Xəbər lenti

Lerik. Doğrudanmı Cənnətovlara icra hakimiyyəti cəhənnəm yaşadır? (VİDEO)
Video 14:26 24.07.2019

Lerik. Doğrudanmı Cənnətovlara icra hakimiyyəti cəhənnəm yaşadır? (VİDEO)

Vaqif Cənnətov iddia edir ki, icra hakiminin şöbə müdiri ondan istədiyi rüşvəti ala bilmədiyi üçün həyatlarını cəhənnəmə döndərib
 
Necə deyərlər, hadisə vaqe olur Lerik Rayonunun Orand kəndində. 

Elə şikayəti həmin kənddə İcra Hakimiyyəti Başçısının Orand İnzibati Dairəsi üzrə nümayəndəsinin müavini işləmiş Vaqif Cənnətovun dilindən eşidək:

- 35 yaşım var. Ailəliyəm. Ali təhsilliyəm. 2 məktəbyaşlı övladım var. Ata - anam xəstə və təqaüdçüdür. Hərbi xidmətimi başa vurduqdan bir qədər sonra, 2012-ci ildən kəndimizdəki ərazi dairəsinə baş mühasib-məsləhətçi təyin  olunmuşam. 2 ildən (2014-cü ildən) sonra isə vəzifəmi böyüdüb məni ərazi nümayəndəsinin müavini təyin etdilər. Kəndimiz çox balaca ərazidən ibarətdir. Cəmi 2 min nəfərə yaxın əhalisi, 250-dən bir qədər artıq təsərrüfatı var. Əhali çox çətinliklə dolanır-iş yox, təsərrüfat üçün texnika yox...

Müsibətli günlərim Əlipənah Bayramov şöbə müdiri olandan sonra başladı

2016-cı ildə Əlipənah Bayramovun vəzifəsini böyüdüb Lerik Rayon İHB-nin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə şöbəsinə müdiritəyin edəndən o, yeni "tas”lar müəyyənləşdirdi. Biz ildə 3 dəfə əmək haqqının bir misli qədər mükafat və 1 misli qədər də məzuniyyətə  çıxanda müalicə pulu alırdıq. Əlipənah müəllim gələndən sonra yeni "qanunlar” müəyyənləşdirdi ki, aldığınız mükafatın və müalicə pulununyarısını bəri başdan ona verilməlidir. 

Rüşvət vermədiyim üçün gördüyüm təzyiqlər

Mən bunların rüşvət "qanuna” əməl etmədim. Buna görə Əlipənah müəllimin "qara” siyahısına düşdüm. Ötən ilin sonunda  onun tələbləri daha da sərtləşdi-həm özü, həm o vaxtkı ərazi nümayəndəsi Şahbaz Rəhimovtəkidlə tələb edirdi ki, alacağım mükafatın yarısını ona verim. Hədələr, təzyiqlər isə səngimirdi. Məcbur olub Prezident Administrasiyasına və Baş Prokurorluğun müvafiq şöbələrinə şikayətlər yazdım. O qədər hədələdilər, qorxu-hürkü gəldilər ki, ailəmin acınacaqlı vəziyyətini, qardaşımın məktəb direktoru işləməsini nəzərə alıb, təzyiq qarşısında qalıb onların xeyrinə izahat verdim.
 


Elə bildim ki, iş bununla da sona yetər
 
Lakin onlar namərdlik yolun tutdular. İzahatımı alandan sonra mənim üçün yeni tələlər qurmağa başladılar. Gah mənim fəaliyyətimi yoxlatdırdılar, gah direktor işləyən qardaşımın işlərin"araşdırddılar”.

Leriksayağı "ədalət”

İcra hakimiyyəti başçısının Orand ərazi dairəsi üzrə nümayəndəsi Şahbaz Rəhimovun  qardaşı "vətənə xəyanət” maddəsi ilə həbs olunub. Lakin onu gah nümayəndə, gah digər kəndə baş mühasib təyin edirlər. Deyirlər ki, qardaş qardaşın əməlinə cavabdeh deyil. Bəs mənə görə niyə qardaşım, bacım, əmim və digərlər daim şantaja, təzyiqə məruz qalır?

Detallara müraciət edək

Qardaşımın direktor olduğu Orand məktəbi üçün yeni bina tikilir. Köhnə məktəb isə sökülüb. Söküntü işini SH tikinti şirkəti aparəb və 6 fəhləyə buna görə əmək haqqı verilib. Lakin bunlar mənə təzyiq üçün prokurorluğa şikayət verib, guya söküntü də yeyinti olub deyə qardaşımın fəaliyyətini araşdırırlar. Yoxlama heç nə ortaya çıxarda bilmədi. Lakin bunlar qərəzdən əl çəkməyib təkrar yoxlama təşkil edirlər. Yaxud, kənddə işləyən bacıma dair yalandan arayış verirlər ki, guya o Bakıda yaşayır və burada işləyə bilməz.

Doğrudanmı, Lerik prokurorluğu hər sahəni belə ədalətlə yoxlatdırır?

4-5 il öncə Lerikin Züvüç kəndində 13 yaşlı oğlan uşağını öldürmüşdülər. Adını da qoymuşdular ki, 1 metrlik hündürlüyü olan koldan özünü asıb. Dəfələrlə, hətta Fuad Ələsgərova qədər şikayət etsələr də, işi ört-basdır edib bağladılar. Lerikin Ağ Keşlə adlıməşhur ocağında və digər yerlərdə olduqca böyük tarixi dəyəri olan QOÇ qəbirlərinin oğurladılar. (Onlarla digər misallar da çəkmək olar). Niyə prokurorluq bu cinayətlər üçün narahat deyil,  sökülmüş bir köhnə məktəbin tör-töküntüləri üçün belə "əzab” çəkir?

Hər şeyi qanuni yolla həll etməyə çalışıram

Qondarma bəhanələrlə işdən azad olunmuşam. Balalarıma qarın dolusu çörək tapmıram. Məndən rüşvət tələb olunmasına dair (əlimdə səs yazıları var) Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə idarəsinə şikayət etmişəm, Baş Prokurorun qəbulunda olmuşam. Heç bir araşdırma aparılmır. Özüm izahat yazıb poçtla rayon prokurorun ünvanına yollamışam.

Bundan əlavə işdən qanunsuz azad olunmağımla bağlı Şirvan İqtisad Məhkəməsinə müraciət etmişəm. İşə gələn ay baxılacaq.
 
Həyatımız cəhənnəmə dönüb

Haqq səsimizi eşidən yoxdur. İHB-nin şöbə müdiri Əlipənah Bayramov və sabiq ərazi nümayəndəsi  Şahbaz Rəhimov deyir ki, hər yerdə adamımız var. Prokurorluqda da, məhkəmədə də işi bağlayacağıq. Elə də edirlər.

Hər an şərlənəcəyimdən qorxuram

Kəndə gəlməyə, küçəyə çıxmağa ehtiyat edirəm ki, cibimə narkotik atar, başqa təxribata çəkər, digər qisasçılıq edərlər.

Lerik mərdlər diyarıdır

Vaxtilə burada İbadulla bəy adlı vicdanlı  pristav olub. Cibinə zorla rüşvət qoyulduğu üçün həmin pulu kənara atıb və həmin cibini tikib ki, murdarlanıb, ora əli dəyməsin. İndi isə rüşvət verməyənin əlin, ayağını, ağzın "tikirlər”.

Hamınızdan kömək istəyirəm. Həyatım təhlükədədir. Vaxtilə Lerikdən 50-dən artıq kəndin sakini sürgün edilmişdi. İndi isə özümüz bu qəddar məmurların əlindən ailəlikcə sürgün olunmaq istəyirik.

Qarşı tərəfin fikri

Qarşı tərəfin fikrini öyrənmək üçün Lerik Rayon İHB-nin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə şöbəsinə müdiri Əlipənah Bayramova zəng vurduq. O, telefonda bildirdi ki, deyilənlər yalandır. V. Cənnətov bizə şər atır. Biz ondan qəzet pulu istəmişik. Yəni, alacağı mükafatdan qəzet puluna ödəsin. Lakin o bizi  şantaj edir. Baş Prokurorluq məsələni araşdırıb, təsdiqini tapmayıb. Şirvan Apelyasiya məhkəməsi də yəqin ki, işə ədalətlə baxacaq. Ona və ailəsinə qarşı da heç bir təzyiq və təhdid yoxdur.

Hazırladı: Zahir Əmənov
"Cənub Xəbərləri"

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->