Dünya 12:40 26.01.2022

Kuleba: Kiyev Putini sakitləşdirmək üçün güzəştə getməyəcək

Ukraynada Rusiya ilə hər hansı güzəştə getməkdən imtina ediblər.
 
Qaynarinfo xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba CNN telekanalına müsahibəsində deyib ki, Kiyev "heç kimə güzəşt edilməsinə icazə verməyəcək”.

O vurğulayıb ki, "Rusiya işğalı” təhlükəsi fonunda Ukrayna Rusiya prezidenti Vladimir Putini sakitləşdirmək üçün kompromislərə razı olmayacaq. "Əgər kimsə Ukrayna ilə bağlı Ukraynanın arxasında güzəştə getsə, birincisi, biz bunu qəbul etməyəcəyik”, - deyə nazir vurğulayıb.

O, əlavə edib ki, Ukrayna "telefonu götürüb, böyük dövlətin göstərişini dinləyən və ona əməl edən ölkə olmayacaq”. Kulebanın sözlərinə görə, ölkə öz gələcəyini həll etmək hüququ üçün artıq 15 min vətəndaşının həyatı da daxil olmaqla çoxlu haqq ödəyib.

Kuleba əlavə edib ki, ABŞ-ın Ukraynanın müdafiəsinə sadiqliyinə şübhə etmir. O, həmçinin ABŞ-ın Kiyevdəki səfirliyinin ştat sayını azaltmaq planlarını "vaxtı çatmamış” addım adlandırıb. Onun sözlərinə görə, evakuasiya "çaxnaşma yaradır” və Putinin əlinə oynayır.

Xatırladaq ki, son vaxtlar informasiya sahəsində Rusiyanın Ukrayna ərazisinə mümkün işğalı ilə bağlı fərziyyələr irəli sürülüb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bəyan edib ki, Rusiya hakimiyyəti iddialara görə, 92 mindən çox hərbçini Ukrayna sərhədləri yaxınlığında cəmləyib və 2022-ci il yanvarın sonu və ya fevralın əvvəlində hücum planlaşdırır. Rusiya prezidenti Vladimir Putin bu cür bəyanatları "yersiz həyəcan” adlandırıb.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?