Könül Nuriyeva
Biz nəhəng qlobal şəbəkənin ayrılmaz parçalarıyıqmı? Öz hekayə söyləyən "mən"imizdən kənara çıxa bilirikmi, onun uydurmalarında ilişib qalmamışıq?
Həmişə söyləyirəm ki, insanın iki halı vacibdir: özünün hansı psixoloji, sosial, ədəbi, mental vəziyyətdə, şəraitdə olmasını dərk etməsi və dərk etməməsi. Tutaq ki, mənim insanlarla ünsiyyətim harmoniyada deyil, yaxud sosial vəziyyətimin bərbad olduğunu görürəm. Ama, "niyə ünsiyyət qura bilmirəm və ya niyə imkansızam?"- bu səbəbləri araşdırmaq dərk etməyə gətirir və nəticələr olur.
Bu gün sanki dünyada əksəriyyətimiz liberal hekayəçilərik. Qətiyyətli deyilik, sabit fikri daşımırıq, mənfəətlərimiz, daha dərinə getsək, seksual alt şüurumuz bizi idarə edir. Bu halın ən yaxşı köməkçisi isə məntiqsiz hekayələr söyləyən "mən"dir. Seçki məntəqələrində, supermarketlərdə, nigah zamanı, dostlarla ümumi ortamlarda uydurmaçı və zəngin fantaziyaçı "mən" bizi idarə edir.
İçinə düşdüyümüz və təslim olduğumuz sistemdən bir günlük çıxsaq, başqa, indiki "mən"imizlə tam təzad təşkil edən sistemin sakini olsaq, halımız, göstərdiyimiz reaksiya necə olar? Az qala hər gün bu haqda düşünürəm.
"Google" mənim siyasi, iqtisadi, sosial, ənənəvi fikirlərimi məndən daha yaxşı təmsil edərsə?
Seçki zamanı mənim dərin istəklərimi əks etdirən partiyaya düşüncələrimə ən xırda kənar müdaxilə yoxdursa?
Pərdə arxası liberalizm, həqiqi "mən"imlə hesablaşmırsa?
Seçki təbliğatının dolaşıq atəşi altında deyiləmsə?
"Mən"im son nəticəyə deyil, indiyədək baş verənlərə detallı şəkildə baxıbsa?
Tutaq ki, qlobal sistemin bizə verdiyi son seçkidən uzun müddət keçib. Əhali, yəni çoxlu "mən"lər narazıdı, "müflisliyə doğru gedirik, dünyadakı güclər bizi idarə edir, axırımız nə olacaq?" düşüncəsindədirlər. Beynimizdəki qorxu mərkəzi hər zaman istəyir ki, onun kənardan müdafiəçisi olsun. Onun ürəyindən xəbər verən siyasi, iqtisadi xəbərlər, təkliflər gəlsin. İnsan beyni bu boyda müharibələr, siyasi natarazlıqlar, gərginliklər yaşasa da, ən sərt hökmdarlar qədim tarixdən üzü bəri sakitliyə, razılaşmaya meyillidir. "Mən"in həqiqi üzü budur: rahatlıq, razılıq, barış, sülh.
Onda sual yaranır - niyə sistemlər təhdid və boş vədlərlə zəngindi?
Niyə "mən"lərin sistemlə harmoniyası təşkil olunmur, alınmır?
Niyə stabillik, təhlükəsizlik dərdim o qədər böyükdür ki, variant seçməyə gələndə "ac başım, dinc başım" yönündə addımlayıram. Və "mən"im də başa düşür ki, bu addımlamaq deyil. Nizamsız yeriməkdi, yolu tutub getməkdi. Addımlamaq məqsədli olur, gələcəyə bağlı olur, adama qüvvət verir, içimizdəki həyat eşqini oyadır, üzümüzü güldürür, yeni və müxtəlifsahəli yaradıcılıq şövqünə səbəb olur.
Yeni sistemdə "Google" "mən"i gözəl tanıdığı üçün, yerimə səs verə, haqqımı tələb edə bilərmi?
Axı o bizi tanıyır, boş şüarları tez aydın edir, virusların saxtalığını aydın edir, mənfəətli söhbətləri tez tutur. Nəticə nə olacaq?
"Google" hekayə uyduran "mən"imin dəyişən zehni və qəlbi deyil, öz alqoritmlərini işə salacaq. Belə olan halda, insanın canındakı xəstəliklərin azalması, sistemlə həmahənglilik, ümumi sosial, isqtisadi rahatlamaq baş verəcək, baş verməlidir. Süni intelektlə münasibət təbii intelektlə olduğundan asan olduğu kimi.
Buna da kiçik izah verim: gərginləşən durum insanları incik, özünəqapalı, sosiallıqdan uzaq edib. Hərə öz qınına çəkilib ki, təki verilmiş ömrü münaqişəsiz, başağrısız yaşasın. İntelektual insanlar ikiqat həssaslaşıb. Çünki, onlara qarşı həm sistem, həm çoxlu "mən"lər daimi tənə, mühakimə topları atır. Süni intelektin bu kimi keçmişi yoxdur, qayğısı, dərdi yoxdur. Onunla münasibət asandır, hətta söysən də tükü tərpənməyəcək. Deməli "Google" yerimizə seçkidə, nigahda, imtahanda, işdə qərarlar verərsə, yəni sistem və "mən" soyuqqanlı münasibətə başlayarsa, narahatlıqsız, xəstəliksiz dünya üçün işıq ucu var hələ.
Şərhlər