Məşqçiliyə başlayan sabiq milli üzvü: “4-5 il şərait yaratsınlar, heç nə etməsək...”

Məşqçiliyə başlayan sabiq milli üzvü: “4-5 il şərait yaratsınlar, heç nə etməsək...”

Azəbaycanın tanınmış futbolçularından olan Vaqif Cavadov məşqçiliyə başlayıb. Millimizin sabiq forvardı artıq bu yolda ilk addımlarını atıb. "Sumqayıt”ın aşağı yaş qruplarında azyaşlılara futbolun sirlərini öyrətməyə başlayan Cavadov eyni zamanda məşqçilik kurslarında da oxuyur. Təbii ki, sabiq  futbolçuya həm yeni işi, həm də ölkədə uşaq futbolunun durumu ilə bağlı veriləcək suallarımız vardı. Onun hədəfləri, məqsədləri nədir? Ölkədə məşqçilik sahəsində vəziyyət hansı həddədir? 

Qaynarinfo-nun bu kimi suallarını cavablandıran Cavadov bəzi maraqlı məsələlərə də toxundu.

- Artıq məşqçilik yolunda addımlar atmağa başlamısınız. İlkin hədəfləriniz nədir?

- İlkin hədəflərim öyrənməkdir. Futbolçu olmağıma baxmyaraq, məşqçilik başqadır və çox böyük məsuliyyətdir. Bəzilərimiz fikirləşirik ki, məşqçi olmaq asandır. Əlbəttə, futbol oynayan üçün asandır. Amma birdən-birə o yükün altına girmək çox çətindir. Hələ ki, çox yaxşı, maraqlı bir işdir. Yeni nəsə öyrənirsən. Öyrənməkdən çəkinməməlisən. Futbolçu karyeranı bir kənara qoyub məşqçiliyə köklənməlisən.

- Karyeranızı bitirdikdən sonra bir qədər fasilə verdiniz. Əvvəlcədən məşqçi olmaq fikriniz vardı, yoxsa sonradan bu qərara gəldiniz?

- Fasilə pandemiya ilə əlaqədar idi. Həm də kurslar dayandırılmışdı. Son iki ildə B kateqoriyası üzrə kurslar keçirildiyini eşitməmişəm. Ona görə də gözləmək məcburiyyətində qaldım. Karyeramı bitirmək ondan irəli gəlirdi ki, yaxşı təkliflər olmadı. Ən azından hansısa klubdan təklif gözləyirdim. Gözləmirdim desəm, yalan danışmış olaram.

- Futbolsuz nə qədər qaldınız?
 
- 6 aydan çox. Əslində futbola indi də qayıda bilərəm. Məndə o güc, istək var. Hazırda fikrim tam başqa yöndədir. Bir əldə iki qarpız tutmazlar...

- Düşündüz ki, artıq futbolçu kimi effektli ola bilməyəcəksiniz...

- Effektli olaram. Amma indi məşqçiliyə köklənməliyəm. Çünki bütün günü çalışırıq. 4 model üzrə məşqlərimiz olur. AFFA-da bizə dərs keçirlər. Mən "Sumqayıt”da, digərləri də başqa klublarda 14-16 yaşlı uşaqları çalışdırır. Bütün diqqətim məşq proseslərindədir. Qınanmaq istəmirsənsə, ya futbolçu karyeranı düşünməlisən, ya da məşqçiliyi. Qərara gəldim ki, məşqçiliyi düşünsəm, daha yaxşı olar.

- Bəzi futbolçular karyeralarını bitirdikdən sonra, özlərinin klublarını yaratmağı və yavaş-yavaş orada məşqçi kimi püxtələşməyi düşünürlər. Sizin də belə fikriniz olubmu heç?

- Xeyr, belə fikrim yox idi. Bəzən kateqoriyası olmayanları tənqid edirik. Ayrıseçkilik olmasın deyə məşqçi kurslarına qatılmalıyıq və özümüzü sübut etməliyik. Futbolçu olduğumuz dönəmlərdə nələrisə öyrəndiyimizi, təcrübəmizi göstərməliyik. Bu formalaşandan sonra biz nəyisə tələb edə, hansısa qapını döyə bilərik. B kateqoriyasını alandan sonra nələr baş verdiyini görəcəyik. Bunun üçün ən əsası oxumaq və təcrübə toplamaqdır. Məşqçi karyerası ilə birlikdə tam başqa həyat başlayır. Bu UEFA-nın qanunudur ki, B kateqoriyası almaq üçün hansısa komandada təcrübə toplamalısan. Bütün məşqlərdə iştirak etməlisən.

- Vaxt vardı, futbolçu kimi məşqçilərin tapşırıqlarını yerinə yetirirdiniz, indi özünüz məşq keçəcəksiniz. Kənardan tapşırıq vermək necə hissdir?
 


- Hər kəs tapşırıq verə bilər. Amma öncə nə istədiyini başa salmalısan, sonra tələb etməlisən. Məşqçi kimi hərənin öz düşüncəsi, futbola baxışı var. Hər şey ondan başlayır ki, əvvəlcə nəyisə öyrənməli, sonra tələb etməlisən. 

- Ən çox bəyəndiyiniz oyun üslubu hansıdır? Məşq keçdiyiniz komandanın təməlini necə qoymağı düşünürsünüz?

- Əslində, 14-16 yaşında uşaqların təməlini qoymamalıyıq. Çünki onlar artıq 10-12 yaşında öyrənirlər. Amma təəssüflər olsun ki, bu uşaqlara 16 yaşında yenidən taktika öyrətməliyik. Oyun görünüşünü, üslubunu, məşqləri dəyişdirməyi öyrətməliyik. Çünki geriləyirik. Beyin məşqləri verməliyik ki, daha çox fikirləşsinlər. Bu gün uşaq futbolunda çox işlər görməliyik. 

- Təkcə uşaq futbolundan söhbət getmir. Ümumiyyətlə, gələcəkdə hansısa komandada çalışanda taktika baxımından nəyə üstünlük vermək istərdiniz?

- 5-2-3 sistemini çox bəyənirəm. Həm müdafiədən arxayınsan ki, 3 nəfər daim arxada qalır. Həm də hücuma ən azı 7 nəfər qoşulur. Belədə hücumçular da çox yorulmur. Çünki əsas yük mərkəzə və cinahlardakı oyunçuların üzərinə düşür. Onlar beşli sistemdə həm də yarımmüdafiəçi rolunu oynayır. Əlbəttə, bu, ilk baxışlardır. Oyuna əsasən dəyişikliklər ola bilər. Sən 4-4-2 və ya uduzduğun zaman 4-5-1 sxemində də oynaya bilərsən. Gedişatın tələblərinə əsasən taktika quracaqsan. Ancaq mənim üçün ən ideal variant 5-2-3 sistemidir. Bu taktikadan Antonio Konte ən yaxşı vaxtlarında "Yuventus”da, "İnter”də istifadə edib. Ən çox bəyəndiyim sistemdir. Bəziləri oxuyandan sonra deməsin ki, "hücumçu olmusan, amma müdafiə taktikasına üstünlük verirsən” (gülür). Bu, yanlış düşüncədir. 5-2-3 müdafiə sistemi deyil. Futbolu bilən insanlar bunu yaxşı anlayır. Sənin sol cinahında Marselo kimi hücumameyilli müdafiəçi varsa, həm hücuma qoşulacaq, həm də geri qayıdacaq. Hansı ki, hücumçu o qədər geriyə qayıtmayacaq və dincəlməyə imkanı olacaq. Çünki müdafiədə artıq qapıçı ilə birlikdə 7-8 oyunçu yer alacaq. Komanda hücuma atılanda da eyni sayda futbolçu irəlidə olacaq. Müasir futbolda komandalar cinahlardan hücum üzərində işləyir. Portuqaliya Bakıda oynayanda bunu gördük. Onların cinahlardakı futbolçuları ancaq irəlidə idilər. Yarımmüdafiəçi kimi çıxış edirdilər. 
 
- Məşqçi kimi kumiriniz varmı?

- Kumir deməzdim, amma top-məşqçilərdən yararlanmalıyıq. Mənim üçün ideal məşqçilər Antonio Konte, Qvardiola, Yurgen Klopp və Tomas Tuxeldir. Bir də "Bavariya”nın baş məşqçisi. Onlardan ayrı-ayrılıqda nəsə götürmək çox önəmlidir. Məsələn, Konte ilə Dieqo Simyone aqressiv, bir qədər də emosionaldır. Həmişə oyuna köklənirlər. Zidanı da deyə bilərəm. Amma o, bir qədər sakit adamdır. Mənə görə Konte, Qvardiola, Simyone, Mourinyo, Klopp daha çox iddialıdır.

- Azərbaycanda isə yəqin ki, Qurban Qurbanovu nümunə götürərdiniz...

- Əlbəttə, Qurbandı, Samir Abasovdu... Samirin futbolçularla danışığı hərdənbir sərt ola bilər. Amma məncə, meydandan kənarda o tam başqadır. Bunu futbolçular anlamalıdır. Ola bilər ki, kimlərsə başa düşmür deyə baş məşqçini bəyənməyə bilərlər. Sadəcə, öyrəşmək lazımdır. Öyrəşməyənlərə çox ağır gələ bilər.

- Aşağı-yuxarı Azərbaycanda bütün məşqçilər komandalarını, demək olar, eyni üslubda oynadır. Bəs Rusiyada məktəb keçmiş, Niderlandda oynamış Vaqif bu mənada futbolumuza hansı yeniliklər gətirə bilər?
 


- Karyeram, davranışım, işlədiyim məşqçilərlə yanaşı, belə pis çıxmasın, futbolçu kimi də seçilənlərdən olmuşam. Eyni futbolu oynamamışam. Kreativ futbolçu olmuşam. Yəqin ki, məşqçi kimi də bu xüsusiyyətimlə fərqlənərəm. Çünki hər futbolçuda kreativlik yoxdur. Nəsə qazanmışamsa, deməli, kimdənsə bir qədər artıq olmuşam. Məşqçilik də eynidir. Hansısa səviyyəni, davranışları, müəyyən nüansları görmüşəm. Mənim üçün əsas olan futbolçu-məşqçi ünsiyyətidir.
 
- Azərbaycanda məşhur taktiki gediş var. Kornerdən gələn topu üç nəfər buraxır, dördüncü vururdu. Demək olar, millinin bütün məşqçiləri bundan istifadə edib, yalnız De Byazidən başqa. Siz də buna bənzər və ya hansısa fərqli yenilik təklif etməyi düşünürsüzmü?
 
- Mənim üçün belə yenilik təklif etmək hələ tezdir. Amma Qurban Qurbanov "Barselona” kimi künc zərbələri zamanı uzun ötürmələrdən yararlanmır. Başlanğıcı necə etmək lazımdır, bunu hamı görür. İstənilən komandanın ev tapşırığı olmalıdır. Bunu hazırlamaq və ideal vəziyyətə gətirib çıxarmaq lazımdır. "Qarabağ”da yaxşı alınırdı. Ancaq sonradan qarşısını alırdılar. Belədə artıq künc zərbələrini fərqli şəkildə yerinə yetirirlər. Effekti olsa da, hər dəfə eyni şeyi edəndə rəqib bunu öyrənir və qarşısını alır. Məsələn, De Byazi bilirdi ki, İrlandiya hava toplarında mükəmməldir. Belə olan halda sən niyə künc zərbələrinin hamısında topu havaya qaldırırsan? Bizdə başla oynayan futbolçular elə də güclü deyil. Futbolda neçə illər boyu minlərlə korner başlanğıcı olub. Onlardan birindən istifadə etməli idi. Biz niyə Türkiyə ilə oyunda həmin qolu vurduq? Çünki çalışmışdıq, hər şeyi lazımi şəkildə etdik və Rəşad Sadıqov tək qaldı, ayağını topa düzgün qoydu. Nə etmək lazım olduğunu bilirdik. Mən künc zərbəsindən sonra Noyerə (Almaniya millisinin qapıçısı – red.) qol vurmuşdum. Bunun üzərində də əvvəlcədən çalışmışdıq. Ruslan Abışov BƏƏ-də Çexiya ilə yoldaşlıq görüşündə oxşar qol vurmuşdu. Çünki biz çalışırıdıq. Halbuki De Byazidə bunları görmədim.

- Bəs siz gələcəkdə bu kimi yeniliklər etməyi düşünürsünzmü?

- Məndən əvvəl, neçə illər oynamış, məşqçilik etmiş insanlar var. Lobanovskinin kitabı var. Ümumiyyətlə, Lobanovski kitab deyil, bir struktur yazıb. Uşaq fubolundan tutmuş böyük futboluna qədər nə etmək lazımdır, hamısını göstərib. Bizdə də bir məşqçi bunu yazmalıdır. Ancaq bu, hazırda Vaqif Cavadov deyil. Çünki mən məşqçiliyə hələ yeni gəlirəm. Hansısa məşq proseslərinə yenilik gətirmək mənim üçün bir qədər tezdir. Əlbəttə, nəsə yenilik gətirə bilərik. Amma keçmiş məşqlərə baxmaq, hansısnın yaxşı və ya pis olduğunu ayırmaq lazımdır. Bu günün tələblərini yerinə yetirməliyik. 21-ci əsrdəyiksə, bilməliyik ki, indi nələrə üstünlük verilir və futbolçular necə irəliləyir. Artıq görürük ki, irəliləyiş tam başqa istiqamətdədir. Məsələn, boş-boşuna qaçmaq söhbəti yoxdur. Çünki futbolu topla oynayırlar. Bu günə qədər topsuz fiziki məşqlər keçirilirdi. Mən fiziki məşqləri topla keçirəcəyəm. Amma hansı məşqi keçəcəyimlə bağlı sonra düşünəcəyəm.

- Düzdür, indi texnologiya inkişaf edib. Hamı nə edəcəyini internet vasitəsilə öyrənə bilir. Buna baxmayaraq, kitab oxumağa vaxtınız olurmu?

- Kitab oxuyuram. Amma təkcə kitab oxumaqla iş bitmir. Jurnal və kitab oxumaq arasında böyük fərq var. Futbolçu üçün hər fəndən "5” qiymət almaq vacib deyil. Amma ən azı məktəbə getməlisən, dərslərə qulaq asmalı, nələrsə götürməlisən. Futbolçuya meydançada fikirləşməsi üçün ağıl lazımdır. Əfsuslar olsun ki, çoxları şablon oynayır. Əvvəlki illərdən fərqli, indi Azərbaycanda kreativ futbolçu yoxdur. Çempionatda Mahir Emreli vardı, hansı ki, bir neçə futbolçunu aldadıb nəsə yarada bilərdi. Kimsə sırf baş məşqçinin dediyini edirsə, o, heç vaxt yaxşı futbolçu olmayacaq. Əlbəttə, baş məşqçinin dediyini etməlisən, amma bununla yanaşı, öz bildiyini də həyata keçirməyə çalışmalısan. Belə olmasa, onda elə robot götürüb oynatsınlar.

- Belə çıxır, Azərbaycanda futbolçulara yaradıcı oynamağa imkan vermirlər?
 


- İmkan verirlər, sadəcə, futbolçularda o xüsusiyyət yoxdur. Düşünürlər ki, məşqçi dediyi kimi oynayım, vəssalam. Bunu edəcəksən 1 və ya 2 il. Sonra baş məşqçi görəcək ki, hansısa legioner, yaxud gənc futbolçu gəldi və onun dediyindən daha artığını etməyə başladı. Belədə təbii ki, ona üstünlük verəcək.

- Ümumiyyətlə, Azərbaycanda yaradıcı, məsələn, Messi kimi 4-5 nəfəri aldadıb keçə bilən futbolçuların yetişməməsi nə ilə əlaqədardır?

- Uşaq futbolunun içində oluram. Çox məşqçilər qışqırır ki, "topu itirmə”, "getmə”, "arxaya ver”. 15-16 yaşında uşaqlara mərkəz xətti keçəndən sonra artıq sərbəstlik vermək lazımdır. Topu itirdisə eybi yoxdur. Uşaqlara qorxmamağı, irəli getək lazım olduğunu öyrətmək lazımdır. Bizdə isə əksər məşqçilər nəticəyə oynayır. Uşaqlardan tələb edirlər ki, mərkəzdə topu itirməsinlər və ya kimisə aldatmasınlar. Bu futboldur, oyunçudan "getmə”, "rəqibi aldatma” kimi tələblər etmək lazım deyil. Düzdür, bu yaşda nəticə lazımdır, amma 20 faiz. 16 yaşından sonra isə uşaqlar artıq daha intizamlı futbola öyrədilməlidir. Avropada 16-17 yaşlı uşaqlar artıq milli səviyyəsində, ən azı öz klublarında əsas heyətdə oynayırlar.

- Azərbaycanda məşqçi qıtlığı, kadr problemi var?

- Uşaq futbolunda bu baxımdan böyük problemlər var. Kim bizdəki uşaq futboluna bir qədər diqqətlə baxsa, hansı problemlərin olduğunu görəcək. Nəinki maddi baxımdan, infrastruktur olaraq Türkiyədən, Rusiyadan geridəyik. Uşaq futbolunda bir təlim-məşq üçün ən azı iki meydança lazımdır. Amma bizdə bütöv bir akademiya eyni meydançada məşq edir. 10 yaş qrupu varsa, onların hamısını eyni günə salmaq çox çətindir. "Şerif”in təlim-məşq bazasını görmüşəm. Təkcə əsas komandanın 7 meydançası var. Biri süni, qalan 6-sı təbii ot örtüyündən ibarətdir. İnternet vasitəsilə də baxa bilərsiniz, ideal qazona sahibdirlər. Üstəlik bundan əlavə bir üstübağlı, bir də kiçik oyun stadionu mövcuddur. Bu infrastruktur klublarımızda yaradılarsa, inandırım sizi, Çempionlar Liqasının qrup mərhələsi bizim üçün əlçatan olar. Heç bir komanda harada məşq edəcəyi ilə bağlı narahatlıq keçirməz. Futbolun inkişafını istəyiriksə, qarşıdakı illərdə bunu etmək vacibdir.

- Hazırda bir çox karyerasını bitirmiş tanınmış futboçularımız və ya məşqçilər var ki, işsizdirlər. Bu mənada müəyyən müddətdən sonra siz də işsiz qala biləcəyinizlə bağlı narahatlıq keçirirsiniz?

- Ən azı onlara şans verilib və 5-10 il işləyiblər. Yeni nəslə 10 demirəm, 4-5 il şərait yaratsınlar. Bu müddətdə heç nə etməsək, o zaman nəsə danışmaq olar. İnanıram ki, şans verəcəklər. Artıq nələrisə dəyişməyin vaxtıdır. Verilən şansı dəyərləndirməsək, nəyəsə ümid edə bilmərik.

- Sonda sabiq komandanız "Qarabağ”ın oyunları, qrupu, rəqibləri ilə bağlı fikirlərini bildirmənizi istərdik. Komandanın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?

- "Qarabağ”a uğurlar arzulayıram. Çox yaxşı şansları var. Arzumuz odur ki, bu gün qalib gələk (müsahibə "Qarabağ” – "Kayrat” matçından öncə götürülüb - red.). "Qarabağ” öz oyununu göstərsə, inanıram ki, çox yaxşı nəticə qazanacaq. Bizi hər zaman sevindiriblər. Bu gün də azarkeşlərin üzlərini güldürəcəklərinə inanıram. Baxmayaraq ki, millimiz son vaxtlar bunu bacarmır. İnşallah, "Qarabağ” qələbə qazanar. Nəticəyə aldanmamaq lazımdır, amma komanda qrupdakı heç bir rəqibindən zəif deyil. Ən azı onu deməyə əsasımız var ki, komanda oyun göstərir, azarkeşlər həzz alırlar. Öncə bugünkü oyunda qələbə qazanmaq lazımdır, qalanını zaman göstərəcək.

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X