İngiltərənin Norfolk kənd ərazisində tikinti öncəsi aparılan adi qazıntı, tarix səhifələrindən çıxan möhtəşəm bir kəşfə ev sahibliyi edib. Arxeoloqlar, təxminən 2 min il əvvəl hazırlanmış və antik döyüşlərin ən dəhşətli səslərini çıxaran nadir bir döyüş trompetini tapıb.
Qaynarinfo xəbər verir ki, "Carnyx” adlanan bu mis alət Roma İmperiyasına qarşı üsyan edən əfsanəvi döyüşçü kraliça Boudikanın ordusuna aid ola bilər.
Keçən il tapılan və detalları 7 yanvar 2026-da ictimaiyyətlə paylaşılmış bu metal xəzinə yalnız musiqi aləti deyil, həm də Dəmir Dövrü Avropasının hərbi gücünü simvolizə edən nadir parçaları özündə birləşdirir.
Qazıntı zamanı "Carnyx"dən başqa, hərbi birliyi təmsil edən yabanı donuz başlı sancaq, qalxanların mərkəzini bəzəyən beş zərif metal parça və müxtəlif hərbi avadanlıqlar da aşkar edilib. Mütəxəssislər qeyd edirlər ki, Avropada bu cür tapıntılar çox nadirdir, İngiltərədə isə indiyə qədər yalnız üç nümunəsi aşkar olunub.
Dik bir quruluşa malik olan və ucu açıq ağızlı heyvan fiquru ilə bitən bu trompetlər, Kelt tayfalarının döyüş meydanlarında ən xarakterik avadanlıqlarından biri olub. Hətta məlumdur ki, Roma əsgərləri bu dəhşətli səs çıxaran alətləri döyüş qəniməti olaraq yanlarında aparıblar.
Döyüş meydanının əks-sədası laboratoriya yolunda
Xəzinənin tapıldığı bölgə olan Qərbi Norfolk, Miladdan sonra 60-cı ildə romalılara qarşı böyük üsyan başlatmış İceni tayfasının əsas vətəni sayılır. Kraliça Boudikanın rəhbərlik etdiyi bu müqavimət, hər nə qədər məğlubiyyətlə nəticələnsə və İngiltərədə Roma hakimiyyətinin yolunu açsa da, tapılan qalıqlar həmin dövrün müqavimət ruhuna işıq tutur. Araşdırmaıçılar bu trompetin necə səs çıxardığını anlamaq üçün əvvəlcə Şotlandiya Milli Muzeyi tərəfindən hazırlanmış nüsxələri və musiqiçi Con Kenninin ifalarını referans götürürlər. Çıxan səsin düşmən sıralarında qorxu yaratmaq üçün nəzərdə tutulduğu açıq-aydın görünür.
Tapılan bu qiymətli parçalar zədələnməsin deyə, torpaqla birlikdə böyük blok şəklində çıxarılıb. Laboratoriya mühitinə daşınan bu kütlə, hər bir detalı görünənə qədər rentgen və tomoqrafiya taramalarından keçirilir. Qoruma və araşdırma prosesi davam edir, bu kəşfin bütün həyəcanverici detalları isə yaxın günlərdə BBC-nin məşhur arxeologiya proqramında izləyicilərlə paylaşılacaq.
Aydın
Şərhlər