Orxan Saffari
Ölkə 12:20 02.12.2020

Laçınla gedib, Laçınla gələn...

Əzəli və əbədi torpağımız Laçın rayonu işğaldan azad edildi. Bununla da torpaqlarımızın azadlığı prosesi başa çatdı. Bu vətən daha çox Laçınla getmişdi, Laçınla gəldi... Nə xoş gəldi...

Bu gözəl günləri yaşamaq, bu gözəl günlərə şahid olmaq - görəsən, bundan sonra daha hansı hadisələr olacaq ki, bəs qədər xoşbəxt olaq?! İndiyə qədər bütün xoş günlərimizi bir yerə yığsaq, Laçının, digər torpaqlarımın bir kəndinin, bir qəsəbəsinin azadlığı eləmir. 

Laçın vaxtlarım... Bu sözü kim deyir, elə bilirsən, laçınlıdır. Yəqin ki, gəncliyi, keçmiş günləri də bundan gözəl ifadə etmək olmaz. Laçın adının enerjisi də, özü də nədənsə, bir başqa fərqli gəlir. Ay Füzuli, deyirsən, gurultulu deyil, Ay Ağdam, deyirsən, yenə o deyil. Ümumiyyətlə, nə deyirsən denən, o deyil. Amma Laçın... Laçın deyirsən, özü də Ay Laçın... Gör, necə ağrılı, necə kədərli, necə enerjili səslənir...

Can, ay Laçın...
Dağların zirvəsi,
Şuşanın qardaşı,
Kəlbəcərin canı Laçın...

Laçın elə rayonlarımızdandır kı, gözümüzə həm də insanları ilə doğmadı. Mədəniyyəti ilə, sənətçisi ilə.
 
Ağdamın Qədiri, Şuşanın Bülbülü, Kəlbəcərin Şücaəti, Laçının Məhəbbəti var... Məhəbbət Kazımovu... 

Hərdən mənə elə gəlir, Laçının indiki duruma Məhəbbət Kazımov özü tək gətirib. Məhz onun səsi Laçını bir başqa edib. Onun səsinə həm ağlamaq olur, həm kədərlənmək. Onun içindəki Laçın daha başqa bir şey idi. Vətən həsrətindən bir az da artıq. Varmı elə bir şey? Varsa da, Kazımov elə idi.

Qartal olub göylərində uçum mən,
Bulaq olub gözlərindən süzüləm,
Yağış olub torpağına süzüləm,
Yaxıb yandıran Laçınım mənim.

Elə yaxıb, yandı da. Kül oldu vətən həsrətiynən, bir ovuc torpağa döndü...

Ay aman, çəkirik torpaq həsrəti,
Uca dağlar, sərin su, yaylaq həsrəti,
Ağlayan, çağlayan əcəl həsrəti,
Laçınım, Laçınım, Laçınım mənim.

Ay Allah, zülm eyləmə daha,
Ürək dözmür naləyə-aha,
Özüm gedəmməsəm səsim dağlara
Həsrətli, kədərdi Laçınım mənim.

Hə-ə. Dediyi kimi, özü gedə bilmədi, amma sözü gedir. Laçından bizə geriyə çox şey qaldı. Kədər qaldı, ağrı qaldı, acı qaldı, Məhəbbət Kazımov qaldı, səsi qaldı... İndi hər şeyi götürüb gedəcəyik ora, hər şeyin çarxı dönəcək, daha bu mahnıları eşidəndə gözümüzdə nisgil yox, sevinc olacaq. 
Laçını təsvir etmək üçün mənə elə gəlir, konkret nələrsə demək yersizdir. Ümumiyyətlə, bir adama Laçın necə yerdi deməyin özü belə gülüncdür. Laçını görməyən adam da oranı olduğu kimi, olduğundan da artıq xəyalına gətirə bilər, gətirə bilir. Laçın tez-tez adamın yuxusuna da girir. İndi görün, o yerlərdə böyümüş Laçınlılar nələr çəkir, nələr çəkiblər vaxtı ilə. 

Nəhayət ki, illərdi qartala həsrət qalan o dağları şahin kimi oğlanlar aldı, verdi. İndi hamının Laçın vaxtı geri qayıdacaq. Sözünün əsl mənasında Laçın vaxtları geri dönür. İndi Laçınlı kişilərin əsl Laçın vaxtları dövrü başlayır. Vaxtımız, bu günümüz, özümüz, vətənimiz mübarək, əziz adamlar, Laçın adamlar, torpaq adamlar.

Görə bilməyənlərin ruhu şad, görəcək olanların qəmi kəm.

Orxan Saffari