Əli AĞAZADƏ
Ərəb filosofu Cübran Xəlil Cübranın fikrincə, həyat insanı ona görə yaradır ki, öz qəlbini ona oxutsun, elə bir kimsəni tapmayanda ağlından, elmindən bizləri faydalandırsın deyə filosoflar tapdı. Günahlarla çirkləndirilmiş torpaqdan kənarda su üzərində doğulan Motsart musiqisi və Müşfiqin şeir dünyası qəlblərin fəthi üçün idi. Onlar su kimi gəldilər və su kimi də getdilər. Söz və musiqinin vəhdətində ürəklərini dünyanın ürəyinə qatıb oxudular. Bir şairimizin şeir kitabına qoydugu ad kimi; "Ürəyin baxdığı yerdən” dünyaya baxdılar, amma heyf, bu dünyada az yaşadılar.
İlqar Fəhminin "Dörd divar” hekayəsi və bu hekayə əsasında Azər Musaoğlunun "Lezva üzərində sürünən ilbiz” şeirindən söz açmaq istəyim ən azı bir il gecikdi. "Ədəbiyyat qəzeti”ndə çap olunan bu əsərlərə düzü çoxdan idi ki, münasibət gözləyirdim, amma olmadı, gecikən yazımın "günahı” budur, desəm kifayət edər. Bu əsərlər diqqətimizi ürəklərin insanlarda itməsinə, əstəğfurullah, deməli Allahı itirməsi və unutmasına (bu ən ağır ittihamı səsləndirməkdə söykəndiyim mənbə "Qənimət” surəsinin 24-cü ayəsidir: "–Bilin ki, Allah insanla onun qəlbi arasına girər”), insanlıq öldümü? –harayı ilə aglın və kamalın bu günədək nail oldugu ən qiymətli dəyərlərdən–sağlam dini və dünyəvi niyyətlərdən uzaq düşməsinə, son zamanların dəbi kimi formalaşan təkliyin tənhalığa çevrildiyi və əlavə olaraq əyninə hələm bir də intihar donu biçildiyi, günahların gizlədildiyi və əlavə olaraq hələm bir də düzün düzdə qaldığı, yalnızlığın əlbirliyi və əlavə olaraq hələm bir də dəstələnib süpürgə düzəldildiyi zamanlara çəkirlər. Dörd divar: –hərlən-fırlan yenə təkrara gəlirsən, dünya–təkrarlanan hər gündür, qurtuluşu;–insandan başqa heç bir canlının şanına gəlməyən fədakarlıqdı ki, biz də yavaş-yavaş ona alışırıq. Ağlından və elmindən faydalandığımız bu dünyanın məhşur bir ifadəsindən bəhrələnərək deyim ki, bu dünyanı bir kabus dolaşmaqdadı, siçovullaşma kabusu. Mif olan əjdahanın siçovul reallığı varsa, yeddibaşlı əjdaha nağılları öz yerini bizim era üçün əslində yeddibaşlı siçovul dastanlarına təslim etməlidi.
İnsan–siçovul, siçovul–siçovuldan aman istəyir. Bu axı, dünən heç siçovul deyildi. Axı, bir fərqi olmalıdı, yox, hamısı eynidi, rənglisinə rast gəlməzsən, hamısı bozdu.
"–İlahi, axı niyə burda bircə dənə də siçovul yoxdu. Niyə? ...Bəs məhbus hanı? Bu lənətə gəlmiş terrorçu hara yoxa çıxıb. Axı divarın dibində də ançaq siçovulun sığışa biləçəyi deşikdən başqa heç nə yoxdu... Niyə? Çünki məhbus çıxandan sonra siçovullar tuneli tez baglayıblar ki, terrorçuya qaçmağa kömək etdiklərinə görə həbs edilməsinlər. Siçovullar ağıllıdırlar axı...”
Yalnız xəyal dünyamızda siçovullar insanlara əl tutur, ürəyə təsəlli, ağıla, başa gümanlıq verirlər.
"Quantanama məhbusları siçovulların gözündə daha dəyərlidir, nəinki amerikalıların. Bəs hanı mənim siçovullarım, niyə köməyə gəlmirlər... dünyanı da əslində siçovullar idarə edir, nəinki amerikalılar... Bəs hardadı bunlar?”
Burda zaman adlı çəllad
hər gün neçə baş kəsir
Siqaret kötüyü üstə,
burda neçə barmaq yatır ölümün
intihar tətiyi üstə.
"Nə adam var, nə söhbət, burda hamı ançaq öz-özüylə danışır... Dünyada hər şey fərqli ola bilər, amma siçovullar eynidi, Bakıdakı siçovullar da həminkilərdi, Moskvadakılar da, Çeçenstandakı siçovullar da, Kabil də, Hələb də...
Eyni siçovullar izləyib məni həmişə... hərdən siçovul kimi, hərdən adam kimi... Ətrafdakı insanların içinə girir, baxırsan ki, adamdı, insandı, ançaq əslində səninlə danışan kimsə başqa bir adam deyil, sənin öz siçovullarındı”.
Bu boz siçovullar öz dillərində danışanlarla əlbirdirlər. Özü də hamı bir yerdədir, amma heç biri o birisinin qohumu deyil, əzizi deyil, sanki ayrı-ayrılıqda olduqları kimi görünürlər, bu yalnız aldadıcıdır, onlar həmişə və hər vaxt bir yerdədirlər.
Hamı yalnızlığında bir-birilə əlbirdi,
burda qadınlar kişilərin eşi deyil.
hətta təkliyin özü də
bir nəfərin işi deyil.
"...danışdığım adamların gözünün içinə baxanda orda insan hissləri, sevgi görürdüm, ancaq anlamırdım ki, bunlar insan hissləri deyil, siçovul ehtiraslarıdı. ...məni adam yerinə qoymayan, tikəmi əlimdən alan qardaşım da siçovovul idi, sonradan mənə güclüsən, iradəlisən deyən əxilər də siçovul idi, sən heç vaxt tək deyilsən, Allah həmişə sənin başının üstündədi deyən ustadım da siçovul idi, özümüzdən başqa hamıya nifrət eləməyi öyrədənlər də siçovul idi, əlimə avtomat verənlər də, dünyanın dava-dalaş yerlərini gəzdirən silahdaşlarım da siçovul idi, məni əsir alan düşmənlərim də siçovul idi, əsirlikdən azad edən dindaşlarım da siçovul idi, mən ömrü boyu insan cildinə girən siçovulların arasında olmuşam, siçovullarla ömür sürmüşəm; hər yerdə məni izləyiblər, başıma qapaz vurublar, yemək verməyiblər, adam yerinə qoymayıblar, sonradan isə əksinə, tərifləyib göyə qaldırıblar, öz cərgələrinə qatıblar, güllə atmaq, bomba partlatmaq, hamıya nifrət eləmək öyrədiblər, hər yerdə ardımca gəliblər, indi də burdadırlar. ...bütün bəşəriyyət mənimçün yalnızayaqqabılardan ibarət olub, qalın, kobud əsgər ayaqqabıları; hərdən təmiz, hərdən çirkli, hərdən mərhəmətli, hərdən qəddar”.
Burda rəssamlar əzab çəkir,
Şairlər tale yazır,
bəstəkarlar kədər bəstələyir...
həyat yer üzünü insanlardan süpürmək üçün
insanlardan süpürgə dəstələyir.
"Bəs əxilər niyə bilməyiblər, niyə başa düşməyiblər? Axı ilk tanışlıqdan mənə deyirdilər ki, sən şəxsiyyətsən, sən güclüsən, çünki Allahın sevə-sevə yaratdığı insansan... və ən əsas da fədakarsan... çünki əsl insan fədakar olmağı bacarmalıdı, ancaq siçanlar, siçovullar qorxur canfədalıqdan, əsl insan isə qorxmur..., onda belə çıxır ki, mənim batində siçovul olmağımı hiss eləyiblər, amma üzə vurmayıblar... Niyə mənim siçovul olmağımı bilə-bilə məni insan kimi qəbul ediblər? Yəqin elə siçovullarla əlbirdilər”.
Günahlar gizlədilir
bir tikə çörək ilə,
burda hamı vaxt uzadır
bir "baxaq”, "görək” ilə.
"...yuxularım cənnət idi, orda bircə dənə də siçovul yox idi, yalnız göyərçinlər, agappaq göyərçinlər, amma indi siçovullar istəyir ki, fikirlərimdə deşik açıb, yuxularıma da yol açsınlar, ordakı göyərçinlərin hamısını boğub öldürsünlər, mənə tam sahib olsunlar və nəhayət, son arzularına çatsınlar, məni də özləri kimi siçovul eləsinlər, sonra da siçovullara verilən bütün tapşırıqları yerinə yetirim, mən də başqalarının siçovulu olum, hamıya nifrət eləməyi öyrədim, əllərinə silah verim, bellərinə bomba bağlayım–bunu istəyirlər”.
Mən təkcə uşaqların sevgisinə inanıram...
bilirəm ki,
bu sevgi onların böyüyüb
nifrət etməyə başladıqları günə kimi təmizdi...
"Bəlkə insan cildində həyatımın sonudu,... mən də dərimi soyunum, əsl siçovul olum, onlar kimi... indi həyatımın siçovul cildində keçməli olan mərhələsi başlayıb, siçovul olmalıyam, heç nədən qorxmayan, heç bir sədd–divar tanımayan, heç vaxt məhbus olmayan azad siçovul.
Bəs niyə olmuram? Niyə? İlahi niyə məni siçovul eləmirsən? ... İlahi, qurtar məni burdan...”
Mən kiməm? Yalvarıram, ilahi, məni də siçovul elə, əslimdə siçovul yoxsa, əvvəl Allahdırsa, sonra Adəm, sonra mənəmsə, bəs məni hər yerdə, hər zaman niyə siçovullar izləyir? Yamanca darıxıraaammm...
"Darıxmaq–lezva üzərində sürünən ilbizdi”.
Şərhlər