Dünya 13:23 24.11.2023

Le Pen: "Niderlandlıların britaniyalılar kimi Aİ-də öz gələcəklərinə qərar vermək hüququ var"

Hert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyasının (PVV) Niderland seçkilərində qalib gəlməsindən sonra Fransanın ifrat sağçı lideri Marin Le Pen bildirib ki, niderlandlılar britaniyalılar kimi Avropa İttifaqındakı gələcəkləri ilə bağlı söz sahibi olmalıdırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv” nəşri yazır.

Vildersin seçki proqramı Niderlandın Aİ-yə üzvlüyü ilə bağlı referendum təşkil etməyi nəzərdə tutur və Le Pen bunu alqışlayır. 

"Yaxşı xəbər, insanların öz fikirlərini ifadə edə bilmələridir. Pis xəbər, 2005-ci ildə olduğu kimi, onların müqavilə bağlamaq məcburiyyətində qalmasıdır. Britaniya xalqı kimi, öz müqəddəratını seçmək Niderland xalqından asılıdır", deyə o, "Franceİnter" radiosuna verdiyi müsahibədə bildirib.

Le Pen vurğulayıb ki, Vildersin qələbəsi avropalıların "Aİ-nin fəaliyyətinə meydan oxuduğunu" və "immiqrasiyaya nəzarət etmək” istədiklərini nümayiş etdirir.

Le Pen Aİ qurumlarını tənqid edərək, onların tam yenidənqurmaya ehtiyacı olduğunu bildirib. O, həmçinin aydınlaşdırıb ki, Aİ dağılmamalı və Fransa avro valyutasını saxlamalıdır.

Aİ institutlarının yenidənqurmasını təmin etmək üçün o, fransız seçicilərini prezident Emmanuel Makron və onun müttəfiqlərinin partiyasını iyunda keçiriləcək növbəti Avropa Parlamenti seçkilərində azlığa çevirməyə çağırıb.

Son sorğular göstərir ki, Le Penin "Milli Birliyi” 28% və Makronun partiyası isə 20% səs toplayacaq, digər partiyalar 9%-dən çox səs ala bilməyəcək.

Xatırladaq ki, noyabrın 22-də Niderlandda keçirilən parlament seçkilərində Hert Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası böyük fərqlə qalib gəlib. 

NOS nəşrinin qeyd etdiyi kimi, böyük ehtimalla Vilders yeni hökumətin formalaşdırılması prosesinə rəhbərlik edəcək. O, çox güman ki, VVD və Yeni Vətəndaş Sazişi Partiyası ilə birlikdə 150 yerlik parlamentdə 81 yerlik çoxluğa sahib olacaq sağçı hökumət qurmağa çalışacaq.

Danışıqlar çətin ola bilər, çünki hər iki tərəf Vildersin açıq anti-islam mövqeyinə, o cümlədən Niderlandda bütün məscidlərə və Qurana qadağa qoymağa çalışmasına görə onunla işləmək barədə ciddi ehtiyatları olduğunu söyləyiblər. 

Nizami Bağırov