Mərhum polkovnikin 5 yaşlı qızından prezidentə və birinci vitse-prezidentə müraciət (VİDEO)
2016-ci ilin oktyabr ayının 27-də Cəlilabad rayon Günəşli kəndindən olan polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olmuşdu.
Qaynarinfo xəbər verir ki, mərhum zabitin ailəsinin arzusu Telman Miriyevə Milli Qəhraman adının verilməsidir. Amma ona, bu gün nəinki Milli Qəhraman, heç şəhidlik statusu da verilməyib.
Mərhumun anası Xanımgül Miriyeva bir müddət əvvəl prezident İlham Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edərək şəhidlik statusunun verilməsini xahiş etmişdi: "Oğlumun yas mərasimində iştirak edən zabit yoldaşları dedi ki, Telman Miriyevə nəinki şəhid, Milli Qəhraman adı verilməlidir. Amma təəssüflər olsun ki, 18 il xidmətindən sonra Vətən yolunda faciəli şəkildə dünyasın dəyişən oğlum Telmana heç şəhidlik statusuda verilməyib. Nəyə görə bunu etmirlər? Mən dəfələrlə müvaffiq qurumlara müraciət etsəm də bu hələdə öz həllini tapmayıb”.
Bu günlərdə isə polkovnikin 5 yaşlı qızı Zeynəb ölkə başçısına və birinci vitse-prezidentə video-müraciət edib. O, atasına şəhidlik statusu verilməsini xahiş edib:
"Mənim atam Miriyev Telman Mirbaba oğlu 2016-cı ildə təlim zamanı şəhid olub. Atam şəhid olanda mənim 4 yaşım var idi. Bəlkədə çoxları elə fikirləşə bilər ki, 4 yaşlı uşaq ata yoxluğunu hardan bilə bilər. Atam mənim canım idi. Mən onunla nəfəs alırdım. Atamın şəkillərinə baxıb özümü təsəlli edirəm. Atamın iş yoldaşları mənə onun qəhrəmanlıqlarından, Aprel döyüşlərində necə döyüşdüyünü danışırdı. Atam bir qəhrəman idi, vətənini çox sevirdi. Deyirdim "ata nə olar bir gün mənimlə evdə qal" deyirdim. Amma deyirdi ki, "yox qızım qala bilmərəm, mən hərbçiyəm, gedib vətənimizi qorumalıyam". Atam vətən yolunda şəhid oldu. Bu günə qədər ona şəhidlik statusu verilməyib. Prezidentimiz İlham Əliyev ona medal verib. Cənab prezidentimiz İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyava, cənab nazir, sizdən xahiş edirəm ki, atama şəhidlik statusu verilsin. Mən də bütün uşaqlar kimi atamın yanımda olmasını istəyirəm, amma bilirəm ki, bu mümkün deyil. Hər gün televiziora baxıram, bütün şəhidlərin adını çəkirlər. Amma mənim atamın adını çəkmirlər. Mənim atam da bütün şəhidlər kimi vətən uğrunda canından keçib. Sizdən xahiş edirəm, atama şəhidlik statusu verilməsinə kömək edəsiniz".
Qeyd edək ki, Telman Miriyev 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Hərbi Akademiyada oxuyub. Zabit kimi ilk olaraq Gəncə şəhərində N saylı hərbi hissədə işə başlayıb. Sonra Amerikada kurs keçib. Ölümünə qədər isə Ağdam, Bərdə və Bakıda xidmət edib, 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Mərhum zabitimiz 25 iyun 2014-cü ildə mayor rütbəsində prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə "Vətən uğrunda” medalı ilə təltif edilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər