"Neft 50 dollara qalxa da bilər, amma sonra yenə düşəcək”.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, Brent markalı qara neftin qiyməti ötən həftələrdə 46 dolları gördükdən sonra bu gün yenə 40 dollardan aşağı düşüb:
"Axırıncı dəfə neft iyunun 25-də 40 dollardan ucuz satılırdı. Səbəb tələbatın tezliklə bərpasına olan ümidlərin azalması, koronavirusun 2-ci dalğası ilə bağlı qorxular və Səudiyyə Ərəbistanının asiyalı müştərilər başda olmaqla, bütün alıcılara endirim etməsidir. Üzən anbarlarda, tankerlərdə saxlanılan neft həcminin son bir həftədə 7,3% artması da qiymətə basqı yaradır. İndi tankerlərdə 168 milyon barel neft saxlanılır ki, bu, ötən ilin eyni dövründəki həcmdən 232 % çoxdur. Volatillik davam edəcək, neft 50 dollara qalxa da bilər, amma sonra yenə düşəcək”.
Şahin Cəfərli qeyd edib ki, Azərbaycanın köklü siyasi və iqtisadi dəyişikliklərə, islahatlara ehtiyacı var:
"Bədbinlik aşılamaq üçün demirəm, gələcəyimiz doğrudan da qaranlıq görünür. Ölkə rəhbərliyi cəmiyyətin bütün proqressiv qüvvələri ilə birlikdə, ləngimədən həqiqi islahatların həyata keçirilməsinə qərar verməlidir. İnanmıram ki, bu addım atılarsa, kimsə - hansısa siyasi qüvvə bunu hakimiyyətin zəifliyi kimi qiymətləndirib, başqa fikirlərə düşəcək. Əksinə, belə bir qərar toplumun ciddi dəstəyini alacaq”.
Bahar Rüstəmli
Şərhlər