Aydın Mirzəzadə: “Onlar da xaricdən gələn maliyyə əsasında müəyyən informasiyanı verirlər”
Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Qaynar.info-ya açıqlamasında “Freedom House”un, “Human Rights Watch”un və “Amnesty İnternational”ın Azərbaycan hakimiyyəti ilə bağlı sərt bəynatlar verməsinə münasibət bildirib.
O bildirib ki, bu tip təşkilatların mövqeyi heç də dövlətlərin, rəsmi təşkilatların mövqeyi kimi qəbul edilməməlidir: “Onlar beynəlxalq təşkilatlar deyil. Beynəlxalq təşkilatlar dövlətləri birləşdirən, siyasəti müəyyən edən qurumlardır. Bunlar isə xaricin qeyri-hökumət təşkilatlarıdır”.
YAP-çı deputat bildirib ki, Xarici ölkənin QHT-sinin Azərbaycanla bağlı dediyi fikir o qədər də önəmli deyil: “Bu, hansısa maraqdan irəli gələ bilər. Azərbaycanın həmin təşkilatlar qarşısında öhdəliyi yoxdur, həmin təşkilatın fəaliyyəti tam sərbəstdir, istədiyi fikri söyləyə bilər. Həmin təşkilatlar Azərbaycana qarşı sırf tənqidi mövqedədirlər. Ölkədə gedən dəyişiklikləri, islahatları görmək istəmirlər. İlbəil ölkəmizlə bağlı hesabatlarında eyni fikir səslənir. Amma Azərbaycan öz fəaliyyətini onların mövqeyinə görə deyil, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə, özünün Konstitusiyasına, vətəndaşın qarşısında olan məsuliyyətinə görə müəyyən edir. Bu gün insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların sosial problemlərinin həll edilməsi və iqtisadi inkişaf dövlətin qarşısındakı məsələlərdəndir. Azərbaycanda bu gün insan hüquqlarının qorunması üçün bütün hüquqi mexanizm yaradılıb. Ölkədə demokratik dəyərlər hökm sürür, azad mətbuat və azad siyasi fəaliyyət şəraiti var. Bütün bunlar hamısı Azərbaycan reallığıdır”.
A.Mirzəzadə qeyd edib ki, adı çəkilən təşkilatların ölkə daxilində müəyyən siyasi qruplarla əlaqəsi var: “Daxildən verilən məlumatlar əsasında hesabat hazırlamağa çalışırlar. Yəni qapalı bir mexanizm alınır, xaricdə müəyyən dairələr həmin QHT-ləri Azərbaycanla bağlı fikir söyləməsi üçün maliyyələşdirirlər. Həmin maliyyənin bir hissəsi Azərbaycanda müəyyən dairələrə gəlir. Onlar da xaricdən gələn maliyyə əsasında müəyyən informasiyanı verirlər. Beləlik, beynəlxalq aləmdə Azərbaycanla bağlı fikir formalaşdırmağa çalışırlar. Amma Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu heç də hansısa QHT-nin mövqeyi ilə bağlı deyil, ölkəmiz ilk növbədə beynəlxalq öhdəliklərə əməl edən ölkə kimi öz nüfuzunu qazanır. 155 ölkənin səsi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv olmağımız Azərbaycanın qazandığı nüfuz deyilmi?!”
Şərhlər