Siyasət 17:20 16.07.2013

“Məni AXC-nin yubileyinə dəvət etsəydilər belə, getməyəcəkdim”

“Partiyamız Azərbaycan Xalq Cəbhəsinin 20 illik yubileyini qeyd edəndə Əli Kərimlini dəvət etmişdik, lakin o, iştirak etməmişdi”.

Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib.

Onun sözlərinə görə, KXCP Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) 24 illiyinə həsr olunmuş tədbirə dəvət olunmayıb: “Bu tədbirdən xəbərimiz yox idi. Partiyamız Azərbaycan Xalq Cəbhəsinin 20 illik yubileyini qeyd edəndə Əli Kərimlini dəvət etmişdik, lakin o da iştirak etməmişdi. Amma biz bu gün o tədbirə dəvətli deyildik. Amma dəvətli olsaydım belə, təşəkkür edib getməyəcəkdim. Çünki bu gün Ali Məclisin sessiyası keçirilirdi”.

M. Mirəlioğlu partiyanın qərargahında AXC-nin yubileyinin qeyd edildiyini vurğulayıb: “Özümüz öz bayramımızı qeyd edirdik. Biz Azərbaycan Xalq Cəbhəsinin qurucularındanıq, KXCP-ni də AXCP-nin varisi sayırıq, həmçinin Elçibəy yolundayıq. Onlar da bu bayramı keçirirdi, bayramları mübarək olsun”.

Qeyd edək ki, bu gün VHP-nin qərargahında Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Milli Şuraya daxil olan, AXC-nin yaradılmasında yaxından iştirak etmiş bəzi partiyaların sədrləri, ziyalılar iştirak edib.

Qaynar.info