Xəbər lenti

Makronun hədəfi: Ermənistan Fransanın müstəmləkəsinə çevrilir
Dünya 17:31 24.02.2024

Makronun hədəfi: Ermənistan Fransanın müstəmləkəsinə çevrilir

"Fransızların erməniləri silahlandırması daha çox Ermənistanı Rusiyanın cəngindən almaq və öz əsarətlərinə salmaq məqsədi güdür”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev deyib.

Politoloq bildirib ki, Rusiyanın forpostu olmaqdan yaxa qurtarmağa çalışan Ermənistanın hazırkı hakimiyyəti özü də fərqinə varmadan sürətlə Fransanın forpostuna çevrilir:

”Makron üçün Afrikada itirilən nüfuzun bərpası önəmlidir. Ona görə də Ermənistan üzərindən Cənubi Qafqazda yerləşməyə çalışır. Bu həm də Paris üçün Moskvaya qarşı bir qisas əməliyyatıdır. Ona görə də fikrimcə, fransızların erməniləri silahlandırması daha çox Ermənistanı Rusiyanın cəngindən almaq və öz əsarətlərinə salmaq məqsədi güdür. Fransa Ermənistan ordusunu içindəki Rusiya "5-ci kolon”a qarşı daha sərt addımlar ata bilməsi üçün hazırlayır. Ona görə də hədəfi Azərbaycan göstərməklə sanki izi azdırmağa çalışırlar. Təəssüf ki, bu prosesdə Gürcüstan da silahların keçirilməsinə izn verməklə mənfi rol oynayır. Prosesin qarşısını ala biləcək real qüvvə isə Türkiyədir. Amma Türkiyənin Dardanel boğazından keçid beynəlxalq müqavilələrlə tənzimlənir”. 
 


Yaranmış vəziyyətdə Azərbaycanla Ermənistan arasında müharibənin yenidən alovlanması ehtimalı olsa da, həmsöhbətimiz bu gün üçün onu real hesab etmir:

"Erməni ordusu Azərbaycanla müharibə aparmağa qadir olacaq qədər hazırlıqlı deyil. Erməni ordusu mənəvi psixoloji cəhətdən də tamamilə darmadağın edilib”. 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri zamanı fransızlar yaxın vaxtlarda İrəvana hərbi texnika və silah-sursat göndəriləcəyinin anonsunu verib. Bununla bağlı hətta Fransanın müdafiə naziri İrəvana gəlib. Bundan əvvəl fransızlar Ermənistana hücum xarakterli "Bastion” zirehli avtomobillərini Poti limanı vasitəsilə göndəriblər. Bu dəfə də silahların gəmi ilə Qara dəniz vasitəsilə göndəriləcəyi gözlənilir.
 
Gürcüstanın Qərbin təzyiqi ilə yenidən silah-sursat və texnikanı Ermənistana buraxmayacağına zəmanət yoxdur. Qara dənizlə daşınan bu silahların Azərbaycana qarşı yönələcəyini nəzərə alsaq, bu məsələdə yəqin ki, qardaş Türkiyə nəzarəti gücləndirəcək, Qara dəniz hövzəsi ilə silah daşımalarına xüsusi diqqət edəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->