Xəbər lenti

Mehriban Əliyevanın müəllimi:
Video 12:24 26.08.2019

Mehriban Əliyevanın müəllimi: "Elə insanı unutmaq çətindir" (VİDEOREPORTAJ)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1981-ci ildə Bakı şəhərindəki 23 nömrəli orta məktəbi qızıl medalla bitirib.

"Report”un əməkdaşları məktəbin hazırkı direktoru Yuliya Kərimova, həmçinin Mehriban xanımın müəllimi olmuş Valeriya Abdullayeva ilə görüşərək fikirlərini dinləyib.

"Əlbəttə, belə bir insanın, Birinci vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevanın məktəbimizin məzunu olması hər bir şagirdimiz üçün böyük məsuliyyətdir, həmçinin daha yaxşı oxumağa sövq edən güclü amildir. O, Vətənə məhəbbət və təhsilə hörmət nümunəsidir. Bir çox valideyn gəlib övladlarını məhz Mehriban xanımın məzun olduğu məktəbdə oxutmaq istədiklərini deyirlər. Bu da əlbəttə ki, bizim üçün böyük şərəfdir”, – məktəb direktoru deyib.

O, 2014-cü ildə məktəbin əsaslı təmirdən sonra açılış mərasiminə Mehriban Əliyevaya xoş sürpriz olsun deyə vaxtilə ona dərs demiş müəllimə Valeriya Abdullayevanı da dəvət etdiklərini söyləyir.
 


23 nömrəli orta məktəbin hazırkı direktoru Yuliya Kərimova

Mehriban Əliyevaya son siniflərdə rus dili və ədəbiyyatdan dərs demiş Valeriya Aleksandrovna şagirdini indi də səmimiyyətlə, xoş sözlərlə xatırlayır.

"Onu gözdən qaçırmaq qeyri-mümkün idi. Birincisi, elə zahiri görkəmini... Son dərəcə gözəl, məlahətli qız idi, eyni zamanda olduqca tərbiyəli idi. Hamı kimi adi bir şagird olub. Lakin valideynləri çox tələbkar idi, qızlarını ciddi nəzarətdə saxlayırdılar, mütəmadi olaraq məktəbə gələr, onun dərsləri, uğurları ilə maraqlanardılar... Həmişə çox ciddi və təvözəkar olub, başqalarından hansı cəhətdənsə üstün olduğunu, seçildiyini büruzə verməyə çalışmazdı. Yəni Mehriban Paşayeva adi bir şagird idi", – qocaman müəllimə xatırlayır.

Valeriya müəllimə şagird Mehribanın sinif yoldaşları ilə yaxşı münasibətdə olduğunu, müəllimlər tərəfindən də qiymətləndirildiyini dilə gətirib: "Onların sinfi çox mehriban idi. Sinif yoldaşlarının ona münasibəti də heyrətamiz dərəcədə gözəl olub. Deyə bilərəm ki, çox təmkinli idi və yoldaşları ilə də olduqca mehriban, hörmətli, dost kimi davranar, onlardan da eyni münasibəti görərdi".
 


Mehriban Əliyevaya rus dili və ədəbiyyatdan dərs demiş Valeriya Aleksandrovna

Şagirdinin son dərəcə savadlı və bilikli olduğunu söyləyən V.Abdullayeva onun məhz xasiyyəti, iradəsi sayəsində təhsildə öndə olduğunu qeyd edib: "Bu, əvvəla qətiyyət, qarşıya qoyduğu məqsədə çatmaq əzmidir. Çünki onun kimi oxumağı hər kəs bacarmırdı. Həmişə əlaçı olub, məktəbi də qızıl medalla başa vurdu. Məhz bu keyfiyyətləri, bir də mehribanlığını, səmimiyyətini onun başlıca cəhətləri hesab edirəm. Həkim olmaq istəyirdi. Qarşıya qoyduğu hədəfə doğru qətiyyətlə, doğru yolla gedirdi. Özünü də sıxmaz, həm yoldaşları ilə qaynayıb-qarışar, həm də dərslərini yaxşı oxuyardı. Məncə ondan gözəl həkim olardı. Amma ictimai xadim oldu və bu mövqeyə yiyələndikdə də eyni keyfiyyətləri göstərərkən hər hansı həkimin edə biləcəyindən daha çox gözəl, faydalı, gərəkli işlər görməyə müvəffəq oldu".
 


Ömrünün əsas hissəsi bu təhsil ocağında keçən Valeriya müəllimə sevimli şagirdini hər zaman xatırladığını deyir: "Xatirələrimin işığında minlərlə insan canlanır. Biz saysız-hesabsız insanlarla üz-üzə gəlirik, amma Mehriban xanım kimi insanı unutmaq çətindir. O, fəxr edilməli bir insandır. Fəxr edərkən də tükənməz enerjisinin bundan sonra da tükənməməsini, daha da böyüməsini arzulayır, ona cansağlığı, xoşbəxtlik, bol sevinc diləyirəm".
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->