Misirin baş müftisi Şavki Allam ölkə yığmasının və "Liverpul"un futbolçusu Məhəmməd Salaha may ayının 15-də başlayacaq Ramazan ayında orucunu ertələmək icazəsi verib.
Qaynarinfo "The Sun"a istinadən xəbər verir ki, "Liverpul"da Salahdan başqa daha iki müsəlman futbolçu - Sadio Mane və Emre Can çıxış edir. "Qırmızılar" Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Roma"ya 5:2 hesabı ilə qalib gəlib. İngiltərə klubu "Roma" səddini keçsə, mayın 26-da Ukrayanın paytaxtı Kiyevdə keçiriləcək final matçına çıxacaq.
Final oyunu zamanı oruc tutaraq futbolçuların performansına təsir edə bilər. Misir müftisinin bu fətvasından sonra Salah və müsəlman komanda yoldaşlarının qarşısında iki yol var: ya oruclarını davam etdirəcəklər, ya da İslamın 5 əsas tələbindən birini təxirə salacaqlar.
Salah 2014-cü ildə Ramazan ayı ilə bağlı açıqlama verərək oyun və məşqlər zamanı ac -susuz qalmağın çətin olduğunu bildirmişdi: "Ramazan ayı mənim üçün çətin oldu, çünki gün ərzində 2 məşq keçirilir, hava çox isti olur və mən hər gün futbol oynayırdım. Saat axşam 9:30-a qədər su içə bilmirdim. Hazırda bu dövr sona çatıb, normal yemək yeyə və su içə bilirəm. Gün ərzində 2 dəfə məşq edəndə, artıq 2-ci hazırlıq dövründə enerji aşağı düşür, lakin bu mənim üçün böyük məna ifadə edir, mən özümü xoşbəxt və yaxşı hiss edirəm".
"Liverpul"un baş məşqçisi Yurgen Klopp da bununla bağlı danışıb: "Salah müsəlmandır, o bütün müsəlmanların icra etdiyi şeyləri yerinə yetirir. Biz oyundan 1-2 dəqiqə əvvəl Salah, Sadio və Emre ilə görüşüb oyuna hazır olub-olmadıqlarını soruşuruq. Salah dünyada mövcud olan anti-İslam mövqe və qarşıdurmaların olduğu bir dövrdə vacib simvoldur. Bu möhtəşəmdir və bu dövrdə ehtiyacımız olan bir şeydir. Salah Misirin və bütün ərəb dünyasının layiqli təmsilçisidir".
Qeyd edək ki, "Liverpul" Salahı ötən yay "Roma"dan 42 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. 25 yaşlı forvard bu mövsüm meydana çıxdığı 47 matçda 43 qol vurub və 15 məhsuldar ötürmə edib.
Gülşən
Şərhlər