3000-dən çox erkən nikaha daxil olan ailə var
Ölkədə erkən nikah problemi hələ də qalmaqdadır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan ailələrdir. Azərbaycan qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və 17 yaşından kiçik qızların ailə qurması və birgə yaşamasıdır. Azərbaycanda belə ailələrin sayı rəsmi açıqlanmasa da, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının, müstəqil ekspertlərin dilə gətirdikləri narahatlıqlar bu məsələdə statistikanın hədsiz çox olduğunu deməyə əsas verir.
Araşdırmalara görə ölkədə hər 6 nəfərdən biri 18 yaşına çatmadan ailə qurur. UNİSEF-in məlumatında Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurduğu bildirilir. Bu elə də az rəqəm sayılmır. Erkən nikahın müxtəlif başvermə səbəbləri var. Müşahidələrə görə çox vaxt erkən nikaha rəvac verən ailənin maddi sıxıntısı olur. Digər tərəfdən isə buna "din xadimləri” maraq göstərir. Çox hallarda maddiyyat güdən bəzi "din xadimləri” azyaşlıların nikaha girməsinə özləri təşəbbüskar olurlar. Təəssüf ki, onlar bu məsələdə cinayət məsuliyyətindən yaxalarını da asanlıqla qurtara bilirlər.
Erkən nikahın səbəbləri...
Daha çox müşahidə olunan hallardan biri də Rusiyada və digər ölkələrdə yaşayan oğlanların ailə qurmaq üçün azyaşlı qızlara üstünlük vermələridir. Onlar bu səbəbdən vətənə gəlir, ya özlərinin, ya da ailələrinin istəyi ilə azyaşlı qızlarla ailə qururlar. Ailə quran kişilərin bir qismi yenidən xarici ölkəyə qayıdır, lakin evləndiyi xanımı özləri ilə aparmırlar. Bir qismi isə ailəsini aparsa da, sonradan geri göndərirlər. Bu amil sonradan ailədaxili konfliktlərin yaranmasına səbəb olub.
Son vaxtlar qızların erkən yaşda ailə qurması artıq dəb halını alıb. Bu məsələdə maraqlı olan valideynlər hesab edirlər ki, qızları erkən yaşda ailə qurmasalar, evdə qalacaq, ər tapa bilməyəcəklər. Amma erkən nikahın gələcəkdə hansı fəsadlara yol aça biləcəyinə göz yumulur. Demək olar ki, əksər ana və uşaq ölümlərində iştirakçı olan xanımların erkən yaşda olmasına rast gəlinir. Bundan əlavə boşanmalar da erkən yaşlarında ailə quran qadınlar arasında baş verir. Erkən yaşda ailə quran qadınların orta təhsili belə yarımçıq qaldığından və ya olmadığından, gələcəkdə iş barədə də çətinlikləri yaranır. Belə ki, erkən nikaha girən və sonradan boşanan qadın təhsili olmadığı üçün özünə iş tapa bilmir. Bu halda o, pul qazanmaq üçün ya əxlaqsızlığa, ya da digər təhlükəli yollara əl atmağa məcbur olur. Çıxış yolu tapmayanda isə intihara əl atır. Bir sözlə, erkən nikah halları cəmiyyətin inkişafı və gələcəyi üçün ciddi fəsadlara yol açır ki, bu da ölkənin qlobal bəlasına çevrilir. Sözügedən məsələdə kifayət qədər maarifləndirmə işi aparılsa da, nəticə göz qabağındadır. Ekspertlər hesab edir ki, erkən nikahlarda əsas məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür. Daha sonra isə orta məktəblər bu məsələdə cavabdehlik daşıyırlar. İndiki halda o dövrdən fərqli olaraq dərsdən yayınan şagirdlərin arxasınca düşülmür. Əgər 13-14 yaşında qız nişanlandığı üçün dərsdən qalırsa, məktəb rəhbərliyi bunu çox normal qarşılayır, ailənin üzərinə düşən vəzifədir deyib, məsələnin üzərindən yan keçir. Halbuki bu məsələdə ictimai qınaq olmalıdır. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə nikah yaşı çatmayan, 15-17 yaş arasında qızlar tərəfindən 2011-ci ildə 4392 uşaq dünyaya gəlmişdisə, 2015-ci ildə bu rəqəm 2895 olub. 2016-ci ilin birinci yarısında isə 15-17 yaşlı qızlar tərəfindən 1336 uşaq dünyaya gətirilib. Komitə iddia edir ki, Ailə Məcəlləsində nikah yaş həddinin qaldırılması və Cinayət Məcəlləsində dəyişiklərin edilməsi erkən nikahların sayının azalmasına səbəb olub.
İslamda erkən nikah
İslamda həddi-buluğ və erkən nikahlar məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. "Qurani-Kərim”də nikah yaşı ilə bağlı ayələr var. Müqəddəs kitabımızda nikah yaşı ilə bağlı konkret bir məlumat yoxdur. Çünki yetkinlik həddi fərdlərin fiziki və əqli səviyyələrinə görə müxtəlif olduğu üçün, onun konkret bir yaş ilə ifadə edilməsi mümkün deyil. Buna görə də, "Qurani-Kərim”də yalnız həddi-buluğ (rüşd) səviyyəsi ilə əlaqədar ayələr yer alıb: "Yetimləri yetkinlik yaşına çatanadək imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın.” (Nisə, 6)
"Yetimin malına xeyirxah məqsəd istisna olmaqla, həddi-buluğa çatanadək yaxın düşməyin” (Ənam, 152).
Bu ayələrdən göründüyü kimi, yetimlər həddi-buluğa (rüşd) çatdıqdan sonra miras malları özlərinə qaytarılmalıdır. Burada yaş göstərilmir. Çünki yetkinlik yalnız fizioloji deyil, həm də psixoloji, əqli təkamüldür. Lakin, şəxsin miras buraxılan mala sahib çıxması üçün, onun həmin malı (pul, qızıl, mülk) istifadə etmək qabiliyyəti və həm də ona sahib olması barədə hüquqi sənədi olmalıdır. Bu qabiliyyət və sənədin əldə olunması üçün, gənc ən azı 17-18 yaş həddinə gəlməlidir. 12-13 yaşında kimsəsiz, yetim bir qızın və ya oğlanın öz malını istifadə etməsi və onu artırması (ticarət ilə) inandırıcı deyil. Həmçinin, uşaqların bu yaşda mülkiyyət və miras sahibi olması da mümkün deyil. Müsəlman aləmində erkən evliliyə əsas verən əsas səbəblərdən biri və ən başlıcası, Xanım Aişənin Hz. Muhəmməd (s) ilə erkən nikahda olması barədə olan hədislərdir. Xanım Aişə deyir: "Mən altı (başqa rəvayətdə yeddi) yaşında ikən, Hz. Peyğəmbər (səs) mənimlə evləndi, doqquz yaşımda da mənimlə birlikdə oldu”. Halbuki, nikah yaşının 6 və ya 9 yaş olması Quranın həddi-buluğ (rüşd) barədə olan ayələrinə də zidd gəlir. Buna baxmayaraq, müsəlman aləmində bütün dövrlərdə erkən nikah davam edərək bu günə qədər gəlib çatıb. Çünki məhz hədisə istinad edərək bu ənənəyə haqq qazandırılır.
İslamda nikah - əqli, fiziki və psixoloji sağlam olan qadın və kişinin arasında ailə qurmaq məqsədilə qarşılıqlı razılaşma əsasında bağlanan hüquqi aktdır. Bu hüquqi akt nəticəsində ortaya qoyulan hüquqi sənəd tərəflərin qarşılıqlı vəzifə, məsuliyyət və öhdəliklərini müəyyənləşdirir. Qadın dünyaya övlad gətirməklə öz əsas vəzifəsini yerinə yetirir və bununla kişinin nəslinin davam etdirilməsini təmin edir. Kişi isə, əvəzində ailəsini qorumaq, onu təmin etməklə məsuliyyət daşıyır. Yetkinlik yaşına çatmamış bir qızın sağlam övlad dünyaya gətirməsi nə qədər çətindirsə, həddi-buluğa çatmamış bir oğlanın da mehir vermək və ailəsini maddi təmin etmək imkanları o qədər məhduddur.
Bu nikahdan xəstə uşaqlar doğulur…
Tibbi cəhətdən də 18 yaşına çatmamış qızlar ana olmaq iqtidarında deyillər. Həkimlərin fikrinə görə, erkən nikaha daxil olan qızların sağlamlıqla bağlı problemləri daha çox olur. Erkən yaşda ana olmaq həm onların öz səhhətində fəsadlar ortaya çıxarır, həm də xəstə, müxtəlif çatışmazlıqları olan uşaqların dünyaya gəlməsinə səbəb olur. Həmin fəsadlarla dünyaya gələn uşaqlar isə gələcəkdə sağlamlıqla əlaqədar problem çəkirlər.
Bütün bu fəsadların olmasına baxmayaraq, erkən nikah halları Azərbaycanda artmaqdadır. Rəsmi nikah hesab olunmadığı üçün dəqiq statistika olmasa da, artıq Azərbaycanda 3000-dən çox erkən nikaha daxil olan ailələr var.
Mənbə: cebhe.info
Şərhlər