Orxan Saffari
Sənət 10:33 15.03.2022

"Laçın alınanda sevincimdən miyoldamışdım" - Laçında it dilə gəldi...

Orxan Saffari

- Salam, necəsən, özünü necə hiss edirsən?

- Salam. İndi çox yaxşı. Əvvəllər isə sadəcə bir "it" kimi... Müharibədən sonra mənim də əcdadımın qisası alındı, daha bundan sonra necə hiss edərəm? Öz əsgərlərimizin, öz adamlarımızın yanında, özümüzün çörəyini yeyirəm. Pişik kimiyəm bu aralar. Laçın alınanda sevincimdən miyoldamışdım (gülür).

- Adın varmı sənin? Necə müraciət edək?

- Var, amma bu, bir az yaralı yerimdir. Ermənilər qoymuşdu, onu demək istəmirəm, utanıram, amma onlar gedəndən sonra sizlərin qoyduğu, çağırdığı ad da yaxşı deyil heç, incidir...

- Nə deyirlər ki?

- Nə deyəcəklər? Paşinyan, ayə, erməni iti zad. Axı, mən erməni iti deyiləm, "karinnoy" laçınlıyam. Atam-babam burda doğulub, burda böyüyüb, burda da ölüblər. Mən özüm də gözümü burda açmışam. Hardan erməni iti oldum? Hansı erməniliyimi görmüsünüz?!

- Bəlkə sənə ermənilər baxdığına görə belə deyirlər?

- Fərqi nədir ki? Məgər, bu, mənim günahımdır? 30 ildir nə siz gələ bilirdiniz, nə mən gələ bilmişəm. Biz də burda əsir olmuşuq da. Gör heç normal it kimi hürə bilirəm? (Hürür) Görürsənmi? Bu, utanc hürməyidir...

- Ermənilərə keşik çəkmisən, qorumusan...

-  Pişik olub hər gün miyoldayaram, ondan yaxşıdır. Belə deməyin, xahiş edirəm. Özüm üçün gəzib-dolaşıb, yeyib-içib oturmuşam burda...

- Necə davranırdılar sizinlə, digər heyvanlarla? 

- Onlar özü ən təhlükəli heyvandan da betərdilər. Bəlkə daha ermənilərdən danışmayaq? Diksinirəm onların adı gələndə, başqa şeylər haqqında söhbət edək...

- Yəqin ki, Laçını yaxşı tanıyırsan, hə? 

- Əlbəttə, hər dağını, dərəsini, künc-bucağını pəncəmin içi kimi bilirəm. Kənd itiyəm də, necə olmalıdır? Buraların adamlarını da tanıyıram. Şəkillərdən. Bəzi yerlərdə erməni yaşamayıb, özümüzkülər necə çıxıbsa, elə də qalıb. Özün də görürsən, necə gözəl yerlərdi. Gör, bu alçaqlar sizləri 30 il hansı gözəllikdən məhrum ediblər. 

- Sənə bir ağrılı sual daha verim. Əgər yenidən müharibə olsa, onlar alçaqcasına hücum eləsə, çıxıb gedərsənmi? Yoxsa qalarsan burda?

- Əsla. Dədəm-babam çıxmayıb, mənmi çıxacam? O vaxt müharibədə hamı elə bilib ki, qayıdacaq 3-5 günə, ona görə itləri, mal-qaranı zadı aparmamışdılar. Atam Bobik deyirdi ki, sahibəm Elnarə arvad o soxhasoxda toyuqlara çoxlu dən tökdü ki, ac qalmasınlar, onsuz da, bir-iki günə qayıdırıq... Bax belə. Burda güllələnsəm də çıxmaram.

- Deyirlər, itlər ən vəfalı heyvanlardı...

- Hə, elədir. Mən buralara həsrət qalmaq istəmərəm. Bir iş idi, bəla idi gəlmişdi xalqın başına, bir də gəlsin istəmərəm. 

- Bəlkə sənə bir ad qoyaq?

- Azərbaycan adı? 

- Hə. 

- "Toplan" deyəcəksən yəqin (gülür).

- Bəlkə elə "Laçın" adı verək sənə?!

- Həəə, bax, buna varam, Laçınam!

- İcazə verin, bir-iki ağız hürüm, həm də yekunlaşaq, əsgərlər bayaqdan məni axtarır...

- Olar. Müsahibə üçün təşəkkür edirəm. 

- Mən təşəkkür edirəm, xoş oldu.