Alimlər COVID-19 pandemiyasının nəticələrini və onun orqanizmə uzunmüddətli təsirini araşdırmağa davam edirlər.
Long COVID adlanan sindromun bir çox simptomları artıq məlumdur: beyin dumanı, daimi yorğunluq və s. Lakin yeni tədqiqatlar göstərir ki, bu təsirlər daha dərin, mürəkkəb və bəzən daha az nəzərə çarpandır.
Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times yazır.
Beyin: o niyə dumanlanır?
Bir çox pasiyentlər xəstəlik zamanı baş ağrısı, başgicəllənmə, düşüncələrin qarışması, diqqət toplamaqda çətinlik və yaddaş problemləri yaşayırlar. Bu simptomlar aylarla davam edə bilər.
Müxtəlif qiymətləndirmələrə görə, insanları 30%-ə qədəri infeksiyadan azı üç ay sonra belə bu təsirləri hiss edir.
Bunun əsas səbəbi iltihabdır. O, neyronlara zərər vurur və onların arasında əlaqələrin formalaşmasına mane olur.
Bəzi ehtimallara görə, virus qan-beyin baryerini pozur və onun fraqmentləri beyində gözləniləndən daha uzun müddət qala bilər.
Ağciyərlər: qalan çapıqlar
COVID-19 əsas xəstəlik keçdikdən sonra belə uzunmüddətli tənəffüs problemlərinə səbəb ola bilər. Bəzi hallarda sətəlcəm inkişaf edir və ya ağciyərlərdə çapıqlar yaranır, bu isə onların orqanizmi oksigenlə təmin etmə qabiliyyətini azaldır.
Araşdırmalar göstərir ki, xəstəxanaya yerləşdirilmiş pasiyentlərin 10%-dən çoxunda iki il sonra da ağciyər zədələnmələrinin əlamətləri qalır.
Virus tənəffüs yollarının hüceyrələrinə təsir edərək iltihaba səbəb olur, sağlam toxumaları dağıdır. Nəticədə həmin yerlərdə çapıqlar əmələ gəlir, bu da ağciyərlərin genişlənmə qabiliyyətini məhdudlaşdırır.
Ürək: gizli təhlükə
COVID-19 ürək xəstəlikləri – infarkt, insult, aritmiya riskini artıra bilər. Aparılan genişmiqyaslı tədqiqatlardan biri göstərib ki, belə pasiyentlərdə ürək-damar xəstəliklərinin inkişaf riski üç il ərzində yüksək qalır.
İnfeksiya ürəyə güclü yük yaradır. Virus həmçinin damar divarlarına zərər verə, iltihaba səbəb ola və ya qan laxtalanmasını artıraraq qan axınını bağlaya bilər.
Bağırsaq: uzunmüddətli həzm problemləri
COVID-19-dan sonra bəzi insanlar reflyuks, qəbizlik, ishal və ya qarın ağrısından şikayətlənir. 2024-cü ildə aparılan tədqiqat göstərdi ki, infeksiyadan sonra 10% insan daimi qarın ağrısı, 13%-i isə digər həzm problemləri yaşayır.
Virus bağırsaq mikrobiomunun balansını pozur – "yaxşı” bakteriyaların sayını azaldır, "pis” bakteriyaların sayını isə artırır. Bu, bağırsaq divarlarında iltihaba və zədələrə səbəb olur ki, nəticədə toksinlər bədənə daxil ola bilir.
İnfeksiyanın və dəyişən bağırsaq mikroblarının yaratdığı iltihab bağırsaq selikli qişasını zədələyir. Bu isə toksinlərin və qida hissəciklərinin digər orqanlara keçməsinə imkan yaradır.
Daha sonra immun hüceyrələri buna reaksiya verərək bəzi qidalara qarşı allergiyaya bənzər həssaslıq yarada bilər ki, bu da qida intolerantlığına səbəb olur.
İltihab həmçinin bağırsaqda ağrı siqnalları verən və qida hərəkətini tənzimləyən sinirləri zədələyə bilər. Nəticədə, pasiyentlərdə həm ağrı, həm də ishal və ya qəbizlik inkişaf edə bilər.
Qan dövranı və damarlar: idmana qayıtmaq niyə çətin olur?
Bəzi post-COVID pasiyentlərində qan dövranı pozulur. Orqanizm qanın aşağı hissələrdən ürəyə axınını çətinliklə yerinə yetirir ki, bu da yorğunluq, təngnəfəslik və fiziki aktivlikdən sonra halsızlıq yaradır.
Alimlər bunun səbəbi kimi iltihabı göstərirlər, çünki o, damarların tonusunu tənzimləyən sinir liflərinə zərər verir. Eyni zamanda, hüceyrələrin enerji mənbəyi olan mitoxondriyalar da zədələnir. Bunun nəticəsində əzələlər oksigendən daha pis istifadə etməyə başlayır.
Alpər
Şərhlər