Ölkə 11:40 12.10.2019

#Leylaüçünsusma #SərdarCəlaloğlusəndanışma (REPLİKA/VİDEO)

Son illərdə özünün "sensasion” açıqlamaları ilə hər kəsi heyrətləndirən ADP sədri Sərdar Cəlaloğlu yenə gündəmə gəlib. 

Son aylarda müxtəlif ictimai xadimlərlə qırğınlara çıxan Cəlaloğlu, cəmiyyətin bütün təbəqələrinin #qadınaşiddətəson deyərək qadınlara qarşı zorakılığa çıxdığı bir vaxtda  "Azadlıq” radiosuna danışaraq lap "gül” vurub: "Qadının özbaşınalıq hüququ yoxdur, ərə tabe olmalıdır”.

Bəzi ərəb ölkələri din xadimlərinin eybəcər "şəriət qanun”larını xatırladan bu aqressiv fikir Şərqdə ilk demokratik cümhuriyyət qurmuş xalqın nümayəndələrində təbii olaraq təəssüf və hiddət doğurub.

Cəlaloğlunun səsləndirdiyi "hökm”ə sağdan, soldan, aşağıdan, yuxarıdan baxsaq bunun nə qədər absurd bir fikir olduğunu, nə qanuna, nə dinə sığmadığını görmək olar. Bir anlıq göz önümüzə gətirək. 

Təsəvvür edək ki, bir qadın bələdiyyə sədridir. Deməli həmin qadın qərarları ərindən icazə verərək qəbul edəcək?! Yaxud qadın məhkəmə hakimi, icra başçısı... Qadın icra başçısının əri "evə 19:00-dan gec gəlmə” tələbini qoya bilər? O zaman rayonun qayğıları necə olacaq?

Vallah, Sərdar bəy axırıncı müsahibəsində o qədər absurd fikirlər səsləndirib ki, bu, nəinki hiddət doğurub, hətta çox gülünc qarşılanıb.

ADP sədri müsahibəsində daha da irəli gedərək lap ağ edib. Adam boşanmış qadınları təhqir edib: "İslam dini əxlaqsızlıq istisna olmaqla qadının boşanmasını zina heab edir. Qadın əgər bilir ki, boşansa 50 dənə müştərisi var – başqasına ərə gedəcək – o bir ərdə dayanmaz ki... Gündə birini dəyişər. Ona görə İsa peyğəmbər deyirdi ki, boşanmış qadını almağın özü zinadır”.

Birincisi, İslam dinində boşanmanın hər hansı bir formasının zina olması (?) barədə heç nə yoxdur. İkincisi, İsa peyğəmbərin adından belə bir fikir ortaya atılması gülməlidir. Üçüncüsü, Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır...

Sərdar Cəlaloğlu boşanmaların sayının artdığı bir vaxtda boşanan qadınları təhqir edir. Halbuki, onun kimi ictimai xadimlər boşanmaların sayının artmasının qarşısını almaq üçün çıxış yolları göstərməli, boşanmış qadınların sonrakı taleyi və s. barədə çıxışlar etməli, bir sözlə, ortaya ziyalı mövqeyi qoymalı idi. Amma ortada ziyalı yox, ziyanlı mövqe gördük.


Ona görə də hörmətli Sərdar bəy, problemi həll etmək üçün təklifləriniz lazım deyil, Siz ən yaxşısı susun, lütfən susun!

#qadınaşiddətəson, #Leylaüçünsusma #SərdarCəlaloğlusəndanışma
 
Lalə
Qaynarinfo.az