Xəbər lenti

Magistratura və rezidenturaya qəbul imtahanlarının tarixi açıqlandı
Ölkə 09:30 19.12.2018

Magistratura və rezidenturaya qəbul imtahanlarının tarixi açıqlandı

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının I mərhələsi 2019-cu ilin fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları yanvarın 26-da (A növü) və fevralın 17-də (B növü) keçiriləcək. Dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcəkdir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının "təqvim” bölməsinə əlavə ediləcəkdir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->