlərindən Leonid Mixelson və Gennadi Timçenkoya məxsus "Novateka" holdinqi səhmlərinin qiymətinin aşağı düşməsi bu oliqarxlara bir günün içində 3.2 milyard dollar ziyan vurdu. İkinci böyük zərər metallurgiya maqnatı Vladimir Lisinin holdinqinə dəydi. "Novolipeçk metallurgiya kombinatı"nın səhmlərinin qiymətinin düşməsi nəticəsində V. Lisinə 1.2 milyard dollar zərər dəydi. Neft nəhəngi "Lukoil"in prezidenti Vahid Ələkbərov isə 960 milyon dollar itirdi. Ukraynanın ən varlı iş adamlarından biri olan Rinat Əhmədova böhran 700 milyon dollara başa gəldi.

İqtisadi fəlakətin astanasında

Rusiyada yaranmış bu vəziyyətin araşdırılması nəticəsində məlum olub ki, birjadakı ajiotaj səhm möhtəkirləri tərəfindən yaradılıb və qiymətlərin və valyuta məzənnələrinin oynamasından kölgə iqtisadiyyatına milyardlarla dollar pul axıb. Bir gün ərzində Mərkəzi bankın bazara çıxardığı 10 milyard dollar əriyib. Analitiklərin fikrincə, bu hal belə davam edərsə, Rusiyanın qızıl və valyuta rezervləri ay yarımdan sonra tamamilə tükənər. Böhranı araşdırarkən ortaya çıxan dəhşətli nəticə sonda Putini kameralar qarşısına çıxıb, Krım münaqişəsini sakitləşdirmək üçün yumşaq bəyanatlar verməyə, ordu birliklərinin dislokasiya yerlərinə dönmələri haqda göstəriş veməyə vadar etdi. ABŞ-ın da bəyanatlarını bir qədər yumşaltmasından sonra birjalara nisbi sakitlik çökdü. Bu isə onu deməyə əsas verir ki, Rusiya iqtisadiyyatı hələ də zəifdir, istər daxili, istərsə də xarici investorlar ölkəyə, hökumətə və stabilliyin daimiliyinə etibar etmirlər. Görünür ki, müharibə təhlükəsinin yaranması ilə birlikdə əllərində pul cəmləşən insanlar fərdi qaydada öz var-dövlətini Rusiyadan çıxarmaq istəyirlər. Xarici valyuta almaq istəyənlərin sayı kəskin artıb. Bunu həm də rubldan "canını qurtarmaq" cəhdi kimi də qiymətləndirmək olar. Nəticədə güclü tələbatla qarşılaşan bazar çöküb. Hamının dollar və avro almaq arzusu isə Rusiyanı silkələyən "qara bazar ertəsinə" gətirib çıxardı. Hazırda "Krım böhranı"nın ümumilikdə Rusiya iqtisadiyyatına vurduğu ziyan mütəxəssislər tərəfindən hesablanır. Rəqəmin on milyardlarla dollar məbləğinda olacağı təxmin edilir.

Bədbin proqnozlar

Əksər analitiklərin fikrincə Ukrayna Qərb üçün Gürcüstandan daha vacib ölkədir. Rusiyanın bu ölkəyə qarşı həyata keçirdiyi zor üsullarına qarşı ABŞ və Avropa mütləq adekvat tədbirlər görəcək. Qərb Ukraynanın parçalanmasına heç vəchlə razı olmayacaq. Bu isə o deməkdir ki, hələ Rusiya iqtisadiyyatında stabilliyin yaranacağından danışmaq tezdir. C.Kerinin dili ilə bir neçə yumşaq bəyanat verən ABŞ başda olmaqla Qərb dünyası Ukraynada Moskvanı kapitulyasiya edərək birdəfəlik onu bu ölkədən çıxarmayınca sakitləşməyəcək. Bir günün içində, sadəcə birjada yaradılan vəziyyət -Rusiyaya bir illik müharibəyə sərf edilə biləcək vəsait qədər ziyan vurulması bu ölkənin iqtisadi dayaqlarının boşluğundan xəbər verir. Rus analitiklərinin ictimaiyyəti sakitləşdirmək üçün möhkəm yapışdıqları əsas "kozır" isə dünya bazarlarında neftin baha satılmasıdır. Neft və qazın ixracı ilə dəyən zərərin yerini tez dolduracağına arxayın olan Rusiya üçün büdcəsinin əsas donoru olan bu iki məhsulun qiymətinin oynaması ölüm və qalım məsələsidir. Neftin qiymətinin planlı şəkildə salınması ABŞ-ın Rusiyaya qarşı əlində tutduğu son təsir rıçağıdır. Xatırladaq ki, ABŞ Səudiyyə Ərəbistanı ilə ortaq həyata keçirdiyi bu əməliyyatla 1987-ci ildə SSRİ-ni faktiki olaraq iqtisadi cəhətdən çökdürdü. Bir neçə il sonra isə bu nəhəng dövlət darmadağın oldu. Hazırda Rusiya ətrafında cərəyan edən hadisələr həmin prosesi xatırladır və bunu başa düşən Kreml də həyəcan təbili çalmaqdadır.

P.S. ABŞ və Səudiyyə Ərəbistanının 1987-88-ci illərdə -neftin bir barelinin 17 dollara satıldığı vaxt bu rəqəmin birdən-birə 7-yə salması, ixracatının əsas hissəsini neftin təşkil etdiyi SSRİ-ni bir neçə aydan sonra dərin iqtisadi böhran quyusuna saldı. Hamımızın canlı şahidi olduğumuz, XX əsrin ən böyük fəlakəti kimi qiymətləndirilən bu iflasın Rusiyanı da gözlədiyi get-gedə aydın görünür. Hadisələrin inkişafı isə bəşəriyyətin növbəti qlobal fəlakətindən xəbər verir...///İnterpress.az