Ölümcül xəstəliyin üzəriylə gəzirik (XƏBƏRDARLIQ)

Ölümcül xəstəliyin üzəriylə gəzirik (XƏBƏRDARLIQ)

Sabirabad rayonunda qarayara xəstəliyindən baş verən ölüm hadisəsi narahatlığa səbəb olub. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qarayara ilə bağlı ölkəmizdə epizootik vəziyyət sabitdir. 

Onun sözlərinə görə, Azərbaycanda 2005-ci ildən sonra heyvanlar arasında qarayara xəstəliyinə yoluxma və ölüm halları qeydə alınmayıb. Baş məsləhətçi deyir ki, Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu mal-qara arasında qarayara xəstəliyinə qarşı peyvənd aparılır. Təkcə bu ilin ilk 6 ayı ərzində 2 530 204 baş iribuynuzlu, 7 185 984 baş xırdabuynuzlu, 81 363 baş təkdırnaqlı heyvan, 4105 baş donuz, 320 baş dəvə qarayara xəstəliyinə görə peyvənd edilib. Y. Xanvəlinin sözlərinə görə, odur ki, bu xəstəliyin heyvandan insana keçməsi halı qeydə alına bilməz: "Bu xəstəliyin törədiciləri torpaqda yüz illərlə yaşaya bilir. Ola bilər ki, həmin şəxslərə də bu xəstəlik torpaqdan keçsin. Ona görə də, biz illərdir ki, əhaliyə xəbərdarlıq edirik ki, torpaqda işləyən insanlar, əkinlə-biçinlə məşğul olanlar ildə azı bir dəfə qarayara virusuna görə müayinədən keçməlidirlər".

Y.Xanvəli qeyd edib ki, hətta inşaat işləri aparılarkən də torpaqdan qarayara xəstəliyinə görə nümunə götürülüb yoxlanılmalıdır. Onun sözlərinə görə, qarayara xəstəliyinin Sabirabadda qeydə alındığı xəstələrə necə yoluxduğu Qida Təhlükəsizliyi Agentliyi və Taun Əleyhinə Stansiya tərəfindən araşdırılmalıdır. Həmsöhbətimiz deyir ki, qarayara xəstəliyi quşlar arasında qeydə alınmır. Qurum səlahiyyətlisi onu da qeyd edib ki, qarayara xəstəliyinin ən ağır forması virus daxili orqanlara düşdüyü halda baş verir: "Dəridə qeydə alınan qarayara xəstəliyinin müalicəsi var. Amma xəstəlik nəfəs yolu ilə keçdikdə isə ağciyərdə müalicəsi mümkünsüz olur".

Xatırladaq ki, Səhiyyə Nazirliyinin məlumatına görə, artıq Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. İyul ayının 25-i xəstələr ağır vəziyyətdə KTM-ə yerləşdiriliblər. İyul ayının 29 xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hazırda ikinci xəstənin müalicəsi davam edir. Bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Qarayara xəstəliyi 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.
XƏBƏRLƏR
BLOGLAR