Siyasət 17:22 25.08.2014

Mehman Əliyev: “Qrantların 90 faizi hökümətin özünə çatır" - MÜSAHİBƏ


Azərbaycanda vətəndaş cəmiyyəti fəalları, QHT rəhbərləri, eləcə də müstəqil media təmsilçilərinə qarşı təzyiqlər davam edir. Həbslərin, təzyiqlərin fonunda isə cəmiyyətin təpkisini görmək olmur. Bunu yaranmış xofla, eyni zamanda laqeydliklə də bağlayanlar olur. Bəs əslində nə baş verir? “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev xeber365.com-a müsahibəsində son günlərin olaylarından yaranan suallara aydınlıq gətirməyə çalışır.

- Mehman bəy, ölkədə media nümayəndələri və hüqüq müdafiəçiləri müxtəlif təqib, təzyiq və həbslərə məruz qalır. Avqustun 22-də daha bir jurnalist vəhşicəsinə döyüldü.  Mətbuat isə baş verənlərə10 il bundan əvvəlki reaksiyanı vermir... Sizcə, niyə belədir?

- Baş verənlərdə yeni və qeyri-adi heç nə yoxdur. Bizdə həmişə hüquq müdafiəçiləri, jurnalistlər döyülüb, təqib olunub, təzyiqlərə məruz qalıblar. Yəni bu proses daim gedib. Birincisi, bu vətəndaş cəmiyyətinə və azad media orqanlarına qarşı təzyiq formasıdır. İkincisi, hüquq-muhafizə orqanları deyir ki, İlqar Nəsibovun döyülməsilə bağlı təhqiqat gedir. Hələ bizdə cinayət işinin başlamasıyla bağlı məlumat yoxdur. Heç bir məlumat verilmir.

Onu döyənlərdən yalnız biri - Fərid adlı şəxs həbs edilib. Halbuki Nəsibovla söhbət etmişəm, onu döyənlər sayca 6 nəfər olublar.

- Sizcə, niyə susmağa üstünlük verirlər?

- Belə reaksiya ona görədir ki, onlar xətti aşıblar, İlqar Nəsibovu vəhşicəsinə döyüblər. Üz sümükləri sındırılıb, sifətinə çox vurublar. Burada istəsən də, istəməsən də hansısa reaksiya olmalıdır. Amma buna ilkin münasibət onu göstərir ki, dövlətin burada marağı var. Gəncədə, Salyanda, ümumiyyətlə, regionlarda hüquq müdafiəçilərinə edilən təzyiqlər onu göstərir ki, bu, vahid bir siyasətin davamıdır. Vaxtilə qeyd edirdilər ki, ölkədə cinayətlərin açılması dərəcəsi 93 faizdir. Ümumiyyətlə, cinayətlərin açılması 0,1 faiz dərəcəsindədir. Jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı cinayət işləri isə açılmamış qalıbdır.

Digər tərəfdən isə cəmiyyətin buna etinasızlığı var. İlqar aldığı zərbələrdən huşunu itirib. İzlər onu göstərir ki, özünə gəldikdən sonra avtopilotda olduğu kimi divarlardan tutaraq 25 sayli məktəbə tərəf gedib. Sonra yenidən geri qayıdıb. Divarlar qan içində olub. Həyat yoldaşının dediyinə görə, ona heç kim yardım etmək istəməyib. Heç maraqlanan da olmayıb. Hamı qorxur, ona görə də heç kim İlqara yaxınlaşmayıb. Naxçıvanda artıq belə durum var. Huşunu itirən, al-qan içində olan insana yaxınlaşmağa qorxurlar.

Ölkədə etinasızlıq çoxdan var. Sadəcə  hazırda özünü daha çox büruzə verir. Çünki əvvəllər hansısa kiçik qrup var idi, nəsə edirdi. Müdafiə sisteminin olduğu görünürdü. İndi isə bu da yox dərəcəsindədir. Sərbəst toplaşmağa, tədbir keçirməyə qoymurlar. Başqa təzyiqlər də olur. Cəmiyyət təqib olunanları müdafiə etməkdən çəkinir. Sərhəd situasiyası, sərhəd xətti adlı teoriyaya görə, insanın, cəmiyyətin əsl mahiyyəti  ölüm-dirim vəziyyətində olanda açılır. O zaman onun mənəvi dəyərləri, söylədiyi sözlər, baxışları, mövqeyi çılpaq şəkildə özünü göstərməyə başlayır. Mən deməzdim ki, təqib edilən insanlar müdafiə olunmur. Məktublaşma gedir. Amma bütövlükdə bir müdafiə sistemi və hərəkətlər qaneedici deyil. Bunun da əsas səbəbi Azərbaycanda hələ də millət anlayışının olmamasıdır. Xalq, toplum var. Millət o zaman millət olur ki, onun üçün kənar şəxsin taleyi və ya ölkənin vəziyyəti önəmli olur, onu yandırır, danışır, mövqeyini bildirir, mübarizə aparır. Belə bir toplum varsa, deməli, millət var. Yoxdursa, formal olaraq bir yerə toplaşmış kütlə var, millət yoxdur.

- Hazırda vəziyyət elə gərgindir ki, baş verənlər hər birimizi gözləyə bilər. Əvvəlki həmrəylik də nümayiş etdirilmir. Belə situasiyalarda partiyalar, QHT-lər yalnız bəyanat verməklə kifayətlənirlər. Müdafiənin ardı gəlmir. Bu, nə ilə bağlıdır?

- Qorxu var. Bu, ola bilər. Amma söhbət yenə kiminsə həbs ediləcəyindən, təzyiqlərə məruz qalacağından getmir. Bu proses həmişə olub, olacaq da... Həmişə sürətlə baş verib, sonra səngiyib. Bu, ardıcıl məsələ deyil, ardıcıl siyasətdi. Bu siyasətin elə məqamı var ki, arada belə sərtləşir: döymək, vurmaq, öldürmək. Sonra mülayimləşir: mənzil, fəxri adlar, qrant vermək və sair. Yəni həmişə əvəz olunan siyasətdir. Amma bunlara görə narahat olmaq lazım deyil.

- Bəs bütövlükdə nədən narahat olmalıyıq?

- Belə situasiyalarda toplum şirnikləndirmələr və təzyiqlər arasında seçim etməli olanda şirnikləndirmə udmasın. Bütövlükdə buna görə narahat olmalıyıq. Toplumun dözümü, müqaviməti zəifləyir. Hər şey elə buna hesablanıb. Burada söhbət fərdlərdən getmir. Fərdlər sadəcə nümunədir. Toplum özü getdikcə daha çox əzilir, zəifləyir. Bu siyasət hələki hakimiyyət üçün uğurludur.

- Həbslərin qısamüddətli olacağı proqnozlaşdırılsa da, ardı gəlir …

- Əgər biz indiki mərhələdən danışırıqsa, bu həbslər yay tətili müddətində baş vermişdi. Xaricdə beynəlxalq qurumlar tətildədir. Eyni zamanda, yerli hökümət tətildədir. Prezident, xarici işlər naziri və s. Zəng edirik, xarici işlər naziri və beynəlxalq qurumlar cavab vermir. Hamisi tətildədir. Yəni belə əlverişli vakuum vəziyyəti seçilib və hücümlar edilib...

Hakimiyyət, məhz, bu vaxta hesablayıb. Kimlərsə xaricdə bunlarla sövdələşib, buna razılıq verib. Xaricdə bu hakimiyyətə dəstək verən, onunla iş birliyi quran quvvələr də buna hesablayıblar. Yəni “biz yoxuq, nə istəyirsiniz edə bilərsiniz”. Təxminimi deyirəm.

- Cavab veriləndə gec olmayacaqmı?

- Biri var operativ cavab verilir, biri də var ki, ümumiyyətlə, cavab yoxdur. Nəyə görə yoxdur? Filankəs yerində deyil, Maldiv adalarındadır. Ona görə də bu işdən xəbəri yoxdur. Kiməsə yazırsan, avtomatik cavab gəlir ki, mən yoxam, yatıram. Yəni, bu mənada hakimiyyət vaxtı təsadüfi seçməyib. Prezident özü artıq şənbə günündən məzuniyyətdən qayıdıb, işə çıxıb.

- Müraciət edəcəksinizmi prezidentə?

- Yox. Dəfələrlə müraciət etmişik. Həmişə də cavabsız qalıb. Ona görə də müraciət etmək mənasızdır. Sadəcə onu fakt qarşısında qoymaq, “müraciət etmişik” demək xatirinə ehtiyac yoxdur. Prezident vəziyyəti görür, necə reaksiya verəcəyini özü bilər. Sentyabrdan beynəlxalq qurumlar, hökümətlər işə çıxacaq, gec də olsa, məsələyə baxılacaq. Bu qaçılmazdır. Sadəcə, nə baş verəcəksə, indi baş verəcək.

- Bu, hakimiyyətin fəaliyyət prinsipidir?


- Bəli, bu, hakimiyyətin də, elə bizim də fəaliyyət prinsipimizdir... Biz də müəyyən vəziyyət yarananda toplaşırıq, deyirik, qışqırırıq, sonra da sakitləşirik. Hakimiyyət də bunu artıq ölçüb-biçib, reaksiyanı bilir.

Sizə başqa bir sey deyim, İlham Əliyevin  prezidentliyi dövründə,  Azərbaycana neftin böyük pulları gəlməyə başlayıb. Həmin vəsaitdən istifadə edib cəmiyyəti daha çox şirnikləndiriblər ki, bax gör, necə imkanlar var, sən də gəl buradan nəsə qazan. Vəziyyət buna daha çox imkan yaradıb. Tutaq ki, 90-cı illərdə yoxsul cəmiyyət, narazı təbəqələr çox idi. Ona görə də hakimiyyət üçün çətin idi. İndiki vəziyyətdə isə pulla almaq, satmaq və s. asandır. 90-cı illərdə nə vaxt görmüşdük ki, jurnalistlər üçün ev tikilsin? Birini tikiblər, birini də tikəcəklər. KİV-ə Dəstək Fondundan ayrılan qrantların həcmi ildən-ilə artır. Mən bu pulları rüşvət kimi görürəm. Bu, rüşvət verməkdir ki, jurnalistlər danışmasınlar...

- Jurnalistlər bunsuz da danışmırlar...

- Bu, bir tərəfdən hələki verilir. Sabah ola bilər ki, onlar qəzetlərini bağlatdıracaqlar. Deyəcəklər ki, keçin reklam variantına. Başlayacaqlar internet mediani, yəni elektron saytları maliyyələşdirməyə. Orada da kriteriyaları tapacaqlar, kimə veriləcək, ya verilməyəcək. Mən onların strategiyasının nədən ibarət olduğunu təxmini bilirəm. Ona görə də hakimiyyət davamlı olaraq pulla adamları ətrafına toplayacaq. Ərköyünləri isə döyəcək, ağır vəziyyətə salacaq. Strategiya budur. Hələki dəyişiklik də görmürəm.

- RATİ-nin rəhbəri Emin Hüseynova qarşı hansı ittihamlar irəli sürülə bilər?

- Eminə qarşı hələ heç bir ittiham irəli sürülməyib. Məncə, o, təcridxanada deyil. Onun harada olduğunu heç kəs bilmir. Birincisi, fikir verirəm ki, səfirliklər onunla bağlı açıqlama vermirlər. Beynəlxalq müdafiə təşkilatları hay-haray salmırlar. Deməli, onlar da 100 faizli informasiya var ki, bu adam haradadır. Həmçinin bizim hökümət də hay-haray salmır. Belə çıxır, hamının xəbəri var ki, Emin Hüseynov hardadır. Əgər, o, təcridxanada olsaydı, səsi çıxardı. Bir məsələni də qeyd etmək istəyirəm, 10 gün bundan əvvəl Amerikanın ATƏT-dəki səfiri bəyanat verdi, filankəslərin həbsini pislədi, E.Hüseynovun həbs olunma təhlükəsi haqda danışdı.

İndi onu ölkədəmi gizlədiblər, ya çıxarıblar, yaxşı bilirlər. Yəni, demək istəyirəm ki, E.Hüseynovun harada olduğunu hökumət də, səfirliklər də, beynəlxalq təşkilatlar da yaxşı bilir.

Emin ABŞ vətəndaşı deyil. Həyat yoldaşı amerikalıdır. Bizdə yüksək çinli məmurların övladlarının hamısı ikili vətəndaşlığı var. Kimin Britaniya, kiminin ABŞ, kiminin İsrail və s. Eminin həyat yoldaşı isə Amerika hökumətinin qarşısında məsələ qaldıra bilər ki, ərimə təhlukə var və bununla bağlı tədbir görün. Baxmayaraq ki, əri vətəndaş deyil, ancaq onlar da belə qanun var.

- Mehman bəy, duşünürsünüz ki, bu qrantlar, doğurdan da, aidiyyatı üzrə xərclənməyib?

- Qrantlar aidiyyatı üzrə xərclənir. Əlbəttə ki, pozuntular da olur. SOROS Fondunda ən son sədr mən olmuşam. Həmin vaxt qurumun mühüm şəxslərindən biri gəlmişdi. O dedi, sizdən başqa ayrı bir adam tanımırıq ki, Azərbaycanda onu sədrliyə gətirək. Bizə belə adam lazımdır ki, vəziyyəti içəridən başa düşək görək, nə baş verir. Təəssüf ki, Azərbaycanda da bulanma başlamışdı. Bu məqsədlə araşdırmalar aparıldı, pozuntular aşkarlandı. Qrantı alanlar da, verənlər də şəxsi maraqlarını güdmüşdülər. Onların özlərinin inandıqları adamların arasından da əliəyri adamlar çıxdı. Deyim ki, orada ciddi layihələr də həyata keçirilib. Azərbaycana fayda verən. Azərbaycanda elə təşkilat yoxdur ki, beynəlxalq qurumlardan qrant almasın. Əlimməmməd Nuriyev, Sahib Məmmədov, Azay Quliyevədək oradan pul alıb. Hətta  Əli Həsənova məxsus Beynəlxalq Mətbuat Mərkəzi ATƏT-dən, Beynəlxalq Avrasiya Fondundan qrant alıb. Yəni qrantı hamısı alır. Amma birdən-birə qrant alanların yarısı düşmən olub. Qeyd etmək istəyirəm ki, qrantların 90 faizi hökümətin özünə çatırdı. Özü də çox böyük məbləğdə. Əgər yoxlasalar, orada da mənimsəmələr olduğu aşkarlanar.

- Sentyabrdan müsbət gözləntiləriniz varmı?

- Artıq mülayim siyasətin gəlməsi ərəfəsindəyik. Sentyabrda daha geniş müzakirələr olacaq. Avropa Şurasının, Azərbaycan hökumətinin, vətəndaş cəmiyyətinin birgə, vahid komissiyasının formalaşması və siyasi məhbuslarla bağlı məsələ gündəmə gəlməkdədir. Vətəndaş cəmiyyətinin formalaşması ilə bağlı işçi qrupu yaradılmışdı. Azay Quliyev deyir ki, onlar da bunu dəstəkləyir. Qrantlarla bağlı məsələlər həll edilir. Ona görə də mülayimləşmə labüddür. Yanvar sessiyasında siyasi məhbusların müzakirəsi olacaq. Yəni, bütün bunlara cavab vermək lazımdır. Ona görə də hesab edirəm ki, zəmin və müəyyən təşəbbüslər var. Nəsə müsbətə doğru dəyişə bilər.

- “Turan” İA-nın bağlanmaq, Mehman Əliyevin isə həbs olunmaq kimi bir xofu yoxdur?


- Açığı “Turan”ı 2008-ci ildə bağlamaq istəyirdim. Çünki artıq hökumət hər bir şey eləmişdi ki, maliyyə durumumuz pisləşsin. Yeni qurumlar yaratmağa başladılar, milyonlarla pullar xərclədilər. 2008-ci ildə bir məsələylə bağlı sorğulamaq üçün məni MTN-ə çağırmışdılar. Onlar dedi ki, bizim hər şeydən xəbərimiz var. Kimin nəyi var. Yenicə yaranan bir medianın, agentliyin rəhbərinin vilları haqda danışdılar. Adam iki ildən sonra 3 villa sahibiydi. Ünvanlarınadək, harada yerləşməsinədək dedilər. Hə, istəyirdim bağlayıb buradan gedim, çirkab oyunlarda iştirak etmək istəmirdim. Bunu biləndə mənə təkliflər gəldi ki, lazım deyil, heç yerə getməyin, azad media filan... Mən razılaşdım. Bizdə açığı deyim ki, qrantlar cəmi-cümlətani 30 faizədəkdir. 70 faiz özümüz qazanırıq. Ancaq qeyd etmək istəyirəm ki, KİV-ə Dövlət Dstəyi Fondunun qrant verdiyi qəzetlər arasında yalnız “Yeni Musavat” özünü saxlaya bilər. Qalanları isə qrant verilməsə, ölərlər. Açığı deyim ki, bizə belə qrantlar heç vaxt verilməyib. Hesabladım, bir məqalənin qiyməti orta hesabla 1500 AZN-dir. İldə neçə belə məqalə çıxır. Necə hesablanır bunlar, nəyə görə verilir? O məqalələri yazmağa uzağı 3-4 saat vaxt lazımdır. Bu inkişafdırmı? Ümumiyyətlə, bu tipli pulların verilməsi inkişafa gətirib çıxarıbmı, medianı sağaldıbmı? Әksinə daha da pisləşdirib. İndi biz hələ ki davam edirik, bu, bir maşındır, benzin var, gedirik. Yoxdur, dayanırıq. Dayandıqsa, şərəflə gedəcəyik. Satılmaq yoxdur bizdə. Taledən qaçmaq mümkün deyil.

 
Qaynar.info