Siyasət 14:43 28.01.2022

Lavrovun ABŞ-la NATO-nun cavabına aqressiyası: Putin müharibə istəyir (ŞƏRH)

"Lavrovun ABŞ-la NATO-nun cavabına aqressiv münasibəti onu göstərir ki, Putin müharibə istəyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Vaşinqtonla NATO-nun Rusiyanın təkliflərinə verdiyi yazılı cavab fonunda Kremlin atacağı növbəti addımın nə olacağına aydınlıq gətirərkən deyib:

"Rusiya ABŞ-la NATO-nun təkliflərinə artıq bir növ cavab verib. Moskva, daha doğrusu, bir neçə variant irəli sürür. Tələb edir ki, Şərqi Avropa ölkələrindən NATO bazaları çıxarılsın. Həmçinin, NATO-dan Rusiya sərhədinə yaxınlaşmayacağı barədə yazılı zəmanət tələb edir. O, cümlədən Ukrayna ilə Gürcüstanın heç zaman NATO-ya üzv olmayacağı barədə zəmanət istəyir. ABŞ və NATO-nun cavab sənədindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxış edərək, Qərbdən gələn həmin cavabların Moskvanı qane etmədiyini diqqətə çatdırdı”. 

Həmsöhbətimiz qeyd edir ki, Lavrovun qanunverici orqandakı çıxışı Dövlət Dumasından müharibə variantına razılıq almaq məqsədi daşıyırdı və bu razılığı da aldılar: 

"Rusiyanın bu müstəvidə hansını seçəcəyi isə vəziyyətdən asılıdır. Amma Lavrovun Qərbin təkliflərinə neqativ münasibət sərgiləməsi onu deməyə əsas verir ki, Rusiya artıq əsaslı şəkildə müharibə variantına üstünlük verir. Çünki Rusiyada sosial gərginlik durmadan artıq. Adətən dövlətlər sosial gərginlik anında diqqəti yayındırmaq üçün müharibə variantını seçirlər. 

Bir sözlə, yaxın bölgəmiz yeni müharibə astanasındadır. Kremlin başqa çıxış yolu da yoxdur. Qərbin təkliflərinə razılığı rejimin çöküşünə gətirib çıxara bilər. Ona görə də mövcud vəziyyətdə özlərini xilas etməyin yeganə yolunu müharibədə görürlər. Ukrayna da qorxur. Çünki ona verilən sözləri tutmadılar. Ukraynanın xarici işlər naziri Kuleba və müdafiə naziri Reznikov indi başqa manhı oxumağa başlayıb. Yaranmış vəziyyətdə müharibə ehtimalı çox yüksəkdir”.

Rüfət Sultan