Lalə Niftaliyeva
Elə otururam ki, nəsə yazım, 3-cü cümlədən sonra sözlər hərflərə parçalanıb külək burulğanına düşüb, beynimi dumanlandırır. Bəzən özümü ifadə etmək üçün yazmaq əvəzinə, klaviaturadakı bütün durğu işarələrini yazıya doldurmaq istəyirəm. Bu aralar musiqilər də qulağımı yara edir elə bil. Bir neçə dəfə etdiyim intihar cəhdlərim spirtli içki ilə qarışdırıb atdığım dərmanlardan ibarətdir sadəcə. Dünən yazı qabiliyyətimi itirdiyimi deyəndə, "Nə istəsən yaz, özünü ifadə et", dedi sevdiyim insanlardan biri. İndi gəlin bura, məndən soruşun ki, necəsən?
- Əzizim, mən hər səhər bir çimdik xoşbəxliyimə ağlamağa başladığım gündən hər şey lal olub. Mən axı qəhvəni çox sevirəm. Hər səhər bir fincan türk qəhvəsi içməsəm, elə bilirəm ki, həmin günüm bada gedəcək. Məsələn, bir çay qaşığı qəhvə məni xoşbəxt etmir. Ondan sonra əlavə etdiyim bir çimdik qəhvəmə dad, mənə təravət verir, verirdi... İndi də adətimi pozmamışam, yenə o bir çimdik qəhvəni mütləq əlavə edirəm, amma xoşbəxt ola bilmirəm. Biz hər zaman danışırıq, çox danışırıq, saatlarla... Elə hey kiminsə bizi dinləməyini, dinləməsə belə, özünü dinləmiş kimi göstərməsini istəyirik. Nə qədər bu anla yaşamağa cəhd etsəm də xatirələrimə sadiq adamam mən. Dinləyirsən məni? Tələsmə getməyə, əzizim. Hələ demək istədiklərim var. Bəlkə sən mənə nə olduğunu izah edəcəksən. Böyümək ağırdı, əziz dost. Məsələn, mən indi hər şeyi dərk etməyə başladığım vaxt atama təşəkkür edə bilmirəm. İndi daha dərin yaralar açır bu sadiq qaldığım xatirələr. Bu gün səhər anamın Rusiyaya, bacımı görməyə getdiyi vaxtı xatırlamışam. Hələ məktəbə getmirdim. Mən və iki balaca əmim qızı atamın umuduna qalmışdıq. Heç yadımdan çıxmaz, atam xəmir yoğurub acıtma (yuxanın bir az qalın forması) bişirirdi.
Bir gün "Mən daha bezdim şorla, çörək yeməkdən, ət istəyirəm" deyəndə, papam ( mən "ata" müraciətindən heç vaxt istifadə etməmişəm. Hər zaman "papa" deyirdim) dünyanın ən gözəl yalanını danışdı mənə: "Bax, mamayla bacı da orda şorla çörək yeyir. Onlarsız ət yesək, ayıb olar".
İndi əziz oxucu, dost, tanış, sevgili... Mənə elə bu cür yalan danış. De ki, biz əbədi bədbəxtliyə məhkum xoşbəxtlərik. Yalan danış, amma atam kimi vicdanlı yalanlar danış mənə. Bir nəfər var, elə mənim kimi bədbəxt adamdı o da. Hər dəfə mənə baxıb "Babamla sən heyif adamlarsınız", deyərdi. "Heyif adamlar" özlərindən başqa hər şeyi sevir. Mənim aşırı emosiyalarım səni yormasın. Axı sən sual verdin. Dünyanın ən yazıq, kimsəsiz sualını verdin mənə. "Necəsən"? Cavabı heç kimə maraqlı olmayan sual. Amma sən dinlə, məni. Hə, nə deyirdim? Heyifik deyirdim...
Hələ 14 yaşım olardı, kitabxanadan İsmayıl Şıxlının "Dəli Kür" romanını götürüb oxumağa başlayanda. Əsər məndən gələcəyin fədakar qadın obrazını toxudu. Cahandar ağaya aşiq oldum. Elə ona aşiqlikdən başladı mənim kişilərə sevgim. Ağanı təhqir etdilər. Onun atının quyruğunu və saçlarını kəsdilər. Onun təhqir olunmuş qüruru ilə məhv oldum. Yadımdadı, sakitləşə bilmirdim, elə hey ağlayırdım. Balaca qızcığaz idim o zaman. Bütün gecəni o səhnəni canlandırdım. İlk dəfə bir kişi üçün ağlayırdım. Onun qürurunun mənim üçün niyə o qədər əhəmiyyətli olduğunu anlaya bilməzdim həmin an.
Yox, indi ağlamıram, indi heyif oluram, dostum...
Qaynarinfo.Az
Şərhlər