İdman 19:21 16.11.2018

Lars Olsen: "Azərbaycanla səbirsizliklə gözləyirik"

"Çox yaxşı məşqlərimiz oldu. Zədəli futbolçumuz yoxdu. Sabahkı oyunu səbirsizliklə gözləyirik. Azərbaycanla bir ay öncə qarşılaşdıq və 0:3 hesabı ilə uduzduq. Kobud səhvlərə yol verdik. Nəticədə rəqib bizi cəzalandırıdı. Azərbaycan yaxşı komandadı. Lakin qalib gələcəyimizə inanırıq".

Qaynarinfo xəbər verir ki, bu sözləri Farer adaları yığmasının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla keçirəcəkləri səfər oyunundan əvvəl deyib.

O, oyundan 4 gün əvvəl Bakıya gəlmələrinin səbəbini açıqlayıb: "Hava şəraiti Farer adaları ilə eynidi. Tez gəlməyimiz bura uyğunlaşmaq üçündü. İlk matçda uduzsaq da, bərabər oyun getdi. Bu dəfə də elə olacaq".

Lars Olsen komandasının kapitanı Atli Qreqersenin mətbuat konfransında aqressiv görünməsi ilə bağlı suala belə cavab verib: "Elə deməzdim. Hazırda çox sakitdilər. Emosional halımız eynidi".

İlk oyundan sonra mətbuat konfransına gəlməyən rəqib çalışdırıcı sabah nəticədən aslı olmayaraq jurnalistlərin önünə çıxacağını bildirib: "Xeyr, bu, baş verməyəcək. Nəticədən aslı olmayaraq burada olacağam".

Lars Olsen "Qrupun favoriti Kosovodu, yoxsa Azərbaycan" sualına belə cavab verib: "Əlbəttə, kapitanımız kimi Farer adalarını qeyd etmək istərdim. Amma belə deməyəcəyəm. Bizə qarşı oynamış komandalar arasında ən yaxşısı Kosovo idi".