Alimlər Marsın unikal qırmızı rənginin səbəbini müəyyən ediblər. Görünür, planet bu rəngi səthi örtən tozun tərkibində olan paslı dəmir mineralı – ferigidrit sayəsində alıb. Bu, ABŞ-ın Braun Universiteti və İsveçrənin Bern Universitetinin alimlərinin rəhbərliyi ilə aparılmış araşdırmada qeyd olunub.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri Nature Communications elmi jurnalında dərc
edilib.
Tədqiqatçılar Mars missiyalarının və NASA-nın Mars Reconnaissance Orbiter, həmçinin Avropa Kosmik Agentliyinin Mars Express və Trace Gas Orbiter aparatlarının orbitdən əldə etdiyi müşahidə məlumatlarını analiz ediblər. Bundan əlavə, marsoxodların yer səviyyəsindəki ölçmələrindən də istifadə olunub.
Orbitə yerləşdirilmiş cihazlar və marsoxodlar sayəsində alimlər planetin tozlu səthinin detallı spektral məlumatlarını əldə ediblər. Daha sonra bu məlumatlar laboratoriya şəraitində tədqiq edilib. Xüsusilə, alimlər ferigidrit və digər mineralların hissəcikləri ilə işığın necə qarşılıqlı təsir etdiyini Marsa bənzər şəraitdə yoxlayıblar.
Mars tozu olduqca xırda hissəciklərdən ibarət olduğu üçün dəqiq və real ölçmələr aparmaq məqsədilə alimlər toz hissəciklərini modelləşdiriblər. Daha sonra isə xüsusi üyüdücü maşından istifadə edərək ferigidrit və bazaltın ölçüsünü submikron səviyyəsinə qədər kiçildiblər.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Marsın süxurlarında olan dəmir müəyyən vaxtda su və ya su ilə oksigenin reaksiyasına girərək dəmir oksidini əmələ gətirib. Uzun illər ərzində bu maddə toza çevrilərək küləklərin təsiri ilə bütün planet səthinə yayılıb.
Əvvəlki araşdırmalarda Marsda olan dəmir oksidi yalnız kosmik aparatlardan müşahidə edilib və bu prosesdə suyun rolu nəzərə çarpmayıb. Bu səbəbdən, alimlər həmin oksidin, çox güman ki, qırmızı rəngli minerallardan biri olan hematit olduğunu düşünürdülər.
Hematitin Mars atmosferi ilə milyardlarla il ərzində reaksiya nəticəsində əmələ gəldiyi və bu prosesin çoxlu miqdarda maye su tələb etmədiyi güman edilirdi. Bu nəzəriyyəyə əsasən, hematit Marsda göllər və çaylar mövcud olduqdan sonra yaranmışdı. Lakin bu hipotez suyun digər dəmir oksidlərinin əmələ gəlməsinə səbəb olması ehtimalı ilə ziddiyyət təşkil edirdi.
Yeni araşdırmaya əsasən, Marsın qırmızı rəngi əslində soyuq suda əmələ gələn ferigidritlə əlaqəli ola bilər. Bu isə alimlərin Marsın milyonlarla il əvvəl necə göründüyü və onun həyat üçün potensial yararlı olub-olmaması ilə bağlı təsəvvürlərini dəyişdirə bilər.
"Min illərlə alimlər Marsın niyə qırmızı olduğunu araşdırıblar. Analizlərimizə əsasən, biz hesab edirik ki, ferigidrit təkcə tozun deyil, həm də süxurların tərkibində geniş yayılıb.
Biz ferigidritin Marsın qırmızı rənginin səbəbi olduğunu düşünən ilk alimlər deyilik, lakin bu, indiyə qədər müşahidə məlumatları və yeni laboratoriya metodları ilə sübut olunmamışdı. Biz, demək olar ki, Mars tozunu laboratoriyada yaratmaqla bunu təsdiqlədik", – deyə Braun Universitetinin tədqiqatçısı Adomas Valantinas bildirib.
Alpər
Şərhlər