Xəbər lenti

Məşhur İran rejissoru vəfat edib
Sənət 13:25 05.07.2016

Məşhur İran rejissoru vəfat edib

“The Guardian” qəzeti yazır ki, 1997-ci ildə “Gilasın dadı” filminə görə Kann festivalının mükafatını almış və bundan başqa özünün bir sıra filmlərinə görə bir çox beynəlxalq mükafatlar qazanmış İran kino rejissoru Abbas Kiarostami 76 yaşında vəfat edib.

Yarırəsmi İSNA agentliyinin yaydığı xəbərə görə Kiarostami müalicə üçün getdiyi Fransada vəfat edib. “The Guardian” yazır ki, 2016-cı ilin martında rejissora mədə-bağırsaq xərçəıngi diaqnozu qoyulmuşdu və bundan sonra onun üzərində, o cümlədən biri də Parisdə olmaqla bir neçə cərrahiyyə əməliyyatı aparılmışdı.

“The Guardian” qəzetinə Tehrandan danışan mükafatlı kino rejissoru Əsgər Fərhadi deyib ki, o az sonra dostuna baş çəkmək üçün Parisə uçmalı imiş, lakin bu ölüm xəbəri onu tamamilə sarsıdıb. “O təkcə kinorejissor deyildi, – deyib Fərhadi, – O həm kinematoqrafiyada, həm də şəxsi həyatında böyük mistik idi”.

Fərhadi bunu da əlavə edib ki, Kiarostami İran kinorejissorlarının bütöv bir nəsli üçün ustad sayıla bilər. “Buna görə də dünya təkcə böyük bir rejissor yox, həm də böyük bir insan itirib” – deyib Fərhadi.

Həyat adamı

İran kinematoqrafiyasının başqa bir tanınmış siması Mohsen Məxməlbaf deyib ki, İran kinosu qlobal miqyasda tanınmasına görə Kiarostamiyə borclu olmalıdır, lakin bu dünya məşhurluğu, heyif ki, onun öz vətənində, İranda lazımınca qiymətləndirilməyib.

O deyib ki, rejissorun filmləri İranda çox az nümayiş etdirilib, halbuki Kiarostami dünya kinosunun simasını dəyişmiş rejissorlardandır.

“O həyat adamı idi və həyatı mədh edən filmlər yaradırdı. Buna görə də, onun öz ölümü ilə barışmaq bu qədər çətindir” – deyib Məxməlbaf.

“The Guardian” yazır ki, Kiarostami 1940-cı ildə Tehranda anadan olub. Elə burada Tehran Universitetində rəssamlığı öyrənib, bundan sonra qrafika dizayneri kimi çalışıb, İran televiziyası üçün çoxsaylı reklamlar çəkib. 1969-cu ildə Kiarostami Uşaqların və Gənclərin İntellektual Mərkəzinə qoşulub. Kanun adlanan bu təşkilatda Kiarostami kino şöbəsinə rəhbərlik edirdi.

O 2005-ci ildə “The Guardian” qəzetinə verdiyi müsahibədə demişdi ki, məhz Kanundakı işi onun bir sənətkar kimi yetişməsində xüsusi rol oynayıb.

Mən bir ağac kimi idim

“The Guardian” yazır ki, Kiarostamini Kanun təşkilatındakı fəaliyyəti olduqca ziddiyyətli dövrə təsadüf edib. O 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra öz filmlərini yeni senzuranın tələblərinə uyğun şəkildə çəkməyə çaılışıb.

Özünün başqa həmkarlarından fərqli olaraq Kiarostami inqilabdan sonra İrandan qaçmayıb. O özünü torpağa kök atmış ağaca bənzədirdi. Deyirdi ki, ağacı çıxarıb başqa bir yerə əksən əvvəlki kimi bar gətirə bilməz.

“Mən də ağac kimi idim. Vətənimi tərk edə bilməzdim” – deyib rejissor.

Dostunun evi hardadır?

Məhz Kanunda işlədiyi illərdə Kiarostami özünün məşhur Koker trilogiyasını yaradır. Kino tənqidçiləri yazırdılar ki, məhz bu trilogoiya Kiarostamiyə beynəlxalq reputasiya qazandırıb.

Trilogiyaya daxil olan ilk film “Dostunun evi hardadır” adlanır. Bu, dərsliyi dostuna qaytarmaq üçün film boyu onun evini axtaran şagirdin hekayətidir.

Film o qədər səmimi və o qədər inandırıcı alınmışdı ki, Kiarostamiyə onun ilk böyük mükafartını qazandırmışdı. 1987-ci ildə tamamlanmış bu filmə Lokarno Kino Festivalının Bürünc Bəbir mükafatını vermişdilər.

1992-ci ildə çəkilmiş “Həyatdan başqa heç nə” filmində rejissor bədii və sənədli filmin məziyyətlərini birləşdirmişdi.

Əhmədinejad dövrü

1994-cü ildə Kiarostami trilogiyanın sonuncu filmi olan “Zeytunluqlar arasından” filmini başa çatdırmışdı. Lakin bu həmin illər idi ki, Kiarostami ağır senzuraya görə Kanundakı işini itirmişdi. O 1989-cu ildə “Ev tapşırığı” adlı bədii film də çəkmişdi.

Kiarostami həm də başqa həmkarları tərəfindən yazılmış ssenarilərlə filmlər çəkirdi.

Bunlardan ən tanınmışı 1995-ci ildə Cəfər Pənahi tərəfindən çəkilmiş “Ağ şar” filmi idi.

Lakin Kiarostaminin şah əsərlərindən biri olan “Gilasın dadı” adlı filmi o, 1997-ci ildə çəkmişdi. Bu filmdə söhbət bir nəfərin intihar etməkdə ona kömək olacaq birisinin axtarmasından gedirdi. Film Kann festivalında Qızıl Palma yarpağı mükafatına layiq görülmüşdü.

“The Guardian” yazır ki, bütün məşhurluğuna baxmayaraq İran senzurası Kiarostaminin işini, xüsusilə də prezident Mahmud Əhmədinejadın hakimiyyəti illərində çətinləşdirmişdi.

Gecikmiş dəyər

Məhz buna görə onun son iki filmi “Təsdiqlənmiş surət” və “Vurğun birisi kimi” filmləri xaricdə – İtaliya və Yaponiyada çəkilmiışdi.

Bu filmlərin hər ikisi Kann festivalında nümayiş etdirilmiş və aktrisa Juliette Binoche bu filmlərə görə “Ən yaxşı aktyor” mükafatını almışdı.

“The Guardian” yazır ki, ötən həftə Kiarostaminin adı Kino Elmləri Akademiyası tərəfindən dəvət edimiş 683 kinorejissorun siyahısında idi.

“The Guardian” bu lütfkarlığın çox gec təklif olunduğu qənaətindədir. Halbuki 2003-cü ildə “The Guardian” Kiarostamini dünyanın 6 ən yaşı rejissorundan biri adlandırmışdı.

Kiarostami cəmi bir dəfə, 1969-cu ildə Pərvin Əmirquli ilə evlənmişdi. Onlar 1982-ci ildə boşansalar da rejissor bir daha ailə həyatı qurmamışdı.

Onun iki oğlu var. Əhməd multimedia naşiri, Bəhmən isə sənədli film rejissorudur.

Qaynarinfo.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->