Sənət 17:44 10.06.2014

Məhkəməyə verilən rejissor ittihamlara cavab verdi

“Arzu Soltan istənilən vaxt ofisə yaxınlaşıb müqaviləsini bağlaya və yerdə qalan qonorarını ala bilər”. 

Qaynar.info xəbər verir ki, bu sözləri Axar.az-a “Qız yükü” serialının rejissoru, həm də ssenaristlərindən biri olan İntiqam Hacılı deyib. 

O bildirib ki, serialın bir-neçə bölümünün ssenarisini yazan Arzu xanım istənilən vaxt ofisə yaxınlaşıb müqaviləsini bağlaya və yerdə qalan qonorarını ala bilər: 

"Mühasib qapı-qapı düşüb heç kimə pul vermir ki, Arzu xanımın da pulunu qapısına aparsın. Serialın icraçı prodüseri, inzibatçısı, mühasibi,  Arzu xanımla əlaqə saxlayıb gəlib müqavilə bağlamasını, pulunu götürməsini xahiş edib. O isə hələ də gəlməyib. Bizim telefon zənglərimizə isə, ümumiyyətlə, cavab vermir. Arzu Soltan cəmi 4 bölümün ssenarisini tək yazıb. Bunlar hamısı serialın titrlərində də var, heç kim havadan danışmır. Arzu Soltan "Qız yükü" serialında 2,3,4 və 5-ci hissələri tam yazıb və mən bu hissələrdəki qüsurlara görə həmin ssenariləri bəyənməmişəm. Arzu xanımın işindən narazı olduğuma görə, mən onun ssenarini ikinci bir adamla, ya da mənim özümlə işləməsini təklif etmişəm. O da bunla razılaşmayıb layihəni tərk edib. Arzu xanım getdikdən sonra dəfələrlə ona müraciət olunub ki, ofisə gəlsin, yazdığı hissələrin (4 tam hissə, 2 yarı hissə)  müqaviləsini bağlasın və qonorarını alsın. Arzu xanım yenə ofisə yaxınlaşıb müqaviləsini bağlaya bilər və yerdə qalan qonorarını ala bilər. Ofisə gəlmədiyi halda, harda görülüb ki, mühasib işçinin evinə gedib qonorarı verməlidir və ya müqavilə bağlamalıdır". 

Xatırladaq ki, Arzu Soltan serialın müəllifi olduğu  ilk 7 seriyasına görə qonorarını ala bilmədiyi üçün İ.Hacılını məhkəməyə verib.