Xəbər lenti

Məktəblərimizin istilik problemi: yanğına səbəb olan sobalar nə vaxt əvəzlənəcək?
Ölkə 15:11 28.12.2017

Məktəblərimizin istilik problemi: yanğına səbəb olan sobalar nə vaxt əvəzlənəcək?

dekabr ayında Şəmkir rayonunun Zəyəm qəsəbəsində və Zəyəm Cırdaxan kəndində orta məktəb binalarında yanğın hadisəsi baş verib.

Zəyəm Cırdaxan kəndindəki yanğına sinif otaqlarının birində quraşdırılan odun sobasının səbəb olması respublikanın ümumtəhsil məktəblərində istifadə olunan istilik sistemləri məsələsini yenidən gündəmə gətirib.

Təəssüf ki, hələ də bəzi kənd məktəblərimizdə sovet dövründən qalma istilik sobalarından istifadə olunur ki, bu da şagirdlərin həyatı üçün hər an real təhlükə mənbəyinə çevrilə bilər.

Qeyd etdiyimiz məsələ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2016-2017-ci tədris ili üzrə statistik məlumatlarında da öz əksini tapıb. Belə ki, qurumun ötən il yaydığı məlumatda ölkədəki təhsil müəssisələrinin 39,6 faizində bərk yanacaqdan, 26 faizində qazdan, 25 faizində maye yanacaqdan, 5,8 faizində elektrikdən və 3,6 faizində kombi sistemindən istifadə edildiyi qeyd edilib.

Dünyanın inkişaf etmiş ölkələrində ən müasir istilik sistemlərindən istifadə olunur. Bəs bu tip istilik sitemlərinin respublikamızın ümumtəhsil məktəblərində quraşdırılması işi hansı şəkildə həyata keçirilir? Bunun üçün müəyyən tədbirlər planı nəzərdə tutulubmu?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sözügedən məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisi bildirib ki, yeni tikilən, eləcə də əsaslı təmir olunan tədris ocaqlarında ilk növbədə müasir istilik sistemlərinin quraşdırılması məsələsi önə çəkilir və bu işlər növbəti ildə də davam etdiriləcək:

"Yeni məktəblərin tikintisi, həmçinin məktəblərin əsaslı təmiri zamanı ilk növbədə istilik sistemlərinin yenidən qurulması məsələsi önə çəkilir. 2018-ci ildə də həm dövlət investisiya proqramına uyğun olaraq, həm də aparılan digər təmir işlərində məktəblərin qazlaşdırılması zamanı kombi sisteminə uyğun daxili istilik xətlərinin quraşdırılması nəzərdə tutulur. Eyni zamanda odunla qızdırılan məktəblər üçün isə yay aylarından başlayaraq bizim Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən odun tədarükü olunur və həmin məktəblərdə təhlükəsizlik qaydalarına əməl etmək üçün lazımi işlər görülür. Düzdür, bəzən qeyd etdiyiniz kimi hallar da baş verə bilir ki, biz də bu barədə monitorinqlər apararaq daha zəruri tədbirlər həyata keçiririk".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->