Üç il əvvəl “Hər şey istəyirəm” klipi ilə Azərbaycan şou-biznesində mina kimi partlayan Mina Sovetski (Nərmin Hüseynova) indi də Türkiyədə partlayışa hazırlaşır.
ANS PRESS-in məlumatına görə, ifa etdiyi mahnıları və yaratdığı obrazları ilə burada hər kəsin sevimlisinə çevrilən, gənc olmasına baxmayaraq artıq özünü sübut etməyi bacaran Minanın sorağı bundan sonra qardaş ölkədən gələcək. İsdedadlı müğənni-aktrisa Çanaqqala döyüşünə həsr edilən və Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən çəkilişinə 1 milyon 750 min lirə (630 min manat) maliyyə dəstəyi ayrılan "Son məktub" filmində rol alıb.
Türkiyədən yeni qayıdan Mina Sovetski ANS PRESS-ə müsahibəsində maraqlı açıqlamalar verib. Sənətçi 1,5 ay bundan öncə Türkiyədən filmə çəkilmək üçün ona təklif gəldiyini deyir: “Başqa bir şirkətlə işləməyimə baxmayaraq bu iş məni cəlb etdiyimdən razılıq verdim. Türk filmlərində oynamaq, özümü aktrisa kimi sınamaq uşaqlıq yaşlarımdan arzum olub. Hədəf seçmişdim və inanırdım ki, mən nə vaxtsa türk filmində çəkiləcəm. Rejissor məni Bakıfilm kinostiduyasının “Xoca” filmində canlandırdığım obrazımdan bəyənib. Şükürlər olsun ki, Allah bu şansı mənə verdi. Bu şansın reallaşmasına ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və Aidə xanım (ANS KOMMERS Şirkətinin direktoru Aida Əliyeva) mənə dəstək çıxdılar”.
Mina Sovetski filmdə tibb bacısının köməkçisi “Sənəm” obrazını canlandırıb. Tibb bacısı rolunda digər azərbaycanlı aktrisa Nəsrin Cavadzadə çəkilib. Filmdə çəkilmək üçün Almaniya və digər ölkələrdən aktrisalar dəvət ediliblər. Türkiyədən isə “Kurtlar vadisi” serialında çəkilən və digər tanınmış sənətçilər yer alıblar.
Gənc aktrisa Türkiyəyə getdiyi ilk günlər qəribçilik yaşadığını söyləyir: “Məni tanımırdılar, sıfırdan başlayan aktrisa kimi davranırdılar mənimlə. Cılız olduğumdan uşaq kimi baxırdılar mənə. İlk günlər çəkiliş meydançasında belə heç kimi tanımadığıma görə sıxılırdım. İlk başda mənə qarşı münasibət də soyuq idi, adi bir insan kimi davranırdılar. Öz ölkəmdə məşhur olduğum üçün bu mənə pis təsir edirdi... Burada mahnılarımla, kliplərimlə və “Xoca”, “Ağabəyovlar”, “Göyçək Fatimə” seriallarından tanınıram. Azərbaycanda yaşadığım məşhurluqdan sonra, Türkiyədəki münasibətə görə ağlamaq tuturdu məni. Amma qısa müddətdən sonra özümü tanıtdım, özümə qarşı maraq yarada bildim onlarda. İlk səhnəmdə canlı olaraq oxumalıydım, məkan isə akustik cəhətdən əlverişsiz idi. Yəni səs hər yana yayılırdı. Oxudum, səsimi eşidəndəndən sonra hər kəs başladı mənimlə yaxınlıq etməyə. İnstagram, Facebook və s. şəbəkələrdə səhifələrimi soruşdular məndən, izləməyə başladılar və kim olduğumu öyrəndilər. Bundan sonra çəkiliş meydançasında da ulduzluğumu bərpa etdim.”
Mina Türkiyədən gözəl təəssüratlarla qayıtdığını deyir: “Çox gözəl təəssüratlarla gəlmişəm Azərbaycana. Mənim darıxmamağım üçün hər şey edirdilər, amma mən yenə də darıxırdım. Çünki doğmalarım buradadır, Azərbaycan mənim vətənimdir. Özümdən asılı olmur, başqa ölkəyə getdikdə uzun müddət qala bilmirəm. Darıxmamaq üçün özümə heyvan dost tapmışdım. Çəkiliş gününün maraqlı keçməsinə baxmayaraq, elə olurdu ki, 3-5 gün çəkilişim olmurdu. Həmin günlərdə də otelin yaxınlığında bir it varıydı, onunla dostlaşmışdım. Gündüzü onunla keçirirdim, gecələr isə ağlayırdım. Oteldən kənara çıxa bilmirdim, tanımadığım üçün harasa getməyə qorxurdum. Filmdə kadrarxası işləyən insanlar gəzməyi təklif edirdilər, amma onları tanımadığım üçün harasa getməyə qorxurdum. Öz-özlüyümdə düşünürdüm ki, birdən məni aldadarlar”.
Türkiyədə darıxmağına baxmayaraq oranı çox bəyəndiyini etiraf edən Mina, bir daha təklif gələrsə, yenə də fikirləşmədən qəbul edəcəyini deyir: “Darıxmağımı nəzərə almasaq çəkilişlər çox xoşuma gəldi. Türkiyədə çəkilmək tamam başqa aləmdir. 130 nəfərlik komanda ilə işləyirdik. Bizim “Bakıfilm”də də peşəkar insanlar var, amma orada şərait başqadır. Pis olan bir şey var idi ki, yayın istisində qalın qış geyimləri geyindirirdilər bizə. Ürəyim partlasa da, günün altında Allaha yalvara-yalvara dözürdüm. Təsəvvür edirsiz, bədənimdən necə su axırdı?”.
Filmin rejissoru və senaristi Özhan Erendir. Onunla səsinin köməkliyi ilə tez bir zamanda dil tapdığını deyir Mina: “Rejissor aktrisa olduğumu bilirdi, amma daha çox səsimi bəyənmişdi. İlk görüşümüzdə pianino arxasına əyləşib “Ayrılıq” mahnısını ifa etdi və mənə də “oxu” dedi. Oxudum, çox bəyəndi. Rejissorluqla yanaşı bəstəkar kimi də fəaliyyət göstərən Özhan Eren mənə özünün bəstələdiyi “Ayrılıq” adlı mahnısını hədiyyə etdi və klip çəkəcəklərini də söz verdi.”
Aktrisa filmin çəkilişləri ilə bağlı artıq Türkiyə telekanallarına müsahibələr də verib. Məşhur Show TV, Bəyaz TV azərbaycanlı aktrisanın “Son məktub” filmində çəkilməsinə xüsusi qeyd edib.
Azərbaycanlı aktrisa Mina Sovetskinin rol aldığı “Son məktub” filmi 7 aydan sonra efirlərə gedəcək. Çanaqqala döyüşünə həsr edilib. Filmin çəkilişləri Çanaqqala şəhərində bir neçə yerdə, ən çox isə “Dur, yolçu” adlanan şəhidlər xiyabanında aparılıb.
Qaynar.info
Şərhlər