Xəbər lenti

Mayın 20-si xalq şairinin 73 yaşı tamam olur
phrase_var_qaynar. 09:42 18.05.2019

Mayın 20-si xalq şairinin 73 yaşı tamam olur

Onun adı üç məna daşıyır, səbirli, dözümlü, dəyanətli. Hər birindən payı verilib. İçindəki qorxuya qalib gəldiyi üçün xalqın ağrı-acısını car çəkməyi həmişə bacarıb. Azadlıq aşiqi olduğundan gəncliyi mübarizələrdə ötüb. Ziyalı kimi də gördüklərinə heç zaman biganə qalmayıb. Problemləri qabardaraq onların həllinə səsləyib. Yazıb yaratdıqları isə ona ölməzlik gətirib. Necə deyərlər, adı özündən çox yaşayacaq…

Bəli, Sabir Rüstəmxanlı xalqının qəhrəman övladlarından biridir. Meydan hərəkatında hər ziyalının cürət edib tribunaya qalxa bilmədiyi vaxtlarda o, sovet hökumətinə meydan oxuyurdu. Xalq bunun şahidi olub…

Bəlkə də indi kitabxanalarda toz basıb, amma bir vaxtlar müəllifi olduğu "Ömür kitabı" əldən ələ gəzirdi. Hər kəsin sevə-sevə evinin başında qoruyub saxladığı kitab idi. Onun bu əsəri insanlarda azadlıq təşnəsi yaradır, müstəqilliyə alovlandırırdı…

Onun Azərbaycan mətbuatında da böyük xidmətləri vardır. 1989-1991-ci illərdə hamının acgözlüklə oxuduğu "Azərbaycan" qəzetinin o dövrdə misli, bərabəri yox idi. Təsəvvür edin, heç kimin deyə bilmədiyi, amma hamının eşitmək istədiyi fikirləri insanlar həmin qəzetdən tapırdılar…

Sabir Rüstəmxanlının diaspora məsələlərində də xidmətləri az olmayıb. İpə-sapa yatmayan bəzi imkanlı soydaşlarımızın bir araya gəlməsində ağsaqqal rolu oynayıb, DAK-ın formalaşmasında böyük səylər göstərib…

O, deputat kimi də gərəksiz deyildi. Tez-tez rayona gedər, insanlarla görüşər, xeyir-şərdə iştirak edər, əhalinin problemlərini parlamentdə dilə gətirərdi…

Səmimi deyirəm, o, nəinki rayonda, Bakıda, Sumqayıtda yaşayan yurddaşlarının da həmişə bir ağsaqqal kimi xeyir-şərinin bəzəyi olub. Onun hər hansı bir məclisdə iştirakı, ev sahibinə qürur verib, başucalığı gətirib…

Sabir Rüstəmxanlı dost kimi də sədaqətlidir. Onun dəstək verdiyi, araya-ərsəyə gətirdiyi onlarla adam tanıyıram. Onların uğur qazanmasında necə deyərlər, bələdçi olub, yol göstərib…

Doğrudur, dövlətimiz onun xidmətlərinə həmişə dəyər verib, mükafatlandırıb, amma belə insanlar nə qədər yaşayırlar onlardan istifadə etmək lazımdır…

Onu sevməmək günahdır. "Ömür kitabı"ndan sonra heç bir iş görməsəydi belə, bu xalqın içində başı uca gəzməyi haqq etmişdi…

Gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri onun boyda ola bilmədi. Ucqar dağ rayonunun, əlçatmaz bir kəndindən ölkənin paytaxtına gətirib Sabir Rüstəmxanlı zirvəsi yaradan, Tanrıya şükür!..

Mayın 20-si Azərbaycanın görkəmli oğlu, xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. Dünya malından hər nə desən varıdır. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq.

73 yaşınız mübarək, Sabir müəllim!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->