Xəbər lenti

Dünya 16:06 17.01.2025

"London Kiyevə tam dəstək verəcək" - Ekspert

"Londonun Ukrayna ilə bağlı atdığı bu addım gələcək müharibə və qaşıdurmalara hazırlıq məqsədi daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Böyük Britaniya ilə Ukrayna arasında imzalanan 100 illik tərəfdaşlıq sazişini və Londonun bu ölkəyə sülhməramlılar göndərməkdə rol oynamaq niyyətini şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, Böyük Britaniya ilə Kiyev arasında bir əsrlik tərəfdaşlıq haqqında saziş Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə hesablanmış addımdır:

"Bu saziş və Londonun Ukraynaya sülhməramlıların göndərilməsində rol oynamağa çalışması Kiyevin mövqelərinin qorunması və Rusiyaya qarşı müharibədə ən azından duruş gətirməsini təmin etmək üçün ona maksimal dərəcədə yardım göstərməyi nəzərdə tutur. Sazişdə həm hərbi, həm diplomatik, həm də digər sahələrdə Ukraynaya yardımların edilməsi nəzərdə tutulur. Deməli, Böyük Britaniya növbəti mərhələdə Ukraynada dəstəyi daha da gücləndirəcək".
 
Həmsöhbətimizin fikrincə, saziş bəlkə də ona hesablanıb ki, ABŞ prezidenti Donald Tramp irəli sürdüyü planları həyata keçirə bilsə və müharibə dayansa da belə, bu problemin həlli demək olmayacaq:

"Bunu London da gözəl bilir və ona görə də yaranacaq fasilədən Ukraynanın bərpası, gücünün artıtılması üçün dinamik şəkildə istifadə etməyi düşünürlər. Bu siyasətdə Britaniyanın məqsədləri, hədəfləri daha genişdir".

 

Ekspert qeyd edir ki, burada söhbət təkcə Ukraynanın ərazi bütövlüyünün bərpasından getmir, həmçinin Avropa üçün Rusiya probleminin perspektiv həllindən gedir: 

"Müəyyən müddətdən sonra dünyadakı qarşıdurmaların artmayacağına heç bir qarantiya yoxdur. Təhdidlər olduğu kimi qalır. Ukrayna müharibəsi dayandırılsa da, o heç nəyi dəyişmir. Bunu İsraillə HƏMAS qarşıdurmasına, Suriya məsələsinə də aid etmək olar. Bu qarşıdurmalarda da səbəblər hələ ki, aradan qaldırılmayıb. Ona görə torba dola-dola nə zamansa yenidən partlayacaq".

Arif Əliyev deyir ki, Londonun bu cür təsirli addımı atarkən ola bilsin öncədən mövqeyini Avropa İttifaqı, bəlkə də ABŞ-la da razılaşdırıb:

"Yəni bunlar impulsiv addımlar deyil. Bu  mənada Ukraynaya ya Britaniya vasitəsilə əlavə dəstəklər, yaxud da ayrı-ayrı istiqamətlərdən eyni məqsədlərə yönəlmiş dəstəklər olacaq".

Qeyd edək ki, Böyük Britaniya və Ukrayna arasında 100 illik tərəfdaşlıq haqqında saziş imzalanıb. Sazişi Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və  Britaniyanın Baş naziri Kir Starmer imzalayıb. Zelenskinin sözlərinə görə, bu  saziş hərtərəfli xarakter daşıyır. O, təhlükəsizlik, müdafiə, iqtisadi və texnoloji  komponentləri, həmçinin informasiya və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir:

"Bu, təkcə indiki təhdidlərə cavab verməyə deyil, həm də müdafiə potensialımızın və aktiv fəaliyyət imkanlarımızın necə inkişaf edəcəyini görməyə imkan yaradır”. 

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə qeyd edib ki, ölkəsi Ukraynaya sülhməramlıların göndərilməsində öz rolunu oynamağa hazırdır:
"Mən bunu bir sıra müttəfiqlərlə, həmçinin Prezidenti Emmanuel Makronla müzakirə etmişəm, biz öz rolumuzu tam yerinə yetirəcəyik. Biz öhdəmizə düşəni tam şəkildə edəcəyik. Çünki məsələ təkcə Ukraynanın suverenliyindən getmir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->