Məşhur “Çölçü” klubu rəsmi qeydiyyata alındı (FOTOLAR)

Məşhur “Çölçü” klubu rəsmi qeydiyyata alındı (FOTOLAR)

6 ildir fəaliyyət göstərən məşhur "Çölçü” klubu birlik kimi Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəhbəri, "Qafqaz TV”-nin icraçı direktoru Eltən Törəçi (Qədimbəyli) məlumat verib.

Klub rəhbəri "Çölçü”nün rəsmən Milli Mədəni İrsin İnkişafı İctimai Birliyi adlı quruma çevrildiyini bildirib: 

""Çölçü” birliyi rəsmi qeydiyyatdan keçdi. Bununla da "Çölçü” daha da inkişaf edərək, birlik şəklində əski türk adətləri və gələnəklərini, oxçuluğu daha geniş şəkildə təbliğ və təqdim edəcək, öz ənənəsinə sadiq qalaraq, dəyərli elm, sənət və işgüzar adamları yenidən bir araya gətirəcək.  

Bu işə başlayandan yanımda olan bütün doğmalarıma, dostlarıma, o cümlədən bu işdə önəmli dəstəyi göstərən qiymətli millət vəkilimiz Qənirə Paşayeva xanıma və onun komandasına - Əkbər Qoşalıya çox sağ ol deyirəm.

"Çölçü” klubu artıq rəsmi olaraq, "Çölçü” Birliyinə çevrildi. Yurdumuza, elimizə, törəmizə uğurlu olsun!” 

Xatırladaq ki, "Çölçü” klubu 2015-ci ildə Eltən Törəçi (Qədimbəyli) tərəfindən yaradılıb. Birliyin məqsədi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına, milli, tarixi gələnək və adətlərin qorunub saxlanılmasına dəstək vermək, incəsənət, ekalogiya, turizm sahəsində marifləndirici tədbirlər həyata keçirtməkdir. 

Qurum vaxtaşırı çölçü axınları, dağ-meşə gəzintiləri təşkil edir. Çölçü axınları zamanı axına qoşulan çölçülərə ənənəvi türk oxçuluq təlimləri keçirilir, vəhşi təbiətdə davranma, təhlükəsizlik və həyatda qalma bilikləri ilə yanaşı diksiya, ritm və rəqs kimi yaşamın ən müxtəlif sahələrində faydalı ola biləcək bilik və bacarıqlar öyrədilir. Bundan əlavə axınlarda iştirakçılarda iradə, əzm, hədəfə yetmək üçün maneə və çətinlikləri dəf etmək, məqsədə çatmaq üçün optimal variantlar tapmaq kimi psixoloji hazırlıq bacarıqları da aşılanır.
XƏBƏRLƏR
BLOGLAR
X