Xəbər lenti

Macarıstanda Qarabağla bağlı təqdimat və kitab sərgisi  keçirilib (FOTOLAR)
Foto 12:19 03.09.2018

Macarıstanda Qarabağla bağlı təqdimat və kitab sərgisi keçirilib (FOTOLAR)

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Münaqişə zonalarında humanitar fəlakət və tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin baxışında” adlı layihə çərçivəsində 23-27 avqust 2018-ci il tarixlərində Macarıstanın Debresen universitetində gənc alimlər, doktorantlar, magistrlər üçün təqdimat və kitab sərgisi təşkil edib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtaraşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilib, gənc tədqiqatçılar üçün Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab sərgisi təşkil edilib. 

Avropa Gənc Alimlər Şurasının və Macarıstan Gənc Alimlər Assosasiyasının təşkilati dəstəyi ilə təşkil olunmuş elmi təqdimat və kitab sərgisndə 200 nəfər gənc alim, doktorant və magistrlər iştirak edib. 

Macarıstanın Pannonia Universitetinin müəllimi, EURODOC-un İdarə Heyətinin üzvü  Peter Szabo tədbirdə çıxış edib, həm EURODOC-la, həm də təmsil etdiyi Macarıstanın DOSZ təşkilatı ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti arasında əməkdaşlıqdan danışıb və bu cür maarifləndirici tədbirlərin gələcəkdə də həyata keçirilməsinin önəmini qeyd edib.  

Tədbirdə eyni zamanda Debresen Universitetinin rektoru Zoltan Szilvassy və  Universitetin digər rəsmi nümayəndələri də iştirak ediblər. 

Tədbirdə layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədi barədə danışaraq bildirib ki, artiq uzun illərdir ki Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib:

"Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb".

Layihənin eksperti, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli çıxışında qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri qalıb:

"Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin, işğal altında olan ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır".

İştirakçılara Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış halı şəkillər vasitəsilə iştirakçılara göstərilib. 

Tədbirin yekununda iştirakçılara Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunub. Avropali gənc alim və tədqiqatçılara müraciət olunub ki, münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dagıdılmasına biganə qalmasınlar və buna qarşı mübarizə aparsınlar. Universitetdə təşkil olunmuş kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunmuşdur. Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunmuş, eyni zamanda iştirakçılar arasında paylanıb.

Kitab sərgisində əsasən AMEA Tarix İnstitutunun ingilis dilində olan nəşrləri və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi nəşrləri sərgilənib. Kitablar avropalı gənc alimlərin böyük marağına səbəb olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->