Gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini saxta invoys təqdim edərək real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.
Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən xəbərə görə, dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.
Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Cədvəldən də göründüyü kimi ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib. Bundan başqa Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə göndərilib.Belə ki, idxal etdikləri malın qiymətini "FAVORİT SERVİS" MMC 29089,30 ABŞ dolları, "SƏMA PLASTİK" MMC 15574,72 ABŞ dolları, "ULTRA PROQRESS" MMC 9450 ABŞ dolları və ŞÜKÜROV ŞAHİN RAFİQ OĞLU 9261 ABŞ dolları məbləğində azaldıblar.
Şərhlər