Hüseynbala Səlimov
Siyasət 12:04 10.03.2020

“Mən axırıncı dəfə ABŞ-da olarkən...”

Hüseynbala Səlimov

Bir neçə il öncə tanınmış bir müxalifətçimiz vardı. Əslində "vardı” deyəndə bir qədər qeyri-dəqiqliyə yol verdim. O, necə deyərlər, indi də var, amma daha tanınmış bir müxalifətçi kimi yox, sadəcə, ölkənin on milyon vətəndaşından yalnız biri kimi...

Onu burada xatırlamağımın səbəbi isə bu oldu ki, bu adamın bir deyimi az qala, dillər əzbəri olmuşdu. Bəli, bu adam həyatında cəmi bircə dəfə ABŞ-da olsa da, tez-tez, xüsusən də müsahibələr verərkən "Mən axırıncı dəfə ABŞ-da olarkən...” deməyi sevirdi.

Mən də ABŞ-da cəmi bircə dəfə olmuşam. Amma heç vaxt istəməzdim ki, məni dediyim o tanınmış müxalifətçiyə bərabər tutasınız. 

Ən azı o səbəbə görə ki, hələ 25 il bundan əvvəl mənə əyan idi ki, bəs mən bəndənizim okeanın o biri tərəfində olmasının bu kiçik ölkənin on milyon vətəndaşına heç bir dəxli yoxdur. Sadəcə, yarım aylıq səfər vaxtı müəyyən detallar oldu ki, arabir onları xatırlamaq lazım gəlir.

Belə detallardan birini elə bu günlərdə, ölkə prezidentinin rayonların birindəki muzeylərdən birini seyr edərkən xəritələrlə bağlı söylədikləri iradları dinləyərkən xatırladıq. 

ABŞ-da bizi ölkənin üçüncü prezidenti T.Ceffersonun ev muzeyinə aparmışdılar. Ceffersonun otağında asılan o dövrün bir xəritəsi dərhal mənim diqqətimi cəlb etdi, yaxınlaşıb baxdım ki, görüm, Xəzərin qərb sahilində, indiki Qafqaz və Cənubi Qafqaz ərazilərində hansı dövlətlər qeyd olunub?.. 

Düşünürəm ki, elə bizim muzeylərimizə baş çəkən qonaqlar da belə edirlər və onlar da ərazinin tarixi coğrafiyasına aid müəyyən bilgilər əldə etməyə çalışırlar. Odur ki, prezidentin iradları çox haqlı idi...

O ki qaldı muzeyin direktoruna, elə bu da bizim üçün tipik haldı, çünki bizim hər bir vəzifə adamının vəzifəsindən irəli gələn öhdəliklərindən də əlavə qayğıları var və bu qayğı da odur ki, irili-xırdalı hər bir vəzifə adamı öz kreslosuna biznes yeri kimi baxır. Beləcə, mən qəti təəccüblənmirəm ki, adını artıq unutduğum bir rayonda muzey direktoru indiyədək onun müdirlik etdiyi muzeyin divarlarından asılan xəritələrdə nələrin göstərilməsindən xəbərsizdir. 
Eyni qayda ilə demək olar ki, heç kimin bilavasitə idarə etdiyi sahədən xəbəri yoxdur. 

Bunu mərkəzdə çalışan irili-xırdalı məmurlara da şamil etmək olar, icra başçılarına da və eləcə də onların başçılıq etdiyi rayonlardakı muzeylərin direktorlarına da!.. 

Burada çox məsələlərə toxunmaq olardı. Amma bizim ümumi qüsurlarımızdan tək birini deyəcəm: biz həmşə tarixə biganə və etinasız olmuşuq. Ermənilər də bizimlə polemikalar zamanı bizim elə öz adamlarımıza, mənbələrimizə istinad edərkən daş atıb başımızı tutmuşuq ki, əşi, belə şey ola bilməz!..

Amma olur, əzizlərim! Bəli, millət özünün tarixini, xəritəsini unudanda çox şey olur, onun torpağına göz dikənlər də tapılır, sərvətlərini talan etmək istəyənlər də...

Bilmirəm, nə dərəcədə doğrudur, amma deyilənə görə, daha doğrusu, müqəddəs hədislərə görə, Məhəmməd peyğəmbər gileylənirmiş ki, bəs mənim ümmətim dünya malına çox hərisdir...

Bu məntiqlə demək olar ki, dünya malı bizi həmişə daha çox məşğul edib, nəinki bu dünyanın daha dərin mətləbləri. Bunun ən əyani və ya bariz nümunəsini elə bu son bir-iki həftədə müşahdiə etmədikmi? Virus sözü həmvətənlərimizin qulağına dəyən kimi apteklərdə qrip epidemiyası ilə bağlı bütün vəsaitlər yox oldu, qiymətləri dəfələrlə artdı, bazarda adi sarımsağın qiyməti kəllə-çarxa vurdu! 

Hökumət bu prosesi də tənzimləməyə çalışır: bu günlərdə xaricdən gətirilən bir sıra tibbi ləvazimatlara tətbiq olunan rüsumları ləgv etdilər. Amma bu, başqa bir, özü də koronavirusudan daha təhlükəli, həm də peyvəndi neçə əsrdir tapılmayan başqa bir "epidemiya”nı - bəli, acgözlük "epidemiya”sını dayandıra biləcəkmi? Ümid edirik, amma tərəddüdlər də tərk etmir bizi. Ona görə ki, böyük epidemiyalar birinci dəfə deyil baş verir. Əvvəllər bunlardan daha dəhşətlisi və daha böyük coğrafiyaya malik olanları olubdur. Ən əsası isə budur ki, belə vaxtlarda ayrı-ayrı insanlar, xüsusən də həkimlər böyük fədakarlıq nümayiş etdirib və hətta bu yolda həyatlarını belə itiriblər. 

Onlardan biri də məşhur yazıçı Anton Çexov olubdur. Bəli, o Çexov ki daim deyirdi: "İnsanda hər şey gözəl olmalıdır...”