Pərviz Əzimov
"Şok! Şok! Şok! - Ağadadaş Ağayevin videosu"Yazıya başlamazdan əvvəl ilk sualımı verim: Neçəniz bu başlığı görüb xəbəri oxumaq qərarı verdiniz?!
Azərbaycan mediasında çalışan jurnalistlərin, media qurumlarının peşəkarlığı çox müzakirə olunub, ancaq media indiki qədər qeyri-peşəkarlıq dövrünü, bəlkə də, heç vaxt yaşamayıb.
Dünyanın bir çox ölkələrində yerli medialar prinsiplərinə görə bir neçə yerə bölünür. Məsələn, ABŞ-ın iki ən güclü TV medialarından sayılan FOX və CNN-i müqayisə edərkən, ekspertlər belə bir bölgü aparıblar: FOX-un əsas prinsipi informasiyanı hamıdan tez, CNN-in isə əsas prinsipi xəbəri hamıdan daha dəqiq verməsidir. Yəqin ki, bəziləri xatırlayar: ABŞ-da “11 sentyabr” hadisəsi ilə bağlı xəbəri ilk dəfə FOX yayımlamışdı, hadisənin hansı terror qruplaşması tərəfindən və necə hazırlanması ilə bağlı ilk xəbəri isə CNN.
Türkiyə mediasına diqqət etsək (Beynəlxalq standartlara görə, Türkiyə mediası "sarı mətbuat" adlanır. Bizə yaxın olsa da, buradakı media qurumları heç vaxt ciddi və peşəkar media hesab olunmayıb), burada media qurumları yayımladığı materiallara görə 2 yerə bölünür: "Yandaş" və müstəqil media qurumları.
Bu haqda çoxlu nümunələr göstərmək olar. Azərbaycan mediası isə demək olar ki, heç bir bölgüyə əsaslana bilmir. Ən yaxşı halda ölkə mediasını “AZTV” xarakterli media və "ŞOK" mediası kimi 2 yerə bölmək olar. Ölkədə peşəkar media qurumu adına iddialı olan cəmi 2-3 faiz qurum var. Qalanlarının məqsədi sayta girənlərin giriş sayını artırmaqdır.
Əsas mövzuya keçməzdən əvvəl kiçik bir müqayisə aparaq: Yaşadığınız ərazidə ərzaq satan mağazaların sayının çoxluğu əlbət ki, hamını sevindirir. Çünki nəticə etibarilə mağazalar arasında rəqabət olur və bu da istehlakçı üçün daha keyfiyyətli, daha ucuz ərzaq almağa şərait yaradır. Media üçün də eyni məsələni söyləmək olarmı? Yəni ölkədə olan 50-dən çox xəbər saytının olması xəbər oxucusu üçün yaxşı haldırmı? O, geniş seçim imkanı qazanırmı? Əsla! Azərbaycanda media, bəlkə də, yeganə sahədir ki, burada çoxluq rəqabət yox, “sözün əsl mənası” effektini yaradır. Səbəb isə sadədir. Media qurumları artır, ancaq bu saya uyğun olaraq ölkədə peşəkar jurnalist tapmaq olmur. 3 kitab, 50 qəzet oxuyan hər kəs, “mən də yaza bilirəm” deyib, jurnalist olmaq iddiasına düşür və kadr çatışmamazlığı onların "jurnalist" olmasına şərait yaradır.
Mövzuya keçək... 3 gün əvvəl "Şok! Ağadadaş Ağayevin gizli videosu yayıldı" başlığı ilə təqribən 10-dan çox xəbər saytı material yaydı və materialın içində sözü gedən videonu yerləşdirdi. Porno video kimi təqdim olunan bu materialı yayanlar bilirsiniz kimlər idi?! Təqribən 1 il əvvəl araşdırmaçı jurnalist Xədicə İsmayılovanın mediaya sızdırılmış gizli videosunu yayanları tənqid atəşinə tutanlar. İndi nə oldu? Birini yaymaq olar, birini olmaz? Xeyr, ikisini də yaymaq olmaz. Bu, birbaşa cinayətdir, insanın konstitusion hüququnun tapdalanmasıdır.
"Hansı konstitusion hüquq?" deyə sual verə bilərsiniz. Bu da normaldır. Çünki 4 il əvvəl referendum seçkiləri vaxtı, Konstitusiyanın 39-cu bəndi (Şəxsi həyatın toxunulmazlığı) səsverməyə çıxarılanda, böyük ehtimalla heç biriniz səsvermədə iştirak etməmişdiniz. 2009-ci ildə baş verən dəyişikliklərdə vətəndaşın xəbəri olmadan, onun çəkilmiş gizli foto və video materiallarının, səs yazısının icazəsi olmadan yayılması qadağan edildi. Ən maraqlısı isə odur ki, 2009-cu ildə bir çox müstəqil media qurumu bu bəndin qəbul edilməsinə qarşı çıxanda, məhz elə indi bu xəbərləri yayanlar "Düz edirlər, şəxsi həyat toxunulmazdır, onu yaymaq olmaz" deyərək dəyişikliyi müdafiə edirdilər.
Ölkənin ən çox tanınan TV-ləri verilişlərinə "Adam içində" adı qoyub, orada adamlığa heç bir dəxli olmayan müzakirələr aparanda, ölkənin ən çox oxunan mədəniyyət portalı bütün mədəni dəyərləri tapdalayan oğru aləmi, Ded Xasanın ölümü ilə bağlı material yayımlayanda, ölkənin oxunan xəbər saytları təhsilsiz və dünyagörüşsüz “Facebook” sosial şəbəkəsi oxucusundan asılı vəziyyətə düşüb, "Bacısını zorlayan oğraş danışdı" başlığı ilə xəbər tirajlayanda Ağadadaş Ağayevin videosunu yaymaq çox da təəccüblü görünməyə bilər, ancaq hər şeyin bir həddi olmalıdır.
Məqsəd oxucu sayına görə reklam qazanmaq olsa "cəhənnəmə ki" deyib keçmək olardı. Özümüzə təsəlli verib deyərik ki, şirkətlər daha çox oxucusu olan sayta reklam verir. Ortada olan mənzərə isə tamam başqadır. Hazırkı durum, 1 ərin 2 arvadı arasında gedən "Mən daha yaxşı sevişirəm" davasına bənzəyir. Bu da sizə təəccüblü gəlməsin, çünki ölkə mediasında bir çox media qurumunun "1 əri" var...
İnterpress.az
Şərhlər